Sərhəddə 6 kiloqram narkotika tutuldu

Sərhəddə 6 kiloqram narkotika tutuldu Dövlət Gömrük Komitəsi Gömrük Hüquqpozmalarına Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitənin gətirilməsi barədə əməliyyat məlumatı daxil olub.

Bu məlumata əsasən, külli miqdarda narkotik vasitənin nəzarət qaydasında alınaraq dövriyyədən çıxarılması və cinayət əməllərində əlbir olan şəxslərin müəyyən edilərək saxlanılması məqsədilə gömrük əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib.

Nəticədə, Azərbaycan vətəndaşı Zəka Zəkara oğlu Əliyev adları hələlik istintaqa məlum olmayan İran vətəndaşları tərəfindən İrandan Azərbaycana gömrük sərhədindən gömrük nəzarətindən kənar yolla gətirilən 6 kiloqram 20 qram çəkidə həşiş qətranını Bakı şəhərinin Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində şərti alıcıya satmaq istəyərkən saxlanılıb.

Beləliklə, Zəka Zəkara oğlu Əliyev şübhəli şəxs qismində tutulub, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilib və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Geri qayıt