“Su oliqarxların sahələrinə gedir, bəs yazıq kəndli necə dolanmalıdır?” - FAKT BUDUR!

“Su oliqarxların sahələrinə gedir, bəs yazıq kəndli necə dolanmalıdır?” - FAKT BUDUR!  
Artıq ölkəmizdə Novruz Bayramı ilə əlaqədar bayram süfrələrinin bəzədilməsi üçün kənd təsərrüfatı məhsullarının kütləvi satışına start verilib.

Təbii ki, hər kəs ailə büdcəsinə uyğun olaraq bayram bazarlığını etməyi planlaşdırır. Ancaq uzun illərdir bayram ərəfələrində yarmarkalarda, eləcə də bazarlarda qiymət artımlarına rast gəlinir.

Bu Novruz Bayramı ərəfəsində də qiymətlərin qalxacağı istisna olunmur. Bəs görəsən, qiymət artımının qarşısının alınması üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov kənd məhsullarının qiymətinin artmasının səbəbinin mövcud şərait olduğunu deyib. Onun sözlərinə görə, əkinçilər ciddi su problemi ilə üzləşirlər:

“Qiymət artımından əvvəl buna səbəb olan faktları sadalamaq lazımdır. Bu gün bölgələrdə əkinçilər ciddi su qıtlığı yaşayırlar. Kür çayında su azalıb. Hərə bir motor qoşub suyu çəkir, su ancaq oliqarxların sahəsinə gedir. Belə davam etsə, 2-3 ilə Kür çayı quruyacaq. Su ehtiyatlarımız tükənir, bulaqlarımız quruyur. Nə qədər ki, dövlət strukturları arasında koordinasiya yoxdur, bu problemlər yerində qalacaq. Səlahiyyətlilər ancaq saxta statistika dalınca qaçdılar. Daha çox su məmurların, oliqarxların böyük fermer təsərrüfatlarına verilir. Adi fermer isə vaxtlı-vaxtında su ilə təmin olunmur. Əslində bu problemini çözmək elə də böyük maliyyə vəsaiti, böyük iş tələb etmir. Su bütün təsərrüfatlara ədalətli çatdırılarsa, problem çözülər.

Hazırda Şəmkirdə fermerlər çətin vəziyyətdədir. Onlar əkin sahələrinin suvara bilmirlər, durum acınacaqlıdır. Əsas gəlirləri təsərrüfat olan kənd sakinləri susuzluq səbəbindən məhsul götürə bilməyəcəklər. Su oliqarxların sahələrinə gedir, bəs yazıq kəndli necə dolanmalıdır? Kənd Təsərrüfatı Nazirliyi əkinçilərə subsidiya ödəyir. Lakin Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti isə əkinə yararlı torpaqları lazımi su ilə təmin etmir.

160 min hektar örüş sahəsini əkinə yararlı torpaq sahəsinə çevirə bildilər və həmin torpaq sahələri oliqarxlar arasında bölündü. Lakin heç kim "bu torpaqlar hansı su ilə suvarılacaq?" sualına cavab vermədi. Mövcud əkin sahələrinin 30%-i sulama potensialına sahib deyil.

Bazar qorunmur. Biz yalnız qiymət baha olduğunda narazılığımızı bildiririk, amma bunun səbəblərini araşdırıb gün üzünə çıxarmırıq”.

Ekspert bayramqabağı təşkil olunan yarmarkaların fermerlərə heç bir maddi faydasının olmadığını qeyd edib:

“Bazar qorunmalıdır. Kənd təsərrüfatı məhsullarının ucuz satışı üçün yarmarkalar təşkil olunur? Bir nəfər çıxıb deməlidir ki, sən kimsən ki, kəndlinin məhsulunu ucuz satırsan? Sən hesablayıbsan ki, həmin məhsulun maya dəyəri nə qədərdir? Niyə hər zaman fermer əzilməlidir? Bu gün kənd təsərrüfatı məhsullarının əksəriyyəti maya dəyərindən aşağı satılır. Kənd Təsərrüfatı Nazirliyinin əmək məhsuldarlığının yüksəlməsi, məhsul dəyərinin yerinə oturması üçün dəyər zəncirini düzgün qurmalıdır.

Kəndli əkdiyindən pul qazanmalıdır, hədəf o deyil ki, şəhərdə yaşayanlar fermerin məhsulunu ucuz alsın. Ancaq icra nümayəndələri, bələdiyyələr bir qazel mal yığıb Bakıya gətirirlər, guya məhsulların ucuz satışını təşkil edirlər”.

Ş.Nəcəfov qeyd edib ki, səlahiyyətli qurumlar fermerin problemini həll etməlidir:

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti problemlə maraqlanmalıdır. Çayların suyu hara gedir araşdırmalıdırlar. Meliorasiya cəmiyyətinin sədri kimdir mən heç tanımıram. Bir dəfə problemlərlə maraqlanmayıb. Yalandan ingilis dili bilənləri gətirib rəhbər vəzifələrə qoyurlar. Sahədən xəbəri olan, problemləri çözə biləcək adamlar məsələ ilə maraqlanmalıdır”.Yenisabah.az
Geri qayıt