"Sədərək" yandı, yoxsa YANDIRILDI? - GƏLİŞMƏ

"Sədərək" yandı, yoxsa YANDIRILDI? - GƏLİŞMƏ Fevralın 18-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzində yanğın baş verdi. Fövqəladə Hallar Nazirliyinin rəsmi açıqlamasında bildirilib ki, “112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən ”Sədərək" Ticarət Mərkəzində yanğın olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri və Aviasiya Dəstəsinin 2 helikopteri hadisə yerinə cəlb olunub:

“İlkin məlumata əsasən, yanğın ayaqqabı satışı mağazalarında baş verib. Yanğın 600-700 kvadratmetr sahəni əhatə edib. Yanğın saat 08:57-də məhdudlaşdırılıb, saat 09:05-də söndürülüb”.

Baş verən yanğında 20 mağazaya ziyan dəyib. Axar.az saytına açıqlamasında ticarət mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim deyib ki, yanğın 1000 kvadrat metri əhatə edib: “Yanğın səhər saatlarında başlayıb. Həmin sırada ayaqqabı və paltarlar satılırdı. Yanğın hazırda söndürülüb və səbəbi araşdırılır. İlkin ehtimala görə, hadisə elektrikdə qısaqapanma səbəbindən baş verib”.

K.Qədim onu da bildirib ki, zərərçəkən sahibkarlara ticarət mərkəzinin rəhbərliyi tərəfindən yardım göstəriləcək: “Yanan mağazaların bəzisinin sığortası da var. Rəhbərlik zərərçəkən sahibkarları yeni anbarlarla və mağazalarla təmin edəcək. Yanan mağazalar isə bərpa ediləcək. Sahibkarlara imkan daxilində köməklik də göstəriləcək”.

Hadisə şahidlərinin sözlərinə görə, ticarət mərkəzinin birinci cərgəsindəki mağazaların birinin tavanında başlayan yanğın qısa müddətdə qonşu mağazalara keçib.

Rəsmi məlumatlara görə, yanğınla əlaqədar qərargah yaradılıb. Sığorta şirkəti hadisə yerinə gəlib və sığortası olan mağazalarda dəymiş ziyanın müəyyənləşdirilməsi üçün işlərə başlayıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) şöbə rəisi Elnur Babayev modern.az saytına açıqlamasında bildirib ki, baş verən yanğının genişlənməsinə səbəb mağazalar arasında arakəsmələrin olmamasıdır:

“İri obyektlərdə avtomatik siqnalizasiya sistemi quraşdırılmalıdır. ”Sədərək" Ticarət Mərkəzinə xəbərdarlıq olunub. 2019-cu il ərzində bir neçə məktubumuz göndərilib. Hətta ticarət mərkəzində Dövlət Yanğından Mühafizə Xidmətinin Dövlət Yanğın Nəzarəti Xidmətilə birgə şərti yanğın təlimi də keçirilib. Mövcud nöqsanlar barədə aktlar tərtib olunaraq, yenidən rəsmi məktubla obyektin rəhbərliyinə müraciət edilib. Amma görünən odur ki, mövcud yanğınla bağlı dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, müsbətə doğru dəyişiklik qeydə alınmayıb. Eləcə də belə iri ticarət mərkəzlərində vacib və normativ sənədlərin tələbi olan odur ki, tikinti zamanı bina yanğına qarşı sədlərə bölünməlidir. Mağazalar bir-birindən arakəsmə sədlərlə, divarlarla ayrılmalıdır. Təəssüf ki, mağazaların böyük əksəriyyətinin divarları bitişikdir. Bu da yanğının tez bir zamanda yayılmasına təkan verir. Vacib olanı mağazalar yanğına qarşı arakəsmə divarla ayrılmalıdır ki, digər hissəyə keçməsin"...

Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb ki, “Sədərək” Ticarət Mərkəzində baş verən yanğın zamanı polis əməkdaşları da yanğınsöndürənlərlə birgə alovun qarşısının alınmasında iştirak ediblər. Bildirilib ki, hadisə zamanı polis əməkdaşları sahibkarların əmlakının təhlükəsiz yerə çıxarılmasında və mühafizə olunmasında kömək edib.

Son zamanlar Azərbaycanda ticarət mərkəzlərində bu kimi yanğınlar tez-tez baş verir. Sonuncu dəfə ən böyük yanğın “EuroHome” tikinti materialları bazarında baş vermişdi. Hadisə nəticəsində demək olar ki, bazardakı bütün mağazalar yanaraq külə çevrilmişdi. Bu yanğından öncə isə “Diqlas” Ticarət Mərkəzi kül oldu. “Diqlas”ın ümumi sahəsi 17 559 kvadratmetr idi. Yanğın zamanı sahibkarlara xeyli ziyan dəydi. Lakin zərərin bir qismi dövlət tərəfindən ödənildi. Belə ki, ölkə prezidentinin sərəncamı ilə dövlət tərəfindən ayrılan maddi yardımdan mağaza, anbar icarəyə götürmüş zərər çəkmiş sahibkara - 10000 manat, piştaxta və digər sahə icarəyə götürmüş zərər çəkmiş sahibkara 2000 manat ödənildi. “Diqlas”dan öncə Qara Qarayev prospektində yerləşən “X-lady” və “Ağ çiçəyim” mağazalarında da ayrı-ayrı günlərdə yanğın baş verdi. Hər iki mağazadakı yanğının baş vermə səbəbi kimi qısa qapanma göstərildi.

Hazırda Azərbaycanda aktiv siyasi dönəm yaşanır. Həm islahat layihələri həyata keçirilir, həm də növbədənkənar parlament seçkiləri ətrafında müzakirələr aparılır, narazı namizədlər etiraz aksiyaları keçirirlər.

Ekspertlər tərəfindən bütün bunlar ölkədə demokratiyanın göstəricisi kimi təqdim edilir. Belə olan təqdirdə ölkə daxilində və yaxud da xaricində olan hər hansı bir qüvvələrin bu kimi yanğınlarda əli ola bilərmi?

Durumu təhlil edən politoloq Qabil Hüseynli “Yeni Müsavat”a açıqlamasında bu kimi yanğınlarda qəsdin olduğunu istisna etməyib. Politoloq hesab edir ki, hadisələr ölkədə aparılan siyasi hadisələrlə əlaqəli olmasa da, müəyyən qüvvələrin işinin nəticəsi kimi baş verə bilər:

“Ticarət obyektlərinin hamısında, xüsusilə də məşhur olan, çeşidli mallar satan ticarət mərkəzlərində baş verən yanğınlarda qəsd xarakterli hərəkətlər var. Çünki həmin yanğınlara diqqət etsək görərik ki, bunların hamısı geniş miqyasda baş verir. Eyni zamanda onun söndürülməsi işi də çox ləng aparılır. Məsələn, Sumqayıt yolu üzərində yanğın baş verdi. Ancaq sonradan məlum oldu ki, yanğına səbəb qısa qapanma deyil. Bunların hamısı qəsd xarakterli hadisələrdir. Ona görə də belə demək mümkündür ki, ”Sədərək" Ticarət Mərkəzində baş verən yanğın da qəsd xarakterli hadisədir. Tez-tez yanğınları görürük. Ancaq hesab edirəm ki, bunun ölkədə yeridilən siyasətlə heç bir əlaqəsi yoxdur. Bu, sadəcə olaraq, ticarətin öz daxilində müxtəlif rəqabət aparan qüvvələr arasında meydana gələn hadisələrdən qaynaqlana bilər", - deyə politoloq bildirib.

Azərbaycanda qış aylarında təkcə ticarət mərkəzləri deyil, eyni zamanda kiçik obytektlərdə, evlərdə də yanğınlar baş verir. Ekspertlər bu kimi hadisələri qəsdlə deyil, ehtiyatsızlıqla əlaqələndirirlər.

“Yeni Müsavat”a açıqlamasında ekspert Nüsrət Qasımov bildirib ki, bəzi insanlar qaz və elektriklə necə davranmağı hələ də bilmirlər:

“Əsas problem odur ki, naqilləri düz seçə bilmirik. İlk növbədə elektrikin yükü müəyyən olunmalıdır ki, içəridə neçə voltluq cihazlar qurulacaq. Onların hamısını nəzərə alıb, artıqlaması ilə naqillər seçilməlidir. Bütün bu proseslərdən sonra işıq xəttinə qoşulan zaman dövlət komissiyası onu qəbul etməlidir. İş prosesində həmin naqillərin yükgötürmə qabiliyyətinə uyğun olan cihazlardan istifadə edilməlidir. Əgər yükdən artıq quraşdırma olarsa, kabellər gücə düşür və qısa qapanma əmələ gəlir, yanğın olur. Obyekt tikilən zaman hər bir tikilinin qarşısında, insanların kütləvi yığışdıqları yerlərdə yanğın qolları qoyulmalı, anbarlar yaradılmalıdır. Əks halda, yanğınsöndürənlər gedib, iki saat su axtarırlar. Onlar gələnə qədər də obyekt külə dönür. Həmçinin obyektin içərisində plakatlar asılıb, maarifləndirmə işləri aparılmalıdır. Yanğın şitlərinin yanında bütün lazımi avadanlıqlar yerləşdirilməlidir. Bundan da əlavə obyektdə siqnalizasiya quraşdırılmalıdır. Tüstü olan zaman bu qurğular işə düşür və hətta adi insanlar da yanğın genişlənməmiş, qarşısını alırlar. Azərbaycanda əksər obyektlərdə sadaladıqlarıma əməl edilmir”.

Sonda onu da qeyd edək ki, konkret olaraq “Sədərək” Ticarət Mərkəzi təhlükəsizlik qaydalarına riayət olunan AVM-lərdən hesab olunur. Burada indiyədək lokal yanğınlar əsasən ehtiyatsızlıqdan baş verib. Bundan öncə baş verən bu kimi yanğınlar zamanı ticarət mərkəzinin rəhbərliyi tərəfindən zərər görmüş sahibkarlara güzəştlər edilib, kompensasiya ödənilib.
“Yeni Müsavat”
Geri qayıt