SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » 17 yaşlı gənc atasını gülə-gülə öldürdü: “İcazə verin, atama birini də vurum”

17 yaşlı gənc atasını gülə-gülə öldürdü: “İcazə verin, atama birini də vurum”

Tarix:

12-04-2017, 11:38

/ 61 943 dəfə oxundu.
17 yaşlı gənc atasını gülə-gülə öldürdü: “İcazə verin, atama birini də vurum”

Atasını öldürməkdə təqsirləndirilən 17 yaşlı gəncin məhkəməsi olub. Cinayəti törədən 1999-cu il təvəllüdlü Kənan Qasımovun hadisə zamanı anlaqsız vəziyyətdə olduğu bildirilir.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamila Nəsrullayevanın sədrliyi ilə atası Qulu Qasımovu öldürməkdə təqsirləndirilən K.Qasımovun cinayət işi üzrə məhkəmə prosesində şahidlər və təqsirləndirilən şəxsin özü ifadə verib.
Əvvəlcə məhkəmə dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən Kənan Qasımovun atasını anlaqsız vəziyyətdə öldürməsi ilə bağlı ekspertizanın rəyini elan edib.
Bu qərara mübasibət bildirən Kənan Qasımov özünü təqsirli bilib və əməlindən peşman olduğunu söyləyib. Prosesin davamında şahidlər dindirilib.
İlk şahid Kənan Qasımovun qonşusu Asif İmanov olub. Şahid deyib ki, Qasımovlar ailəsi ilə uzun müddətdir ki, qonşuluq ediblər. A.İmanov həmçinin hadisədən ilk xəbər tutan şəxsdir. O, qonşularındakı səs-küyə həyətə çıxıb və Kənanın atasını vurduğunu öyrənib.
“Gülə-gülə dedi ki, icazə ver, atama birini də vurum”
Asif İmanov hadisədən əvvəl və sonra bildiklərini belə danışıb:
“Kənan çox ağıllı uşaq idi. Hamıya salam verər, böyük-kiçik yeri bilən uşaq idi. Daha sonra xəbər tutdum ki, hərbi liseyə qəbul olub. Bildiyim qədər 1 ilə yaxın orada oxudu. Sonra Qulu dedi ki, “Kənan hərbi liseydən çıxarılıb”. Səbəbini soruşanda dedi ki, Kənan normal adamlara qoşulmayıb. Qulu oğlunun müxtəlif dini cərayanlara qoşulduğunu, dərsə getmədiyini demişdi. Ailə daxilində olan məsələlərdən xəbərim yox idi. Hadisə günü çöldən səs gəldi. Çıxıb gördüm ki, Qulu yerdə oturub fəryad edir. Qan içində idi. Oğlum da yanımda idi. Təcili yardım çağırdıq. Qulu deyirdi ki, “qoymayın, Kənan məni öldürəcək, kömək edin”. Mən Qulunun başının üstündə duranda gördüm Kənan əlində bıçaqla gəlir. Gülə-gülə üstümüzə gəlirdi. Mənə dedi ki, “Asif dayı, icazə ver, atama birini də vurum”. Əlindən tutub bıçağı aldım. Təcili yardımla Qulunu xəstəxanaya göndərəndən sonra Kənanın dayısına zəng elədim. Gəlib Kənanı apardı. Polis və prokurorluq əməkdaşları gəldilər. Onlara da bildiklərimi dedim, Kənanın əlindən aldığım bıçağı onlara verdim. Dayısı Kənanı gətirdi, polislər apardı”.
Kənan ürəyindən vurduğu atasını özü xələyə qoyub
Məhkəmədə qonşu Asif İmanovun oğlu Həsən İmanlı da ifadə verib. O, da atası kimi eyni məzmunlu ifadə verərək bildiklərini danışıb.
Həsən İmanlını danışdıqları arasında diqqət çəkən bir məqam olub. Şahid deyib ki, Kənan Qasımov atasını vurduqdan sonra hadisə yerində olub. Hətta atasının təcili yardım maşınına mindirilməsinə kömək də edib: “Təcili yardım gələndə atasını xərəyə qoyulmasına kömək də elədi. Atasını niyə vurduğunu demədi. Dayısını da atam çağırdı. Təcili yardım gedəndən sonra Kənanı apardı”.
Cinayətdən sonra Kənanı hadisə yerindən aparan dayısı Elşad Sarıyev də şahid qismində məhkəmədə ifadə verib.
“Atası onu incidirdi, döyürdü”
O ifadəsində qeyd edib, Kənan təbitcə çox sakit uşaq olub. Dayısı Kənanın atası tərəfindən incidildiyini, döyüldüyünü deyib:
“Sakit uşaq idi. Bilirdim ki, atası onu incidir. Deyirdi ki, “get işlə, pul qazan”. Kənanın da 16 yaşı var idi. Kənanı hərbi liseydən atası çıxartdı. Amma Kənan özü də çıxmaq istəyirdi. Dini məclislərə gedirdi. Ən çox Binə məscidində olurdu. Əsəbiləşən uşaq idi, amma bunu öz içində yaşayırdı.
Hadisə günü rayondan Bakıya gəlirdim. Qonşuları zəng elədi ki, “Kənan atasını vurub”. Evlərinə getdim. Mən də özümdə deyildim, Kənanı götürəndə heç soruşa bilmədim ki, atanı niyə vurmusan”.
Kənan Qasımov özünü təqsirli bildiyi üçün şahidlərdən sonra ifadə verib. O, cinayəti atası ilə münasibətlərinin pozulması, ailələrindəki problemlər nəticəsində törətdiyini etiraf edib.
“Namazlarımı gizli şəkildə qılırdım”
Əməlindən peşiman olduğunu və özünü günahkar hesab etdiyini deyən K.Qasımov sərbəst ifadəsində bunları söyləyib: “Hərbi liseydən öz istəyimlə çıxmışam. Oranım rejiminə dözə bilmirdim. İbadətlə məşğul idim. Liseydə isə bunun üçün şərait yoxuydu. Namazlarımı gizli şəkildə qılırdım. Namaz qılmağı tanışımdan öyrənmişdim. Hərbi liseydən çıxıb universitetdə oxumaq istəyirdim. Amma atam hərbi liseydən çıxmağıma çox əsəbiləşirdi. Deyirdi ki, “oranı oxumalıydın”. Həmişə kiçik məsələlərə görə aramızda mübahisə düşürdü. Məni döyürdü".

Dövlət ittihamçısının suallarını cavablandıran Kənan Qasımov atasını hansı şəraitdə öldürməsindən danışıb. O deyib ki, atasını uzanan yerdə vurub: “Bir neçə dəfə mübahisə edəndə atamı öldürməklə hədələmişdim. Ona görə evdə bıçaqları gizlədirdilər. Hadisədən bir gün qabaq anamla mübahisəmiz olmuşdu. Atam üstümə acıqlanmışdı. Evə girib şkafdan bıçağı götürdüm. Atam üzü üstündə uzanmışdı. Bir dəfə çağırdım, dönüb baxanda vurdum. Atamı öldürməyimə peşimanam. Həbsdə olduğum müddətdə o gözümün qabağına gəlir. Hər gün həbsxanada atamın həm yaxşı, həm də pis hərəkətləri yadıma düşür. Gərək belə olmazdı. Atanı öldürmək düzgün deyil”.
Kənan atasını niyə “şeytan” adlandırıb?
Hakim elan edib ki, Kənan Qasımov istintaqa fərqli ifadə verib. Məlum olub ki, K.Qasımov istintaqa deyib ki, anası ilə tez-tez mübahisə ediblər. Bunun səbəbi isə anasının başqası ilə danışması olub. Kənan Qasımov hakimə cavabında belə bir şeyin olmadığını, ifadə verən zaman anlaqsız vəziyyətdə olduğunu, nə söylədiyini bilmədiyini deyib.
Prokuror isə Kənan Qasımova sual verərək atasını niyə “şeytan” adlandırdığını soruşub: “Kənan, istintaqda atanı şeytan adlandırmısan. Buna səbəb nə idi? Atan sənə neyləmişdi. Hətta Qulu Qasımovun sənin atan olmadığını da deyirmişsən”.
K.Qasımov bu suallara cavab verə bilməyib.
Növbəti məhkəmə prosesi aprelin 18-nə təyin edilib. Həmin prosesdə Kənan Qasımovun anası Xatirə Qasımovanı dindiriləcək.
Atasını vuranda əlini öz ürəyinə qoyub
Bildirək ki, hadisə ötən ilin oktyabr ayında Xəzər rayonunun Binə qəsəbəsi, "Südçülük sovxozu" adlanan yaşayış məntəqəsində baş verib.
Gədəbəy rayon sakini 17 yaşlı Kənan Qasımov atası Qulu Qasımovun ürək nahiyəsindən bir bıçaq zərbəsi vurub.
K.Qasımovun hadisəni törədən zaman anlaqsız vəziyyətdə olmasının, psixoloji sarsıntı keçirməsinin səbəbi kimi təhsil aldığı liseydən çxıarılması və ailəsi ilə aralarındakı mübahisə əsas göstərilir.
Hadisənin təfərrüatı ilə bağlı onu da qeyd edək ki, K.Qasımov mətbəxdən bıçaq götürərək atasının yanına gəlib. O, atasını bıçaqla ürəyindən vurmaq istəsə də, ürəyinin dəqiq yerini bilməyib. K.Qasımov əlini öz ürəyinin üstünə qoyub. Bu yolla atasının ürək nahiyəsini müəyyən edib və vurub.

Şərhlər

XƏBƏR LENTİ