Arıqlamaq istəyənlərə DİETOLOQ TÖVSİYƏSİ: “Kərə yağı yeməyin”

Arıqlamaq istəyənlərə DİETOLOQ TÖVSİYƏSİ: “Kərə yağı yeməyin” Hazırda dünyada yayılmış ən böyük problemlərdən biri artıq çəki problemidir. Hətta artıq çəkidən əziyyət çəkməyənlər belə, hər an bu problemlə qarşılaşma qorxusu ilə yaşayırlar. Bu gün bütün dünyada insanlar arıqlamaq üçün ən müxtəlif üsullardan istifadə edirlər. Kimisi idmana, pəhrizlərə üz tutur. Amma bir qism insanlar arıqlamaq üçün təhlükəli olan hansısa plastik əməliyyatlara üz tuturlar ki əksər vaxtlarda bu yol insanlarda fəsadlara, hətta ölümə belə yol açır. Apardığımız kiçik sorğudan sonra bəlli oldu ki, əksər insanlar arıqlamaq üçün satışda olan arıqlama çaylarından, həblərindən istifadə edirlər. Onlar bildirir ki, bu vasitələrdən istifadə etməklə daha asan arıqlayırlar və heç bir əziyyət çəkmirlər: “Nə istəyirik yeyirik, üstündən də bir fincan arıqlama çayı, ya da arıqlama həbi istifadə edirik. Nəticəsini isə dərhal görürük ki, bir-iki kilo arıqlamışıq...”
Bəs görəsən doğrudanmı adıçəkilən həmin vasitələrlə arıqlamaq mümkündürmü? Ümumiyyətlə, sağlam arıqlamağın yolları hansılardır? Dietoloq Tutu Zeynalova Ailem.az-a bildirib ki, qısa müddət ərzində arıqlamağı vəd edən həblərin və çayların arıqlatma xüsusiyyəti qəti şəkildə yoxdur. Əksinə, sağlamlıq üçün problemlər yaradır: “Həmin vasitələr yediklərimizin bağırsaqlarda mənimsənilmədən xaric olmasına səbəb olur. Bədən ehtiyacı olan vitamin və mineralları almır. Bir müddət sonra insanlarda saç tökülmələri, dırnaq qırılması, əsəbilik, aqressiya kimi arzuolunmaz hallar meydana gəlir. Bu həblər və çayların insanı arıqlatdığı heç bir elmi tədqiqatlarla sübut olunmayıb. Əgər bunlar məsələnin həlli yoludursa, həkimlər də məsləhət görər. İnsanlar ilk istifadə etdiyi zaman çıxır tərəziyə və deyir, urra, 2-3 kilo arıqladım. Niyə? Çünki həmin çaylar və həblər bədəndən suyu aparır və bağırsaqlar boşalır deyə həmin adamda ilk zamanlar bir az çəki azalması müşahidə olunur. Deyə bilərəm ki, nəticə etibari ilə orqanizmə heç bir xeyri yoxdur”.

T.Zeynalova sağlam arıqlamağın yolları ilə bağlı oxuculara faydalı məsləhətlər verir. Həyatınızda bəzi şeyləri dəyişməklə daha sağlam yolla arıqlamaq olar: “Biz səhərlər tərəvəz yeməyi sevən toplum olmadığımız üçün günorta və axşam öyünlərində mütləq rasionunuzda tərəvəzlərə yer verin. Çiy yeyə bildiklərinizdən çiy halda istifadə edin. Mədə-bağırsağında problem olanlar az bişmiş şəkildə də istifadə edə bilər. İşlənmiş və hazır qidalardan uzaq durun. Qida rasionunuzdan bunları tamamilə yığışdırın. Belə etdikdən bir müddət sonra arıqladığınızın fərqinə varacaqsınız. Daha sonra çalışın qidanı daha çox çeynəyəsiniz və yavaş-yavaş yeyəsiniz. Birdən-birə çox qida qəbul etdikdə həm mədə-bağırsaq sistemində problem yaranır, həm də beynimizə siqnal gec çatır. Bir anda böyük porsiyalar yediyimizdən bixəbər oluruq. Yağ istifadəsini azaldın. Burada təbii ki, daha çox kərə yağından söhbət gedir. Bitki yağlarına üstünlük verməliyik. Xüsusilə zeytun yağını tövsiyə edirik. 1 kiloqram tərəvəzə 4 qaşıq zeytun yağı tökmək kifayətdir”.
Dietoloq deyir ki, səhər yeməyi mütləqdir. Səhər yeməyi yemədən sağlam arıqlamaq mümkün deyil. Maddələr mübadiləsinin normal olması üçün bu vacibdir. Üstəlik fiziki aktivliyi də artırmaq lazımdır. Çünki aparılan araşdırmalardan da məlumdur ki, hər gün edilən fiziki aktivlik orqanizmə çox xeyirlidir: “Xüsusilə təmiz havada olan aktivlikdən danışırıq. İnsanlar təmiz havada xüsusi aktivlik zamanı yemək haqqında çox az düşünürlər. Yürüyüşlərə çıxdığınız zaman sizin xoşbəxtlik hormonunuz olan seretonin artır. Bu da sağlam yolla arıqlamağınıza kömək edir. Çalışın gec saatlarda yemək yeməyin. Gec saatlarda aldığınız kalorilər sizə kilo olaraq geri dönür. Çalışın qidalanmanı saat 8-ə kimi yekunlaşdırın. Hər öyündə zəngin proteinli qidalardan istifadə edin. Səhər yeməklərində yumurta, kəsmik, süd məhsullarından istifadə edin. Günorta və axşam ət məhsullarının paxlalılarla bərabər qida rasionunuzda olmasına önəm verin. Beləliklə, orqanizmin ehtiyacı olan proteini ödəyəcəksiniz və sağlam arıqlayacaqsınız. Çalışın arıqlamağınızla bağlı bir not alın özünüz üçün. Burada fikirlər haçalanır. Bəzi insanlar hər gün tərəziyə çıxıb çəkildikdən sonra qeyd alırlar və özlərini daha rahat hiss edirlər. Amma bəzi insanlar deyir ki, belə edəndə əsəb keçirirəm. Əsəbləşirsinizsə, həftədə bir dəfə çəkinizi ölçmək kifayətdir.
Bəzi insanlar deyir ki, idmanla məşğul olmağa vaxtım yoxdur. O zaman gündəlik harasa getdikdə çalışın iti addımlarla gəzin. Belə olarsa, maddələr mübadilənizi sürətləndirmiş olacaqsınız. Çalışın şəkərli içkilərdən uzaq durasınız. Xüsusilə şirin qazlı içkilərdən söhbət gedir. Hazırda artıq çəki probleminin səbəblərindən biri də bu içkilərdir. Bəs əvəzində nə içək sualının cavabı isə odur ki, meyvə yeyin. Mütləq qida rasionunuzda çərəzlər olsun. Bunlar beynimizin inkişafına yaxşı təsir edir. Həftədə iki dəfə balıq yeməklərindən istifadə edin. Mövsümə uyğun meyvə və tərəvəzlərin rasionumuzda olması vacibdir. Səhərlər yulaflı sıyıqlar yeməyə üstünlük verin. Məsləhət gordüklərimə əməl etsəniz, müsbət nəticə əldə edəcəyinizi görəcəksiniz və bu, sizi daha da həvəsləndirəcək”.

Ailem.az
Geri qayıt