Bank sektorunda inhisar: böyüklər kiçikləri “udur” - TƏHLİL

Bank sektorunda inhisar: böyüklər kiçikləri “udur” - TƏHLİL Bank sektoru 2015-ci ildə baş vermiş devalvasiyalardan ağır zərbə aldı. Həmin ildən 2021-ci ilə qədər Azərbaycanda fəaliyyət göstərən 43 bankdan 17-si fəaliyyətini dayandırıb. Ölkədə bu sferaya aid olan cəmi 26 kommersiya təşkilatı fəaliyyət göstərir ki, bu da 6 ildə 40 faiz azalma deməkdir. Mərkəzi Bank sonuncu belə qərarı ötən il aprelin 27-də verib. Qərara əsasən “Amrahbank”, “NBC Bank”, “Ata Bank” və “AGBank”ın lisenziyası ləğv edilib və onlara müvəqqəti inzibatçılar təyin olunub. Ekspertlərin qiymətləndirməsinə görə, ilk onluğa düşə bilməyən 4 bankın bazar payı 5%-ə yaxın, kredit bazarındakı payı 7%-dən az, depozit bazarında isə 4%-dən az təşkil edib.

Devalvasiyalardan banklarla birlikdə bank olmayan kredit təşkilatları da zərərsiz ötüşməyib. Son 5 ildə ölkədəki bu tip qurumların təxminən hər beşindən biri fəaliyyətini dayandırıb.

Bağlanan bankların bazar payını sektordakı iri kommersiya qurumları ələ keçirib. Əgər 2015-ci ildə ölkədəki ən böyük 5 bankın bazar payı 58 faiz idisə, artıq 2 il sonra bu rəqəm 10 faiz artaraq 68 faizə yüksəlib. 2021-ci ilin birinci rübünün nəticələrinə görə, ən böyük 5 bankın bazar payı 73 faizə yaxındır. Bu rəqəm həm də qısa müddətdə inhisarçılığın artan miqyasından xəbər verir.

Bu rəqəmlər onların mənfəətlərində də özünü çılpaq şəkildə göstərir. Belə ki, 2020-ci ilin yekunlarına görə, bank sektorunun əldə etdiyi 567.8 milyon manat xalis mənfəətin 516.4 milyon manatı, yəni 91 faizi sadəcə, 3 bankın mənfəətindən ibarət olub. Həmin üç bankın biri səhmləri dövlətə məxsus Azərbaycan Beynəlxalq Bankıdır. Digər ikisi isə “Paşa Holding”ə daxil olan “Kapital Bank” və “Paşa Bank”dır. Təkcə “Paşa Holding”ə aid 2 bank 2020-ci ildə 26 bankdan ibarət bank sektorundan əldə edilən mənfəətin 68 faizinə, yəni 387 milyon manata sahib olub. Holdinqə daxil olan iki bankın aktivlərinin toplam dəyəri 11.3 milyard manata yaxındır. Bu, ölkə bank sektoru aktivlərinin təxminən üçdə biri deməkdir.

Bu ilin ilk rübünün yekunlarına görə, banklarda saxlanılan depozitlərin toplam həcmi 21 milyard manata yaxındır. Həmin vəsaitin təxminən 14 milyard manatı, yəni üçdə ikisi yuxarıda adı çəkilən üç banka məxsusdur. Kredit portfelinə gəlincə, ilk rübün nəticələrinə görə, ölkə üzrə kredit portfelinin həcmi 14.4 milyard manat olub. Həmin vəsaitin də yarısı elə adı çəkilən üç bankın verdiyi kreditlərdir.

Rəqəmlərdən göründüyü kimi, bank sektorunda inhisarçılıq pik həddə çatıb. Sektorda olan 20-yə yaxın digər bankın bazar payı 3 bankdan birininki qədər dəyil. Onların bəziləri ötən ili zərərlə başa vurublar və 50 milyonluq nizamnamə kapitalı və digər öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkirlər. Tendensiya ondan xəbər verir ki, yaxın gələcəkdə daha bir neçə maliyyə təşkilatı fəaliyyətini dayandıracaq.

Vəziyyətin bu həddə gəlməsində hansı amillər rol oynayıb və vəziyyətdən çıxış yolu varmı?

Bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov “Press Klub”a bildirdi ki, Azərbaycanda nəinki bank sektorunda, digər sahələrdə də inhisarçılıq var. Onun sözlərinə görə, uzun illərdir ki, Rəqabət Məcəlləsinin qəbul edilməməsin səbəbi də bu inhisarçıların hökumətə göstərdiyi təzyiqlə əlaqədardır:

“Biz bunu başa düşürük, bank sistemində də problemlər buradan qaynaqlanır”.

Ekspert əlavə etdi ki, bu sektordakı problemin bir qismi obyektiv zərurətdən doğub:

“Zəif banklar bazardan çıxıb, onların payı isə bazardakı böyük bankların əlinə keçib. Prinsipcə, bu, normal prosesdir, böhran dövrlərində həmişə belə olur”.

Ə. Həsənov subyektiv səbəblər sırasında böyük bankların əlində bazar alətlərindən başqa digər vasitələrin – məmur dəstəyi, inzibati resursların olduğunu qeyd etdi. Onun sözlərinə görə, inhisarçılar bu dəstəkdən yararlanaraq, bazarda möhkəmlənirlər. Ekspert sektordakı inhisarçılığı həm də bank olmayan kredit təşkilatlarının zəifliyi ilə əlaqələndirir.

Vəziyyətdən çıxış yolları barədə fikirlərini açıqlayan Ə. Həsənov hesab edir ki, ilk növbədə Rəqabət Məcəlləsini qəbul etmək lazımdır:

“Bu məcəllə banklara da aid edilməlidir. Digər tərəfdən, bank olmayan kredit təşkilatlarının fəaliyyət dairəsini genişləndirmək lazımdır. Çünki bizdə bu tip təşkilatlar banklardan asılı qurumlardır, onlar müştərilərinə heç nağd kredit belə verə bilmirlər. Yəni müştəri gedib hansısa bankda mütləq hesab açmalıdır və s. Başqa ölkələrdə bank olmayan kredit təşkilatlarının banklardan yeganə fərqi odur ki, onlar əhalidən əmanət qəbul edə bilməzlər. Azərbaycanda isə bu maliyyə qurumları nə hesab aça, nə valyuta əməliyyatları apara, nə köçürmə, nə də müstəqil kredit verə bilirlər. Beləliklə, banklar kredit sistemini bütünlüklə inhisara alıblar. Hesab edirəm ki, bu problemlər aradan qaldırılarsa, bank sektorunda rəqabət güclənəcək”.

Ə. Həsənovun sözlərinə görə, poçt sisteminin faliyyəti də genişləndirilməlidir:

“Hazırda “Azərpoçt”da maliyyə xidmətlərinin bir hissəsi olan pulköçürmə və s. həyata keçirilir. Qanun bu quruma əmanət qəbul etməyə də imkan verir, amma bildiyim qədəri ilə lisenziyasında bu səlahiyyət nəzərdə tutulmayıb. Hesab edirəm ki, “Azərpoçt”a kredit vermək səlahiyyəti də verilməlidir. Əgər qanunda əmanət qəbul etmək səlahiyyəti varsa, yığdığı pulu neyləsin, gərək kredit versin. “Azərpoçt” ölkənin istənilən bölgəsində şöbəsi olan nəhəng qurumdur. Əgər biz maliyyə xidmətlərinin əlçatanlığından danışırıqsa, ölkənin ən ucqar bölgəsində belə bu xidmət olmalıdır. Bu baxımdan, orada banklar olmasa da, “Azərpoçt”un yaxşı infrastrukturu var. Ona görə də bankların funksiyasının müəyyən hissəsini poçta verməyə ehtiyac var. Bu, həm bank sektorundaki inhisarçılığı azaldar, həm də maliyyə xidmətlərinin əlçatanlığını təmin edər”.
Geri qayıt