SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » 4 saylı Şirvan “MERO”-su yol qəzalarındakı ucuz ölümlərə səbəb olur

4 saylı Şirvan “MERO”-su yol qəzalarındakı ucuz ölümlərə səbəb olur

Tarix:

10-03-2017, 18:44

/ 2 835 dəfə oxundu.
4 saylı Şirvan “MERO”-su yol qəzalarındakı ucuz ölümlərə səbəb olur

Azərbaycanın regionlarındakı «avtoşkola»ların himayəçisi kimdir və niyə bu məktəblərdəki biabırçılığa son verilmir?
Bu yaxınlarda ölkənin aparıcı televiziyalarında 2016-cı ildə Respublikanın yollarında baş verən avtoqəzalarda həlak olanların və ağır xəsarət alanların sayı açıqlandı. Məlumat BDYP-u idarəsinin hesabatı əsasında hazırlanmışdı. Avtoqəzalarda həlak olanların və xəsarət alaraq ömürlük şikəst olanların sayı respublika əhalisinin hər min nəfərlik sayına görə fantastik dərəcədə çox idi. Əslində gündəlik informasiya vasitələrindən bu kimi faciəli məlumatları oxuyur və görürük. Belə faciəli məlumatlar hər bir ölkə vətəndaşını kədərləndirir. Nəzərə alsaq ki, avtoqəzalarda həlak və şikəst olanların mütləq əksəriyyəti gənclərdir, faciənin nə qədər üzüntülü və əhalinin genefonuna hansı miqyasda ziyan vurmasının şərhinə ehtiyac qalmaz. Xain qonşu dövlətlə müharibə vəziyyətində olan bir ölkə üçün hər il minlərlə gənc kişilərin itirilməsi hər bir vətəndaşımızda dərin təəssüf hissi doğurur.

Yollardakı ölümlü avtoqəzalarda sürücü səriştəsizliyinin payı nə qədərdir?

Respublikamızın magistral yolları, o cümlədən, istər beynəlxalq, istər respublika əhəmiyyətli yolları bütövlükdə dünya standartlarına cavab verdiyi halda bəs nə üçün bu qədər yol qəza hadisələri baş verir? Nəticədə on minlərlə ailələr başsız qalır, həm millətimizin genefonuna, həm də dövlətimizin büdcəsinə sayı və məbləği bilinməyən ziyan dəyir. Bütün bunlara azacıq da olsa aydınlıq gətirməyə çalışacağıq.
Bu məqsədlə bəzi rayonlarımızda fəaliyyət göstərən sürücülük məktəblərində tədrisin hansı vəziyyətdə olması ilə bağlı jurnalist araşdırması aparmağı qərara aldıq. Araşdırmanın nəticəsini oxucularımızın diqqətinə çatdırmağı özümüzə borc bildik. Bu məqsədlə Şirvan şəhərində, Salyan, Saatlı, Sabirabad, Hacıqabul rayonlarında yerləşən sürücülük məktəblərinin müəllim və kursantları ilə görüşüb söhbət etmək üçün yuxarıda adları çəkilən məktəblərdə olduq. Amma...
***
…Amma bu məktəblərdən dərin təəssüf və kədər içində ayrıldıq, başa düşdük ki, nə üçün ölkəmizin müasir tələblərə cavab verən avtomobil yollarında bu qədər qəzalar olur…
***
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin tabeliyində “Hərbi vətənpərvərlik və Mütəxəssis hazırlığı” MMC adlı bir qurum var. Bu MMC-nin tərkibində fəaliyyət göstərən bu məktəblərin adlarının olub, əslində isə özlərinin mövcud olmamasının şahidi olduq. General Arzu Rəhimovun rəhbərlik etdiyi xidmətin tabeliyindəki bu MMC sözün əsil mənasında bizdə MMC deyil EOSOC, yəni, «evdə otur sürücü ol!» Cəmiyyəti təəssüratı yaratdı. Araşdırma apardığımız məktəblərin bir neçəsi aşağıdakı rayonlarda yerləşir: 3-ü Salyanda, 2-si Şirvanda, 2-si Sabirabadda, 1-i Saatlıda, 1-i isə Hacıqabulda.
İlkin olaraq Salyan rayonundakı məktəblərdə olduq. Olduq deyəndə ki, hər üç məktəbin qapısından qıfıllar asılmışdı. Məktəblərin bağlı olmasının səbəbini kimsədən öyrənə bilmədik. Məktəblərin həyətində sovet dönəmindən qalma bir neçə sökülüb dağılmış və istifadəyə yararsız bir-iki yük maşınlarının skeletləri var idi. Ancaq bizdə olan məlumata görə, bu maşınlar guya işlək vəziyyətdədir. Onlara hər gün yanacaq və sürtgü yağları yazılaraq silinir. Ona görə ki, guya bu maşınlarla kursantlara təlim keçirilir. Hər məktəbdə, yəni Faiq Misgərli və soyadını öyrənə bilmədiyimiz Nazim adlı müəllimin rəhbərlik etdiyi məktəblərin hər birində bir neçə təlim üçün nəzərdə tutulmuş minik avtomobili var.

Bəs necə olur ki, qapısı qıfıllı bu məktəbləri “uğurla” bitirən yüzlərcə gənc Şirvan «MERO»da “müvəffəqiyyətlə” imtahan verib sürücülük vəsiqəsi alır?

Ancaq bu avtomobillər Nazim və Faiq müəllimin şəxsi xidmətindədir, məktəbə təlim üçün ayrılan yanacaq və sürtgü yağlarını da onlar şəxsi özləri üçün istifadə edirlər.
Məktəblərdə “təhsil” alan kursantların olmasından müəllim və usta heyətinin xəbərləri belə yoxdur. Ancaq bu məktəbləri “uğurla” bitirən yüzlərcə gənc Şirvan Regional İmtahan Qeydiyyat bölməsində “müvəffəqiyyətlə” imtahan verərək sürücülük vəsiqəsi alırlar. Bəs bu necə baş verir???
Dəhşət doğuran səbəblərdən biri də odur ki, bu məktəblərdə dövlət hesabına ordumuz üçün də sürücülər hazırlanır. Maraqlıdır ki, heç bir texniki bazası, sinif otaqları olmayan bu məktəblərdə ordumuz üçün hazırlanan hansı sürücüdən danışmaq olar? Təəssüf ki, belə sürücülər də yuxarıda adı çəkilən Regional İmtahan Qeydiyyatı bölməsində “uğurla” keçid alırlar.
Şirvan şəhərində Vahid Əhmədovun və Saatlı rayonunda Maqsud müəllimin (Soyadını məktəb işçiləri də bilmir) rəhbərlik etdikləri məktəblərin yerini isə belə bilən olmadı. Vahid Əhmədovun məktəbini birtəhər tapdıq. Ancaq dərs saatı olmasına baxmayaraq, məktəb bağlı idi. Məktəbin həyətində məktəbə aid heç bir texnika yox idi. Ancaq bəzi mənbələrdən öyrəndik ki, Vahid Əhmədovun məktəbində adları dərsdə gedən 50-dən artıq kursant var. Ancaq onlar Vahid müəllimlə çöldən-çölə görüşüb ayrılırlar… Sonra isə onlar sürücü olurlar!
Maqsud müəllimin rəhbərlik etdiyi Saatlı rayon sürücülük məktəbinin də adı var, özü isə yoxdur. Bəs necə olur ki, mövcud olmayan məktəbin kursantları Şirvan şəhərində imtahan verib vəsiqə alırlar?
Sabirabad rayonunda Balay İbişovun direktoru olduğu sürücülük məktəbinin sinif otaqları olsa da, ancaq siniflərdə bir nəfər də olsun kursant yox idi. Məktəbin həyətində olan texnikaların heç biri işlək vəziyyətdə deyildi.
Gündüz Soltanovun rəhbərlik etdiyi məktəb isə ümumiyyətlə, yox səviyyəsində idi. Nədənsə bu məktəbin “kursantları” da eyni imtahan bölməsində uğurla imtahan verərək, vəsiqə alırlar.

Şirvan şəhərində gördüklərimizdən utandıq…

Yuxarıda adları çəkilən rayonlarda araşdırmamızı başa çatdırandan sonra ümid edirdik ki, Şirvan şəhərində uzun illərdən bəri fəaliyyət göstərən, şanlı keçmişi olan və ölkəmizə uzun illər şərəflə xidmət edən, hal-hazırda İlham Hüseynovun rəhbərlik etdiyi məktəb arzularımızı doğruldacaq. Ancaq əfsuslar olsun ki, arzumuz gözümüzdə qaldı. Məktəb suyu sovrulmuş dəyirmana bənzəyirdi. Məktəbin yerində uçuq-sökük, köhnə bir mərtəbəli binadan başqa heç nə yox idi. Məktəbin həyətində yaşlı bir adam çox hüznlü bir şəkildə köhnə binaya baxırdı. Ona yaxınlaşıb məktəbdə kimsənin olub-olmadığını soruşdum. Cavab verdi ki, məktəb bağlanıb. İlham müəllim isə gününü çayxanalarda domino oynamaqla keçirir.
Nə etmək olardı? Oradan qayıdıb Şirvan şəhər Regional İmtahan Qeydiyyat bölməsinə gəldik... Amma bölmənin həyətində qələbəlik idi. Əməkdaşların birindən soruşdum ki, nə çox adam var. Cavab verdi ki, bu gün imtahan günüdür. Soruşdum ki, hansı məktəblər imtahan verir. Dedi ki, İlham Hüseynovla Azad Baxışovun məktəbi. İnanılası iş deyildi. Sadəcə, şoka düşdük… Adları çəkilən direktorların rəhbərlik etdikləri məktəblər fəaliyyət göstərmirdisə, bəs bu qədər uşaq harda təhsil almışdır? İmtahandan çıxan bütün uşaqlar sevinclə “keçdim” deyirdilər.
***
Bəli, bax indi başa düşdüm ki, ölkəmizdə bu qədər qəzalar hansı səbəbdən baş verir. Yaxud da ki, belə sürücülük məktəblərini “bitirən” gənclərimizə hərbi texnikanı etibar etmək olarmı? Sonda üzümü “Hərbi vətənpərvərlik və Mütəxəssis hazırlığı” MMC-nin rəhbərliyinə üz tutaraq soruşmaq istəyirik: cənablar, axı biz kimi aldadırıq? Xalqı, yoxsa özümüzü, dövləti???
Və sonda həm də çox istərdik ki, bu yazını həm də Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi də nəzərdən qaçırmasın. Çünki yollarımızdakı ucuz ölümlərin vacib səbəblərindən birinin ünvanını biz göstərdik…
Araşdırmamız davam edir.

Şərhlər

XƏBƏR LENTİ