Bakıda evlər bahalaşıb - SƏBƏBLƏR

Bakıda evlər bahalaşıb - SƏBƏBLƏR Paytaxtda təkrar mənzil bazarında qiymətlər artıb. Əsasən kiçik sahəli, ucuz evlərin qiyməti bahalaşıb. Ekspertlər deyirlər ki, qiymət bahalaşmasının bir neçə səbəbi var. Bu arada bağ evləri və torpaq sahələrinin qiymətində də artım müşahidə olunur.

Daşınmaz əmlak bazarında aktivlik artıb. Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirir ki, aktivliyin artmasının əsas iki səbəbi var. Birincisi mövsümü amil, ikincisi isə xüsusilə son dövrlər ipoteka ilə satılan evlərin sayının çox olmasıdır.Bina evlərinin təkrar satış qiyməti ötən illə müqayisədə 10 faizə yaxın bahalaşıb.

Ekspert deyir ki, qiymətlərin bahalaşmasına baxmayaraq əməliyyatların sayında və bazara müraciətlərin sayında əvvəlki illərlə müqayisədə azalma var.

Mənzillərlə yanaşı Bakı ətrafı kənd və qəsəbələrdə torpaq bazarında da qiymətlər bahalaşıb.

Əmlak eksperti Nüsrət İbrahimov isə bildirdi ki, bu il fərdi yaşayış və bağ evləri də bahalaşıb. Həmçinin uzun zamandır bu bazarda yaşanan durğunluq aktivliklə əvəzlənir.

Ekspertlər hesab edir ki, yay aylarına doğru bazarda aktivlik daha da artacaq. Bu isə nəticədə qiymətlərin indikdən daha da yüksək olmasına gətirib çıxaracaq.
Geri qayıt