XalqXəbər.Az

Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır - ilginc faktlar

Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır - ilginc faktlar
17-10-2019, 09:14

Bir neçə nəfər vətəndaşa pul “atdığına” görə ötən ay istefa vermək məcburiyyətində qalan sabiq deputat Rafael Cəbrayılovla bağlı qalmaqallı məlumatlar yayılmaqda davam edir. Belə ki, ötən günlərdə Cəbrayılovun 300 min dollar borclu olduğu Təranə Fətiyeva ilə telefon danışığı yayılıb. Yayılan səs yazısında sabiq deputat həbs təhlükəsinin olduğunun anonslarını verir, qardaşına “krışalıq” etməsindən, vergi məsələlərini yoluna qoymasından, lakin sonda qardaşının pulları xaricə daşıyaraq naxələf çıxmasından söhbət açır. Keçmiş deputat hətta qardaşını düşməni kimi belə təqdim edir.

Yenisabah.az saytı məlumat yayıb ki, keçmiş deputat villasını satışa çıxarıb. Saytın yazmasına görə, əmlakın ilkin satış qiyməti 1.5 milyon manat göstərilib. Məlumatda qeyd olunur ki, Rafael Cəbrayılovun borclu olduğu şəxslərin sayı 10 nəfərdən çoxdur. Onlar keçmiş deputatdan pullarını geri almaqda israrlıdırlar. Borclu olduğu şəxslərdən möhlət istəyən Rafael Cəbrayılov da fərqindədir ki, pulları geri qaytarmayacağı təqdirdə həbs təhlükəsi ilə üzləşə bilər.

Məlumatda o da vurğulanır ki, Rafael Cəbrayılov borc qalmaqalına görə qardaşı Elşən Cəbrayılovu ittiham edir. O, bir neçə dəfə qardaşından problemi yoluna qoymağı tələb etsə də, nəticəsi olmayıb. Bu baxımdan, Rafael Cəbrayılov borclu olduğu şəxsləri qardaşının üstünə qaldırmağa çalışır. Hətta onlardan hüquq-mühafizə orqanlarına şikayət edəcəkləri təqdirdə qardaşının da adını hallandırmağı xahiş edib. Lakin onlar pulu keçmiş deputata verdiklərindən Elşən Cəbrayılovla konfliktə girmək istəmirlər.

Bu arada məlumat yayılıb ki, Sumqayıt Şəhər Məhkəməsinin qərarına əsasən Rafael Cəbrayılova və qardaşına məxsus “Dərhal” MMC tərəfindən Mehdiabad-Novxanı şosesi üzərində 5,65 hektar torpaq sahəsində tikilmiş 23 ədəd altı mərtəbəli binanın 2-si və kompleksdəki obyektlərdən biri söküləcək. Bildirilib ki, məhkəmə söküntü işlərinin Cəbrayılov qardaşlarına məxsus şirkət tərəfindən aparılması barədə qərar çıxarıb. Səbəb kimi həmin ərazinin 1,4 hektarının “Binəqədi Oyl Kompani” Əməliyyat Şirkətinin istifadəsində olmasıdır.

Hazırda sabiq deputatın həbs edilib-edilməyəcəyi məsələsi də müzakirə edilir. İndiki şərtlər daxilində onu nə gözləyir?

“Yeni Müsavat”a danışan hüquqşünas Əsabəli Mustafayev bildirib ki, hazırkı məqamda ciddi araşdırma aparılmalıdır:

“Ola bilər ki, kimdənsə borc alıb, sonradan qaytarmayıb. Ona görə də istintaq araşdırması getməlidir. İnsan var ki, ondan pul alanda artıq bilir ki, qaytarmayacaq. Əgər belə məqamlar varsa, burada artıq dələduzluğun tərkibi var. Nəticədə o, dələduzluqla mühakimə olunub, məsuliyyətə cəlb edilə bilər. Yayılan faktlardan belə aydın olur ki, Cəbrayılov borcunu qaytarmadan, təkrar borc alıb. Ola bilər ki, o, özünün deputat nüfuzuna arxayın olub, dələduzluq hərəkətlərini edib. Bu məsələdə konkret olaraq dələduzluq əlamətləri var. Çünki əgər borc alınan adam 1 nəfər olsaydı, o zaman düşünmək olardı ki, bunu ehtiyacdan edib. Ancaq adamların sayı artdıqca dələduzluq əlamətləri ortaya çıxır. Yenə də yekun qərarı hüquq-mühafizə orqanları verə bilərlər”.

Hüquqşünas bildirib ki, burada borc alınan şəxslərin şikayət verib-verməməsinin əhəmiyyəti yoxdur:

“Əgər yüngül maddə olsaydı, burada şikayətə ehtiyac olardı. Ancaq hazırkı məsələdə qrup halında, dəfələrlə baş verdiyi üçün ağır cinayət sayılır. Ona görə də burada şikayətə ehtiyac yoxdur. Prokuror bu haqda məlumatı kütləvi informasiya vasitələrində gördüyü zaman, kimdən alması da yazıda qeyd edilibsə, artıq araşdırma aparılmalıdır. Araşdırmanın nəticəsində hansı qənaətə gəlinəcəksə, onu demək çətindir. Buna istintaq orqanı qiymət verir”.
“Yeni Müsavat”скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.