Cinayətkarlar haqda yeni qanun hazırlanıb
- 9-03-2017, 09:52
- 1 209
Bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib. Vitse-spikerin sözlərinə görə, beynəlxalq cinayətlər, onların qarşısının alınması və cinayətkarların cəzalandırılmasına dair yeni qanun layihəsi Prezident yanında QHT-lərə Dövlət Şurası tərəfindən dəstəklənən qrant layihəsi çərçivəsində qeyri-hökumət təşkilatının təşəbbüsü ilə hazırlanıb: “Layihənin ilkin variantı hazırdır. Artıq layihəyə beynəlxalq ekspertlərin, müvafiq qurumların rəylərinin verilməsi, bu və ya digər təkliflərin nəzərə alınması mərhələsinə qədəm qoyulur”.
Layihənin MM-in müzakirəsinə nə zaman təqdim ediləcəyinə gəldikdə, B.Muradova qeyd edib ki, bununla bağlı fikir söyləmək hələ tezdir.
Vitse-sipkerin sözlərinə görə, layihəyə beynəlxalq ekspertlər, müvafiq qurumlar rəy verdikdən və şurada dəstək aldıqdan sonra onun parlamentin müzakirəsinə qəbul edilməsi barədə düşünmək olar: “Bu, həm də layihənin təqdim olunduğu beynəlxalq qurumların mövqeyindən asılıdır. Onlar rəylərini nə qədər tez verəcəklərsə, qanun layihəsi də bir o qədər tez mükəmməl layihəyə çevrilə bilər. Ancaq hər halda layihə MM-in müzakirəsinə müəyyən müddətdən sonra verilə bilər. Çünki hazırda layihənin 2-ci hissəsinin reallaşdırılacağı gözlənilir. QHT-lərə Dövlət Dəstəyi Şurası qərar verdikdən sonra layihənin 2-ci fəaliyyət hissəsi başlanacaq”.
B.Muradova beynəlxalq ekspertlər və müvafiq qurumların layihəyə gözlənilən rəy verəcəyinə də ümid etdiyini deyib.
Qeyd edək ki, beynəlxalq cinayətlər deyildikdə soyqırım, etnik təmizləmə, hərbi cinayətlər nəzərdə tutulur.