SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Uşaqların döyüldüyü bağçanın müdiri bəraət qazandı, uşaqları artıq döymək olacaq?

Uşaqların döyüldüyü bağçanın müdiri bəraət qazandı, uşaqları artıq döymək olacaq?

Tarix:

24-06-2019, 10:15

/ 1 044 dəfə oxundu.
Uşaqların döyüldüyü bağçanın müdiri bəraət qazandı, uşaqları artıq döymək olacaq?

Kəmalə Ağazadə: “Şiddətin ölçüsü yoxdur, hər bir halda bu, uşağa qarşı törədilən cinayətdir”
Bu günlərdə Bakıda səhlənkarlıqda təqsirləndirilən “Kids studio” uşaq bağçasının müdiri Nigar Müseyibovanın cinayət işi üzrə hökm elan edilib. Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə baş tutan prosesdə cinayət işi araşdırılıb və sonda hökm oxunub. Beləliklə, Nigar Müseyibovanın cinayət əməli sübuta yetirilməyib və məhkəmə onun barəsində bəraət hökmü çıxarıb.

Qeyd edək ki, ötən ilin iyununun əvvəllərində Yasamal rayonunda yerləşən “Kids Studio” Uşaq Mərkəzinin bağçasında tərbiyəçi Firuzə Tağıyeva uşaqlara qarşı zorakılıq göstərmişdi. Bu barədə video-görüntülər sosial şəbəkədə yayılandan sonra Firuzə Tağıyeva barəsində cinayət işi başlanılıb. Yasamal rayon Məhkəməsinin hökmü ilə Firuzə Tağıyevanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 1 il sınaq müddəti təyin olunmaqla barəsində şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Daha sonra valideynlərin şikayəti əsasında Nigar Müseyibova barəsində də cinayət işi başlanılıb. İstintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. Cinayət işi üzrə 3 nəfər şəxs də zərərçəkmiş qismində tanınıb.

Bütün bunlara baxmayaraq sonda bağça müdirinə bəraət verilməsi ictimaiyyətdə narazılıqla qarşılanıb. Xüsusən də sosial şəbəkələrdə bu məsələ müzakirə obyektinə çevrilib. Əsas səslənən suallardan biri isə bu olub - belə çıxır ki, artıq bağçada körpələri döymək olar?
Mövzu ilə bağlı “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə “Yeni Müsavat”a danışdı: “Məsələn, əgər rəhbəri olduğum sığınacaqda bu cür neqativ hal baş verərsə, ilk növbədə mənim üzərimə gələcəklər ki, kadrı işə cəlb edəndə niyə diqqətli olmamışam. Bu, çox zaman insanın daxili və psixoloji durumu ilə bağlı olur. Ola bilər ki, bu gün hansısa kadrı işə götürəndə o, özünü çox yaxşı təqdim etsin, bütün psixoloji testlərdən yaxşı keçsin, lakin çalışdığı müddətdə hansısa anda özünü o cür neqativ aparsın. Müdirin hansı səbəbdən bəraət almasını dəqiq bilmirəm, yəni bu haqda oxumamışam, məlumatım yoxdur. Lakin mənim üçün şiddətin ölçüsü yoxdur, hər bir halda bu, şiddətdir və uşağa qarşı törədilən cinayətdir.

Bəs bu hal davam edə bilərmi? Bundan heç kəs sığortalanmayıb. Ona görə də hər bir bağça rəhbərliyi mütəmadi olaraq kadrlarla profilaktik söhbətlər aparmalı, onların xüsusi kurslara cəlb olunmasına çalışmalı, uşaqlarla xüsusi davranış qaydaları ilə bağlı proqramları aşılamalıdır. Müəssisədəki kameralara daha çox müdiriyyət nəzarət etməli, baxmalıdır".

“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ