Ötən il 30 milyardlıq alış-veriş olub

Ötən il 30 milyardlıq alış-veriş olub Dövlət Statistika Komitəsi pərakəndə ticarət dövriyyəsi haqqında statistikanı açıqlayıb.

xalqxeber.az xəbər verir ki, 2016-cı ildə ölkədə pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin səviyyəsini müqayisəli qiymətlərlə 1,5 faiz üstələyərək 30,2 milyard manata bərabər olub. İstehlakçılara 15,1 milyard manatlıq və ya 2015-ci ilə nisbətən real ifadədə 2,1 faiz çox ərzaq məhsulları, içkilər və tütün məmulatları, 0,8 faiz çox qeyri-ərzaq məhsulları satılıb.

Hesabat ilində istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,9 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebelin, 5,6 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,6 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2016-cı ildə istehlak məhsullarının 10,9 faizi hüquqi şəxs statuslu müəssisələr, 55,7 faizi fərdi sahibkarlar tərəfindən, 33,4 faizi isə bazar və yarmarkalarda satılıb.

Hesabat ilində əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 261,0 manat və ya 2015-ci ilin müvafiq göstəricisindən nominal ifadədə 36,1 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 130,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 130,7 manatlıq qeyri-ərzaq məhsulları alıb.
Geri qayıt