SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » "Uşaqlar qışqırışırdılar ki, Zəhra yanır...” - “Azərişıq” ASC-nin yaratdığı faciə

"Uşaqlar qışqırışırdılar ki, Zəhra yanır...” - “Azərişıq” ASC-nin yaratdığı faciə

Tarix:

14-10-2019, 11:33

/ 1 342 dəfə oxundu.
"Uşaqlar qışqırışırdılar ki, Zəhra yanır...” - “Azərişıq” ASC-nin yaratdığı faciə

Oktyabrın 10-da isə sakinlərdə narahatlıq yaradan transformator faciəyə səbəb olub...
9 yaşlı Zəhra Əliyeva açıq transformatorun içində gizlənmək istəyib, qızcığazı yüksək gərginlikli cərəyan vurub

“Axşamtərəfi saat 7-nin yarısı olardı, uşaqlar çöldə oynayırdılar. Birdən ara qarışdı, uşaqlar qışqırışdılar ki, Zəhra yanır, Zəhra yanır... Çıxdıq, qaçdıq çölə, gördük ki, məhəllənin yaxınlığında, dayanacağın arxasında olan transformatorun qapısı açıqdır, içərisindən uşağın çığırtısı gəlirdi...”

Keşlə sakini Səfurə xanım göz yaşlarını saxlaya bilmir, əlləri titrəyir, qonşuluqda nənə himayəsində yaşayan balaca Zəhranın iki gün əvvəl başına gələnlər onu sarsıdıb.

Babək prospektindən Keşlə qəsəbəsinə daxil olanda, yolun sağında ölüm saçan bir transformator var. Xeyli müddətdir ki, həmin ərazidə yaşayan sakinlər məhəllələrin yaxınlığında və dayanacağa az qala bitişik olan bu transformatorun ya yerinin dəyişdirilərək əlçatmaz əraziyə köçürülməsini, ya da təhlükəsizlik tədbirlərinin görülməsini istəyir. Oktyabrın 10-da isə sakinlərdə narahatlıq yaradan transformator faciəyə səbəb olub. 9 yaşlı Zəhra məhəllədə həmyaşıdlarıyla oynayarkən transformatorun içərisinə girib, yüksək gərginlikli cərəyan bədəninin xeyli hissəsini yandırıb. Sakinlərin deməsinə görə, Zəhranı bir polis əməkdaşı transformatordan çıxarıb.

“Onu xilas etmək istəyən polisin də qolları yanıb”

Yaşar Fərzəliyev danışır:

“Mən işdə olmuşam, evə gələndə eşitdim ki, Zəhra transformatora girib, yanıb, onu xilas etməyə çalışan polisin də qolları yanıb, buna baxmayaraq Zəhranı oradan birtəhər çıxara bilib. O transformatorun məhəllənin yaxınlığından götürülməsi üçün dəfələrlə Nizami Rayon İşıq İdarəsinə müraciət etmişik. Hər dəfə idarənin işçilərini məhəllədə görəndə iradımızı bildiririk, deyirlər, işıq idarəsi göstəriş versin, yerini dəyişək”.


Oktyabrın 10-da isə sakinlərdə narahatlıq yaradan transformator faciəyə səbəb olub.

Qonşular və xalası Gülnarə xanım danışır ki, 2010-cu il təvəllüdlü Zəhra Əliyevanın anası vəfat edib. Azyaşlı vaxtından gözünün qarşısında bir sıra xoşagəlməz ailə dramaları baş verdiyindən, uşağın ciddi psixoloji travmaları var. Qonşuların deməsinə görə, bu yaxınlarda Zəhranın atası da vəfat edib. Qızcığaz qoca nənənin ümidinə qalıb. Qısa həyatında baş verən faciələr davranışına da təsirini göstərib.

Zəhranın acı həyat hekayəti var

Xalası danışır:

“Mənim Zəhranı saxlamaq imkanım yoxdur, çünki öz həyat yoldaşım da rəhmətə gedib, evim yoxdur, özüm onun-bunun yardımıyla kirayədə yaşayıram, uşaqları süpürgəçilik etməklə zorla saxlayıram. 227 saylı məktəbdə oxuyurdu, müəllimlər nənəsini tez-tez məktəbə çağırırdılar, Zəhranın davranışından şikayətlənirdilər. Bu il nənəyə ərizə yazdırdılar, Zəhranı məktəbdən çıxartdılar. Əslində Zəhranı dövlət özü internat məktəbə yerləşdirməli idi, ancaq yerləşdirmədilər, bu işi nənəyə buraxdılar, nənə də qoca arvaddır, heç nə edə bilmədi”.

Bir müddət əvvəl həyat yoldaşını itirmiş və məhəllədə kirayədə yaşayan Gülnarə xanımın himayəsində vəfat etmiş qardaşının da azyaşlı övladı var. Gülnarə xanım həm özünün, həm bacısının, həm də qardaşının övladlarına himayədarlıq etməkdə çətinlik çəkir. Həm maddiyyat, həm də tərbiyə vermək baxımından qadın necə deyərlər, meydanda tək qalıb.

Qonşular deyir, Zəhra sahibsizdir, tez-tez nənəsindən küsür, bəzən gecəyarı pal-paltarını məktəb çantasına doldurub evdən çıxır, səhərədək məhəllənin bir küncündə oturur. Qonşular Zəhranın dövlət himayəsinə alınmasını istəyir:

“İnşallah, Zəhra bala sağalsın, ancaq bu evə qayıtmasın, nənə üçün onu saxlamaq çətindir. Dövlət öz himayəsinə götürsün, yazıqdır o uşaq...”

Gülnarə xanım həm özünün, həm bacısının, həm də qardaşının övladlarına himayədarlıq etməkdə çətinlik çəkir.

“Azərişıq” ASC deyir, transformator məntəqələri qapalıdır

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Lent.az-a bildirib ki, bütün transformator məntəqələri kənar şəxslərin girişi üçün tam qapalıdır, hətta kənarları daşla hörülüb. O, Zəhranın transformator qutusuna necə daxil olmasına da təəccübünü gizlətməyib. Meydan TV müxbiri hadisənin baş verdiyi ərazidə olarkən transformator qutusunun fotolarını çəkib. Fotolardan göründüyü kimi, hətta hadisədən sonra da transformator qutusu ilə bağlı təhlükəsizlik tədbiri görülməyib.

Nizami Rayon Prokurorluğundan Meydan TV-yə bildirilib ki, 2010-cu il təvəllüdlü Əliyeva Zəhra Bayram qızı Nizami rayonu, Babək prospektində, "Azərişıq" ASC-nin Nizami Regional Enerji Təchizatı və Satışı İdarəsinin 6 min kv gərginliyində Komplektləşdirilmiş Transformator Məntəqəsinin açıq qapısından içərisinə daxil olub. Gərginliyinə toxunması nəticəsində hər iki ayağı, o cümlədən, sol yuxarı ətrafı, qolları yanıb. Prokurorluq faktla bağlı araşdırma aparır.

Yaralı 3-cü və 4-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

Zəhranın bir qolu və hər iki ayağı amputasiya ola bilər

5 saylı Şəhər Kliniki Xəstəxananın yanıq şöbəsindən bildirilib ki, Zəhra Əliyevaya bütün tibbi müdaxilələr edildikdən sonra palataya yerləşdirilib. Ancaq vəziyyəti orta-ağır olaraq qalır. Zəhra danışır, eşidir, deyilənləri qavrayır və sair. Ancaq həyatı üçün təhlükə sovuşmayıb. 3 gün ərzində vəziyyəti normallaşmasa, onun bir qolunun və iki ayağının ambutasiyası ilə bağlı qərar verilə bilər.

Hadisənin baş verdiyi ərazi

Xatırlatma

Bir neçə gün əvvəl Maştağanın Ləhic bağları deyilən ərazisində, evlərdən birinin qarşısındakı transformatordan saçan yüksək gərginlik 8 yaşlı Yusif Ələkbərlinin həyatına son qoyub. Yusif pişiyi qovmaq üçün məhəllədəki transformatora yaxınlaşarkən cərəyan vurub, yaxınlarının deməsinə görə, balaca Yusifi dəfn edəndən sonra transformatora yapışmış barmaqlarını da çıxararaq dəfn ediblər.

Sakinlər yüksək cərəyanlı transformatorun az qala qaz borusuna söykəndiyini bildiriblər. Bu isə növbəti faciələrə səbəb ola bilər. Onlar transformatorun məhəllədən götürülməsini, “Azərişıq”ın məsul şəxslərinin cəzalandırılmasını tələb ediblər.

meydan.tv




Şərhlər

XƏBƏR LENTİ