Masallıda molla həbs edildi

Masallıda molla həbs edildi Masallı şəhər sakini Sərdar Babayev qanunsuz dini fəaliyyət göstərdiyinə görə həbs olunub

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

O bildirib ki, S.Babayev Masallıda pasport qeydiyyatında olsa da, əsasən Bakı şəhərində yaşayıb, lakin mütəmadi olaraq bütün bölgələrdə, o cümlədən Masallı şəhərində, qanunsuz dini fəaliyyətlə məşğul olub.

S.Heydərovun sözlərinə görə, S.Babayev barəsində Cinayət Məcəlləsinin 168-1.3.1 maddəsi ilə Masallı rayon prokurorluğunda cinayət işi başlanılıb və rayon məhkəməsinin 22 fevral 2017-ci il tarixli hökmü ilə 3 ay həbs qətimkan tədbiri seçilib:

“Cinayət Məcəlləsində nəzərdə tutulur ki, xaricdə təhsil alan şəxslər dini təbliğat, dini ayin və mərasimlərin aparılmasına rəhbərlik edə bilməzlər. Sərdar Babayev barəsində aparılan araşdırma nəticəsində məlum olub ki, o 1991-ci ildə İranın Qum şəhərində Beynəlxalq Əlmustafa Universitetinin İlahiyyat fakultəsində təhsil alıb”.

Komitə sədrinin müavini bildirib ki, S.Babayev Masallı “Cümə” məscidində dəfələrlə qanunun tələblərini pozaraq dini ayinlər icra edib:

“Bu barədə ona dəfələrlə xəbərdalıq edilməsinə baxmayaraq qanunsuz fəaliyyətini davam etdirib”.
Geri qayıt