Hadisə yerindən qaçan sürücü həbs edilmişdir
- 4-04-2019, 12:40
- 746
Belə ki, aprelin 1-də Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu Ələt qəsəbəsi ərazisindən keçən hissəsində naməlum avtomobilin sürücüsü yolun kənarında dayanmış piyada 1988-ci il təvəllüdlü Əfsanə Qurbanovanı vuraraq hadisə yerindən qaçmış, Ə.Qurbanova isə aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri yerinə yetirilmişdir.
Aparılmış istintaqla hadisənin Məzahir Sadıqov tərəfindən “Kamaz-5511” markalı avtomobillə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməsinə, daha sonra yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilmişdir.
Aprelin 3-də M.Sadıqova Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.