SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Fuad Abbasovu müdafiəsiz qoyan diaspor: - “Onun hüquqi müdafiəsi olub, ancaq ictimai müdafiəsi olmayıb”

Fuad Abbasovu müdafiəsiz qoyan diaspor: - “Onun hüquqi müdafiəsi olub, ancaq ictimai müdafiəsi olmayıb”

Tarix:

8-06-2019, 11:28

/ 1 039 dəfə oxundu.
Fuad Abbasovu müdafiəsiz qoyan diaspor: - “Onun hüquqi müdafiəsi olub, ancaq ictimai müdafiəsi olmayıb”

Ötən gün Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlı jurnalist Fuad Abbasovun şikayəti əsasında məhkəmə baş tutub.

Şikayətə Moskva Vilayət Məhkəməsinin Mülki İşlər Kollegiyasında baxılıb. Prosesdə şikayət təmin edilməyib, aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Məhkəmənin verdiyi qərara əsasən, Fuad Abbasov on gün ərzində Rusiyadan deportasiya edilməlidir.

Qeyd edək ki, jurnalist Fuad Abbasov mayın 16-da Moskva vilayətinin Ximki şəhərində saxlanılıb. Ximki Şəhər Məhkəməsi onun Rusiyada yaşamaq haqqında icazəsi ləğv olunmasına baxmayaraq, vaxtında ölkəni tərk etmədiyi üçün deportasiya olunması haqqında qərar çıxarıb. Bu müddət ərzində Fuad Abbasov Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılırdı.

İyunun 7-də jurnalist Fuad Abbasovun məcburi qaydada Azərbaycana yola salınacağı gözlənilir.

Fuad Abbasovun müdafiəsi niyə zəif oldu? Rusiyadakı azərbaycanlılar onu niyə müdafiə etmədi?

Vəkil Əsabəli Mustafayev Cebhe.info-ya bildirib ki, Moskvada Fuad Abbasovun hüquqi müdafiəsi olub, ancaq ictimai müdafiəsi olmayıb:

“İctimaiyyət və diaspor jurnalistin qarşılaşdığı duruma reaksiya göstərməyiblər. Halbuki bu, çox mühüm idi. Hesab edirəm ki, Fuad Abbasovun Rusiyadan deportasiya edilməsi hüquqi yox, daha çox siyasi məsələdir. Fuad Abbasov deportasiya olunması bəzi dairələrin marağında idi. Rusiya mətbu orqanlarında Fuad Abbasovla bağlı yayılan məlumatların bir hissəsini oxumuşam. Həmin məlumatlarda həmyerlimizi milliyyətçi, Rusiyanı gözü götürməyən və hakimiyyətin siyasətini sevməyən, Rusiyanın Ukraynada və Krımda apardığı siyasətini pisləyən, hədəfə götürən bir şəxs kimi təqdim ediblər. Doğrudur, Rusiyanın siyasətini ruslar özləri də tənqid edirlər. Ancaq görünür ki, bəzi dairələr, o cümlədən Azərbaycan diasporunun ermənilərlə bağlı olan bir hissəsi Rusiya hakimiyyət dairələrinin Fuada qarşı olan kinindən istifadə edib belə bir məhkəmə qərarının qəbuluna nail oldular. Belə bir qərara da ona görə nail olublar ki, həmin şəxslər, dairələr daha aktiv fəaliyyət göstərirdilər nəinki Fuadın tərəfdarları”.

Əsabəli Mustafayev onu da vurğulayıb ki, Azərbaycanda oturub Fuad Abbasovu Moskvada hüquqi cəhətdən müdafiə etmək olmaz:

“Hesab edirəm ki, Fuad Abbasovun oradakı vəkilləri prosesi davam etdirməlidirlər. Onlar yerli məhkəmənin qərarından Avropa İnsan Haqları Məhkəməsinə şikayət verməlidirlər. Heç olmasa, bu qanunsuzluğun tanınmasına nail olunmalıdır ki, gələcəkdə Rusiyanın hakimiyyət dairələri tərəfindən bu cür qərarların qəbulu dayandırılsın. Çünki onların “qələbə”si bəzi dairələrin xoşlarına gəlməyən insanlara qarşı bu cür üsullara əl atmasına ruhlandıracaq. Ona görə də məsələni həm Avropa İttifaqı, həm də ATƏT-lə işləmək lazımdır. Ümumiyyətlə, bu sahədə həm Azərbaycan hakimiyyəti, həm vətəndaş cəmiyyəti, həm də hüquq müdafiəçiləri çalışmalıdırlar”.

Şərhlər

XƏBƏR LENTİ