SON DƏQİQƏ
XalqXeber.Az » İdman » “AZENKO GROUP” MMC “Energetik” futbol klubuna sponsorluqdan imtina edib - 21 nəfərlik heyətinin ərizəsi alınaraq, işdən azad olunub

“AZENKO GROUP” MMC “Energetik” futbol klubuna sponsorluqdan imtina edib - 21 nəfərlik heyətinin ərizəsi alınaraq, işdən azad olunub

Tarix:

21-06-2019, 13:21

/ 1 873 dəfə oxundu.
“AZENKO GROUP” MMC “Energetik” futbol klubuna sponsorluqdan imtina edib - 21 nəfərlik heyətinin ərizəsi alınaraq, işdən azad olunub

“AZENKO GROUP” MMC Mingəçevirin “Energetik” futbol klubuna sponsorluğu dayandırıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, bu səbəbdən Azərbaycanın futbol bazalarından və mərkəzlərindən biri sayılan şəhərin Region Liqasında çıxış edən komandası maliyyə dəstəyindən məhrum olub.

“Energetik”in prezidenti Ruslan Həmidov bildirib ki, iyunun 1-dən klubla ona sponsorluq edən “AZENKO GROUP” MMC arasında əməkdaşlıq müqaviləsinə xitam verilib. Nəticədə komandanın 21 nəfərlik heyətinin ərizəsi alınaraq, işdən azad olunub.

Klub rəhbərinin sözlərinə görə, MMC-nin indiyədək mövcud olan sponsorluq dəstəyi ondan ibarət olub ki, klubun heyəti sıravi işçi statusunda AZENKO-dan məvacib alıb. Mart ayınadək 150-160, daha sonra 180 manat civarında əmək haqqı alan məşqçi və oyunçular Mingəçevir futbolunu ən azından Region Liqasında saxlamağı bacarıb.

Son mövsümdə yarışın finalınadək irəliləyən komanda AFFA-dan 5 min manat pul mükafatı qazanıb və müəyyən səfər xərclərini bu vəsaitlə qarşılayıb. R. Həmidov sponsorun “Energetik”dən imtinasının maliyyə problemləri ilə bağlı olduğunu deyib: “Bizə dedilər ki, artıq komandanı saxlamaq imkanları yoxdur. Son 1 ayda döymədiyimiz qapı qalmayıb. Azərbaycan futbolu tarixində önəmli yeri olan Mingəçevir futbolunun sahibsiz qalması təəssüf doğuran reallıqdır. Azərbaycan energetika nazirinin müavini ilə görüşüb yardım istədim. Araşdırmalardan sonra fikir bildirəcəyini dedi. Həmçinin rəsmən “Azərenerji” və “Azərişığ”ın rəhbərliyi ilə görüşmək niyyətində olduğumu bildirmişəm. Bunun da nə ilə nəticələnəcəyini bilmirəm. Amma artıq komandadan rəsmən imtina olunub, ölkəmizin böyük futbol şəhərlərindən biri köməksiz durumdadır”.

“AZENKO GROUP” MMC-nin baş mühasibi Ələsgər Məmmədəliyev isə APA-ya açıqlamasında hələlik yekun qərarın verilmədiyini açıqlayıb. O bildirib ki, komanda üzvlərindən işdən azad olunmaları ilə bağlı ərizələrin alınması doğrudur: “Amma bununla bağlı yekun qərar verilmədiyindən sistemə vurulmayıb”.

Ə. Məmmədəliyev vurğulayıb ki, təmsil etdiyi qurum “Energetik”in sponsoru da olmayıb: “Sadəcə, klub üzvlərinə işçi kimi az da olsa, əmək haqqı verilib. Bu da kömək məqsədilə edilib. Komandanın digər xərcləri də var. “AZENKO GROUP” hazırda bunu qarşılamaq imkanına malik deyil. Bu da sırf iqtisadi məsələlərlə bağlıdır”.

Qeyd edək ki, Mingəçevirin “Toxucu” və “Avtomobilçi” komandaları vaxtilə SSRİ çempionatının ikinci dəstəsində, “Kür” (“Kürnur”) və “Energetik” komandaları isə Azərbaycan Premyer Liqasında və I divizionunda çıxış edib, ölkə kubokunda dəfələrlə finalda oynayıb. Bu gün sponsorsuz qalan “Energetik” I divizionda çıxış etdiyi zaman iki dəfə ən güclülərdən biri olaraq Premyer Liqaya vəsiqə qazansa da, maliyyə dəstəyi olmadığından bu fürsəti dəyərləndirə bilməyib.

Şərhlər

XƏBƏR LENTİ