İqtisadi tərəqqi ölkənin inkişafını və xalqın rifahını təmin edir

İqtisadi tərəqqi ölkənin inkişafını və xalqın rifahını təmin edir Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsində məqsəd yeni strateji dövrdə qarşıda dayanan məqsədlərə nail olmaq, bunun üçün uyğun siyasət və islahatlar çərçivəsini formalaşdırmaqdır.
Zamana və dövrün tələblərinə uyğun olaraq təkmilləşmə islahatların davamlılığını, inkişaf strategiyasının təkmilləşdirilməsini bir zərurətə çevirir. 2003-cü ildən başlanan yolun mahiyyəti bundan ibarət idi ki, dövlətimizin başçısı İlham Əliyev ölkənin innovasiya texnologiyaları əsasında ümumi modernləşdirilməsinə yönəlmiş dövlət idarəçilik sistemini reallaşdırmağa başladı. «Neft kapitalını insan kapitalına çevirək» tezisini irəli sürən cənab İlham Əliyev, eyni zamanda, təhsilin, elmin və iqtisadiyyatın vəhdətinin yaradılmasının vacibliyini diqqətə çatdırdı. Bu reallıq da xüsusi qeyd edildi ki, Azərbaycan dövləti sosial-iqtisadi inkişafı hər zaman demokratikləşmə prosesi ilə paralel şəkildə həyata keçirir.
Son 17 ildə Azərbaycanın dayanıqlı inkişafın təmin edilməsi istiqamətində atdığı addımlar əldə olunan uğurlu nəticələrdə öz əksini tapıb. Prezident İlham Əliyev ilk olaraq iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasının prioritetliyini açıqladı. Bu məqsədə uyğun olaraq ilk addım 24 noyabr 2003-cü il tarixli «Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi haqqında» Fərmanın imzalanması oldu. Həmçinin regionların malik olduğu imkanlardan səmərəli istifadəni təmin etmək məqsədilə növbəti Sərəncam regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının təsdiqlənməsi ilə bağlıdır. Artıq bugünədək 3 Dövlət proqramı uğurla icra edilib və dördüncü sənədin icrası davam edir. Regionlarla yanaşı, Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət proqramları qəbul olundu və uğurla icra edildi. Bu sənədlərin uğurlu icrası nəticəsində iki milyondan artıq yeni iş yeri yaradılıb.
Azərbaycanın pandemiya ilə mübarizə dövründə 30-dan artıq ölkəyə humanitar yardım göstərməsi, hətta vaksinlərin alınması ilə bağlı dünyaya kasıb ölkələrə kömək etmək üçün çağırışlar etməsi də qlobal problemi birgə aradan qaldırmaq istəyini ortaya qoymaqla yanaşı, ölkəmizin iqtisadi və sosial imkanlarının təqdimatı oldu. Əgər 2003-cü ildə Dövlət Neft Fondunun vəsaitləri 800 milyon dollar təşkil edirdisə, 2021-ci ilin yanvarın 1-ə olan məlumata görə, 43 milyard dollardan artıqdır. Ölkə iqtisadiyyatına qoyulan investisiyanın həcmi 270 milyard dollara çatıb. Valyuta ehtiyatlarımız 52 milyard dollara yaxındır.
Qeyri-neft sektorunun inkişafına geniş imkanlar açan enerji sektorunda da davamlı uğurlara imza atılıb. Son 17 ilin bu sahədə əldə edilən uğurlarına diqqət yetirsək görərik ki, Azərbaycan dünyanın enerji xəritəsini yenidən tərtib edib. 2006-cı ildə BTC neft, 2007-ci ildə BTƏ qaz kəmərlərinin reallığa çevrilməsi, 2017-ci ilin oktyabrında Azərbaycanın tranzit imkanlarının təqdimatında əhəmiyyətli rol oynayan BTQ dəmir yolunun istifadəyə verilməsi, növbəti illərdə çoxtərəfli əməkdaşlığın formalaşdırılması, regional çərçivədə başlayan əməkdaşlığın coğrafiyasının genişlənməsi diqqətdən kənarda qalmır. 2017-ci ildə “Yeni əsrin müqaviləsi” imzalandı, 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, onun əsas seqmentlərindən olan TANAP istifadəyə verildi. 2020-ci ilin dekabrın 31-də isə Cənub Qaz Dəhlizinin son tərkib hissəsi olan TAP istismara verildi.
Ölkəmizin iqtisadi tərəqqisi güclü sosial siyasətlə tamamlanır. Dövlətimizin siyasətinin əsasında Azərbaycan vətəndaşı dayanır. Prezident İlham Əliyevin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiqlənmiş «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası, həmçinin 12 istiqaməti əhatə edən Strateji yol xəritələri hazırlanaraq uğurla icra edilir. Məqsəd ölkənin hərtərəfli inkişafına nail olmaq, əhalinin sosial müdafiəsini gücləndirməkdir. İnkişaf Konsepsiyasında yer alan əsas hədəflər Azərbaycanın inkişaf etmiş ölkələr sırasında addımlamasına, həmin dövrə qədər üç dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq, eyni zamanda, Azərbaycanı yüksək gəlirli ölkəyə çevirmək idi.
Dövlət başçısı İlham Əliyev mütəmadi olaraq bölgələrə səfər edir, ictimaiyyət nümayəndələri ilə görüşləri zamanı təklifləri bilavasitə onların özündən öyrənir. Ölkə Prezidenti ilk növbədə rayonlarda infrastrukturun yaradılması, yolların çəkilməsi, təhsil, səhiyyə, mədəni-məişət obyektlərinin inşası ilə bağlı istəklərə başlıca tələb kimi diqqətlə yanaşır.
Ölkədə korrupsiya və rüşvətxorluq hallarına qarşı davamlı mübarizənin gücləndirilməsi, sistem xarakterli islahatların aparılması Prezident İlham Əliyevin siyasi iradə və qətiyyətinin təzahürüdür. Təkcə son iki ildə həyata keçirilən sosial paketlərə diqqət yetirmək kifayətdir. 2019-cu ildə 4,2 milyon insanı əhatə edən sosial paket onların sosial müdafiəsinin gücləndirilməsini təmin etdi.
Azərbaycan bütün sahələrdə təcrübəsi ilə nümunə oldu. Yeganə problemimiz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi idi ki, o da dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, xalqımızın birliyi sayəsində həll olundu, işğala son qoyuldu, doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız Böyük Qayıdışı gözləyir.
Göründüyü kimi, dövrün, zamanın tələbi əsasında təsdiqlənən Dövlət proqramlarının, İnkişaf strategiyalarının icrasının uğurlu sonluqla başa çatması digər sənədin qəbulunu zərurətə çevirir. Bu, bir daha onu göstərir ki, dövlətimizin başçısı İlham Əliyevin qarşıya qoyduğu məqsədə uyğun olaraq Azərbaycan əldə etdiyi uğurlarla kifayətlənmir, daim irəliyə baxır.


Tufan Məmmədov – iqtisadçı ekspert
Geri qayıt