"Qaraçılar məhəlləsi”ndəki hadisəyə görə 21 nəfər saxlanılıb

"Qaraçılar məhəlləsi”ndəki hadisəyə görə 21 nəfər saxlanılıb Yevlaxda “Qaraçılar məhəlləsi” kimi tanınan ərazidə polislə sakinlər arasında yaşanmış insidentə görə cinayət işi açılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.

O bildirib ki, rayonda bir nəfər cinayət məsuliyyətinə cəlb olunub, onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat veriləcək.

Bundan başqa, daha 20 nəfər saxlanılıb, onların məsuliyyətinin müəyyən olunması istiqamətində araşdırmalar davam etdirilir.

Xatırladaq ki, xüsusi karantin rejiminin sərtləşdirildiyi və giriş-çıxışa məhdudiyyət qoyulduğu Yevlaxda koronavirusa 80 yoluxma halı qeydə alınıb, onlardan 53-ü həmin “Qaraçılar məhəlləsi” adlanan küçənin sakinidir. Ona görə də həmin məhəllə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarətdə saxlanılır. Bir müddət əvvəl həmin məhəllədə yaşayan bir qrup sakin karantin rejiminin tətbiqini pozaraq etiraz aksiyası keçirməyə cəhd göstərib, polis əməkdaşı Vasif Fəttayeva daşla xəsarət yetirib.
Geri qayıt