Azərbaycanda kreditlərə bağlı yeni qərar - Prezident dəyişikliyi təsdiqlədi

Azərbaycanda kreditlərə bağlı yeni qərar - Prezident dəyişikliyi təsdiqlədi 2017-ci ildə Azərbaycanda maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı ilə bağlı görüləcək tədbirlər açıqlanıb.

Bu, ölkə prezidentinin "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 13 iyul 2016-cı il tarixli sərəncamının həyata keçirilməsinə dair ötən gün təsdiq edilmiş Tədbirlər Planında öz əskini tapıb.

Plana əsasən, bu il aşağıdakı tədbirlərin görülməsi nəzərdə tutulub:

- Daşınar əmlak üzərində yüklülüyün yaranması, üçüncü şəxslər üçün yüklülük barədə məlumatların əldə olunmasının açıqlığı, daşınar əmlaka tutma yönəldilməsi (realizəsi) ilə bağlı vahid yanaşmanı (girov, lizinq, faktorinq və digər bütün münasibətlər üzrə eyni prosedur) əks etdirən qanunvericilik aktlarının işlənməsi;

- Daşınar əmlakın hər hansı kateqoriyasının (məsələn, avadanlığın) yüklülük verənin (borclunun) sahibliyində qalmaqla müqavilədə və reyestrdə ümumi formada təsvirinə icazə verilməsi;

- Gələcəkdə əldə olunacaq əmlakın yüklü edilməsinə icazə verilməsi və yüklülüyün bəhərə, məhsula, habelə daşınar əmlakın əvəzlənməsi halında yeni daşınar əmlaka da avtomatik şamil olunması tədbirlərinin müəyyənləşdirilməsi;

- Əsas öhdəliyin ümumi formada təsvirinə, bütün növ öhdəliklərin təmin olunmasına və yüklülük müqavil əsində əsas öhdəliyin maksimal ölçüsünün göstərilməsinin mümkünlüyünə icazə verilməsi;

- Fiziki və hüquqi şəxslər üçün şəffaf və əlçatan olan, bütün ölkəni və bütün aktivləri əhatə edən, habelə yüklülük verənin (borclunun) identifikasiyası ilə əlaqələndirilən onlayn reyestrin yaradılması və fəaliyyətinin təmin edilməsi;

- Reyestrin bildiriş əsasında yüklülüyü qeydə alması (elektron bildirişin qeydə alınması formasında və sənədləri özündə toplamadan) və yüklülüyün bütün növlərini əhatə etməsi;

- Reyestrin maraqlı üçüncü şəxs tərəfindən yeni yüklülüyün onlayn formada qeydə alınmasına, mövcud yüklülüklərdə dəyişiklik edilməsinə və onlara xitam verilməsinə, habelə axtarış aparılmasına imkan verməsi;

- Yüklülük müqaviləsinin bağlanması zamanı daşınar əmlaka tutma yönəldilməsinin məhkəmədənkənar qaydasına icazə verilməsi, yüklülük sahibinin (kreditorun) daşınar əmlakı dövlət və ya özəl hərracda satmasına, habelə borc əvəzində daşınar əmlakı mülkiyyətinə götürməsinə icazə verilməsi;

Qeyd olunan tədbirlərin icrası ilə Prezident Administrasiyası, Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi məşğul olacaq. Yüklülük mexanizminin təkmilləşdirilməsi nəticəsində əməliyyatların sayının artması gözlənilir.

Geri qayıt