SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » İqtidarda “köhnə qvardiya”nın erası bitdi: PostMehdiyev dövründə nə gözlənir?

İqtidarda “köhnə qvardiya”nın erası bitdi: PostMehdiyev dövründə nə gözlənir?

Tarix:

24-10-2019, 11:15

/ 2 226 dəfə oxundu.
İqtidarda “köhnə qvardiya”nın erası bitdi: PostMehdiyev dövründə nə gözlənir?

Beləliklə, oktyabrın 23-də Azərbaycan hakimiyyətində köhnə qvardiyanın erası rəsmən başa çatdı.
Anaxeber.info aylardır təhlillərində hansı siyasi dəyişikliklər gözlənildiyini incəliklərinə qədər yazırdı. Bizim üçün sürprizlər olmadı.
2016-cı ilin referendumundan sonra vitse-prezidentlik institutunun yaradılması ilə hansı idarəçilik kursu götürüldüyü kor-kor, gör-gör idi.
Lakin bu proses üç il çəkdi, prezident İlham Əliyev radikal kadr dəyişikliklərinə getmədi, yalnız indi əlverişli fürsət yaranmışdı.
Siyasətdə müqəddəs heç kim yoxdur. Var sədaqət, var etimadsızlıq...
İ.Əliyevin “iqtidar içində islahatlara qarşı gedənlər var” deməsi və bu bəyanatın ardınca cəmi 2-3 gün ərzində iri fiqurları işdən azad etməsi məntiqli, zəncirvari ardıcıllıq idi.
İslahatlara qarşı gedən iqtidar daxilindəki qüvvələrin maraqları ilə sinxronluq təşkil edən 19 oktyabr mitinqi bu təyinatların, istefaların altında qaldı.
Şəhərin mərkəzində baş verənlərə görə hakimiyyət içindəki qruplaşmaya “Stalinqrad zərbəsi” vurulmalıydı. İ.Əliyev dediyini elədi!
Ölkə tarixi günlər yaşamaqdadır. 1993-cü ilin təməlçilərindən olan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bütün siyasi təsirlərini, idarəetmədə nəzarəti, qərarlarda rolunu itirmiş oldu.
O, ölkənin daxili və xarici siyasətində baş ideoloq idi. Təbii ki, təcrübəsinə, dünyagörüşünə görə R.Mehdiyevin dövlət idarəçiliyində əhəmiyyəti müstəsnaydı.
Əksər nazirlər, icra başçıları onun kadrları idi, seçkilərin taleyini həll etmək qabiliyyətinə malikiydi. Siyasi hakimiyyətin elə bir güclü budağıydı ki, onu 2019-cu ilə qədər silkələmək mümkün olmurdu.
Heç şübhəsiz ki, bu proseslərin kifayət qədər yubanmasında Moskva amilinin qüdrətini nəzərə almaq lazımdır. R.Mehdiyevin Patruşevlə, Narışkinlə görüşləri onun hansı siyasi iradəyə malik olduğu təsəvvürləri yaradırdı.
Lakin şərti adı köhnə qvardiya olan bu klanın ölkənin daxili idarəçiliyindəki boz addımları İ.Əliyevlə xalq arasında ciddi bir uçurum yaratmışdı: korrupsiya, sosial zülm, yerlərdə insanların incidilməsi, bürokratiya, əhalinin gözündən prezidentin salınması, problemlərin xirtdəyə çatması, vətəndaşların dövlətə inamsızlığı gərgin mənzərəyə səbəb olmuşdu.
İ.Əliyev yanvarda başladığı irimiqyaslı sosial fərmanlar, qapı-qapı vətəndaşlarla görüş, tənqidləri dilə gətirməsi xalqın dövlətə, bəli məhz dövlətə etimadını bərpa etdi.
Vətəndaşlar ölkədən qaçır, şikayətlər prezidentə çatdırılmır, adi sosial problemə görə kimisi intihar edir, kimisi özünü yandırır.
Axı bu sabotaj siyasətinin nəticələriydi? İ.Əliyev ölkəni belə görmək istəmirdi.
Hansısa vətəndaşın sosial probleminə görə özünü binadan atması, prezidentdən narazı qalması İ.Əliyevin hansı maraqlarına uyğun idi? - Heç bir.
Ona görə də yanvardan başlanan siyasi və iqtisadi reformalar prezidentlə xalq arasında qopmuş bağları bərpa etməkdədir.
Əslində, bəzi mühacirlərin “oktyabrda inqilab gözlənilir” proqnozları da daxili mübarizənin təzahürü idi. Kimin qalib gəldiyi göz qabağına sərilib.
PostMehdiyev dövrü necə olacaq - hamını indi bu sual düşündürür. Əvvəla, heç bir yeni nazir genişmiqyaslı korrupsiya və talanla məşğul ola, oliqarxlaşa bilməyəcək.
Bu, o demək deyil ki, ideal bir nazir kimi fəaliyyət göstərəcək. Amma süqut etmiş qruplaşmadakı nazirlər kimi yırtıcı fəaliyyət imkanları olmayacaq.
İkincisi, idarəetmədə müasir texnologiya mühüm rol oynayacaq. Nazirlər vətəndaşların müraciətlərinə göz yuma bilməyəcəklər.
İ.Əliyev ölkəni yeni mərhələyə-daha müasir bir ölkə, daha çevik bir idarəetmə, daha gənc kadrların öhdəsində olan dövlət modelinə keçirir.
Prezidentin qeyri-neft sektorunu inkişaf etdirmək, dünya iqtisadiyyatı ilə çuğlaşmaq, dövlətlərarası iqtisadi əlaqələrin qurulması, transmilli şirkətlərlə münasibətlər sahəsində həyata keçirdiyi mühüm islahatların əsas ağırlığı İqtisadiyyat Nazirliyinin üzərinə qoyulub.
İndi vergilər və əmlak sahəsinin də İqtisadiyyat Nazirliyinə birləşdirilməsi bu sahəyə verilən ciddi önəmi göstərir.
Bu, Mikayıl Cabbarovun vəzifə yüksəlişindən daha çox onun üzərinə qoyulmuş ağır məsuliyyətdir ki, bunu hamıdan yaxşı indi yeni “supernazirin” özü bilir.
Amma Gömrük Komitəsi də mütləq İqtisadiyyat Nazirliyinə birləşdirilməlidir. Çünki ölkə büdcəsinə (Neft Fondunu kənara qoysaq) əsasən 3 istiqamətdən vəsait daxil olur - Vergi, Gömrük və Dövlət Əmlakın özəlləşdirilməsi.
Büdcənin maliyyə kanallarının bir mərkəzə cəmlənməsi doğru qərar olacaq. İqtisadiyyat Nazirliyi olaraq qısa, orta və uzun vadəli proqramların və iqtisadi siyasətin qəbul olunması ilə məşğul olmalı, vergi-gömrük-əmlak bu siyasətin tərkib hissəsi kimi olmalıdır.
Beləliklə, ölkədə Mehdiyevsiz siyasi bir qərinə başladı. Şimal küləyinin hansı səmtdən hansı yana əsəcəyi də maraq doğurur...

Anaxeber.info

Şərhlər

XƏBƏR LENTİ