Pandemiyada gözləri virusdan qorumağın 5 qaydası

Pandemiyada gözləri virusdan qorumağın 5 qaydası Dünyada milyonlarla insanın vəfatına səbəb olan Covid-19 infeksiyası təkcə ağız-burun boşluğu ilə deyil, eyni zamanda gözlərimiz vasitəsilə də yoluxur.
Hətta bəzi insanlar sadəcə gözləri ilə bu virusa tutulurlar. Vaxtımızın çoxunu evdə kompüter qarşısında keçirdirik. Bu da gözlərimizdə quruluq və yorğunluğa səbəb olur. Mütəxəssislər pandemiya dövründə göz sağlamlığını qorumaq üçün bir sıra qaydalara riayət edilməli olduğunu bildirir.

Xarici KİV-nə istinadən, 5 əsas qaydanı təqdim edirik:

1. Əlləriniz çirkli olduğu halda gözlərinizə toxundurmayın.
Pandemiyada gözləri qorumağın ən yaxşı yolunun əlləri natəmiz halda gözə toxundurmamaqdır. Buna görə də əllərimizi hər dəfə ən az 20 saniyə sabunla yumalıyıq. Çünki Covid-19 qrip simptomları kimi dərinin üzərinə yapışır. Daxili orqanizmə asanlıqla daxil ola bilir. Buna görə də əlləri tez-tez yumaq istənilən halda virusa yoluxma riskini azaldır.

2. Mütləq tibbi maskalardan və üz üçün sipərlərdən istifadə edin.
Maska ilə yanaşı üz sipərindən də istifadə etməlisiniz. Gözü ən çox üz sipəri qoruyur. Belə olan halda kənar təsirlər göz sağlamlığı üçün təhlükə yaratmır.

3. Gözlərinizdə müəyyən problemlər yaranarsa, dərhal həkimə müraciət edin.
Gözlərdə şişkinlik, qızartı, sulanma halları olarsa, vaxt itirmədən göz həkiminə yaxınlaşın. Çünki belə problemlər vaxtında aradan qaldırılmasa, böyük fəsadlar verir.

4. Əgər linza istifadə edirsinizsə aşağıdakılara diqqət edin.
-Linzaların təmizliyinə riayət olunmalıdır. Xüsusilə pandemiya dövründə onlardan istifadə qaydalarına mütləq əməl etmək lazımdır.

-Əlləri yumadan linzadan istifadə etmək olmaz. Mütləq əlləri təmiz sabunla yuyub sonra istifadə etmək lazımdır.

-İstifadə müddəti bitən linzaları atmaq lazımdır. Hazırda qış fəsli olduğundan evlərdə istilik sistemlərindən istifadə edilir. Bu da öz növbəsində linza qabında suyun qurumasına səbəb olur. Ona görə də onun suyuna da diqqət etmək lazımdır.

5. Kompüter arxasında əyləşirsinizsə, 45 dəqiqədən bir fasilə edin.
Pandemiyada müəyyən karantin qaydaları tətbiq edildiyindən bir çox insanlar işlərini və təhsillərini distant formada kompüter vasitəsi ilə həyata keçirir. Buna görə də gözlərdə quruluq baş verir. Görmə ilə bağlı müəyyən problemlər yaşanır. Bu problemlər olmasın deyə, 45 dəqiqədən bir kompüter arxasından qalxaraq 5-10 dəqiqə istirahət etmək lazımdır. Eyni zamanda kompüterin monitoru göz səviyyəsindən müəyyən məsafədə saxlanılmalıdır. Gözlərinizdə quruluq artmasın deyə, gündə 2-3 dəfə süni gözyaşlarından istifadə etməlisiniz.
Geri qayıt