Mütəxəssislər xəbərdarlıq edir: Telefondan asılılıq sizi intihara sürükləyir

Mütəxəssislər xəbərdarlıq edir: Telefondan asılılıq sizi intihara sürükləyir Texnologiyanın inkişafının müsbət tərəfləri olduğu qədər, yaratdığı bir sıra problemlər də var. Bunlardan biri də telefon asılılığıdır. Bu asılılıq gəncliyin ruhi sağlamlığını hədəf alaraq onları normal həyatdan məhrum edir. Hətta müasir dövrün yeni problemi nomofobi (mobil telefondan məhrum qalma qorxusu) ilə netlessfobini (internetsiz qalma qorxusu) yaradır. Xüsusilə, gənclər arasında daha sıx qarşılaşılan mobil telefondan məhrum qalma qorxusu internetsiz qalma qorxusu olaraq təyin olunan "netlessfobi" gündən-günə artır. Bu alışqanlıqlar intiharlara belə səbəb olub.

Mütəxəssislər isə mobil telefonların sıx və idarəsizcə istifadə edilməsinin mənfi nəticələr doğurduğuna diqqəti çəkərək, asılı olmuş fərdləri mobil telefondan və internetdən uzaqlaşmağın vacibliyini vurğulayır.

Məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlunun fikirlərini öyrəndik. O, bildirb ki, telefon asılığı artıq sosial bəlaya çevrilib:

"Telefon günümüzün, həyatımızın atributudur. Ondan asılılıq isə sosial bəladır. Cəmiyyəti bundan xilas etmək lazımdır. "Quran"da da hər şeyin artığı haram buyurulub. Çörək müqəddəs olsa da, çox yemək zərərdir. Bu elə bir məsələ deyil ki, qanun qəbul edib, kimisə hansısa cəza ilə telefondan uzaqlaşdıraq. Bununla bağlı maarifləndirmə işləri aparılmalıdır. İnsan telefonla çox məşğul olanda şüalanır və səhhətinə ciddi təhlükə yaranır. Telefon asılılığı insanın ailəsi, həyatı karyerası üçün problemlər yaradır. Bəzən baxırsan ki, gənc anadır, uşağı ilə məşğul olmaqdansa, əlinə telefon alıb, uşağın əlinə də planşet verib vaxt keçirir. Gənc ananın telefondan asılı olması böyük bəladır. Çünki körpənin sevgiyə, qayğıya, anaya ehtiyacı var. Telefon asılılığı ilan zəhəri kimi şeydir. Az istifadə etdikdə dərmandır. İnsan maariflənir, məlumatlanır. Çox istifadə etdikdə isə öldürür. Küçədə, ictimai nəqliyyatda fikir versək, insanların telefonlarını əlindən qoymadıqlarını görəcəyik. Bəzən isə onlar yola belə baxmırlar və həyatlarını təhlükəyə atırlar. Ona görə bu sahəni başlı-başına buraxmamalıyıq. Müxtəlif sosial layihələr, maarifləndirmə tədbirləri təşkil edilməlidir. Televiziyada bu haqda proqramlar hazırlanmalıdır".

"YM"
Geri qayıt