İş adamlarının dollar probleminin arxasında nə durur? - Bankların yeni oyunu, yoxsa

İş adamlarının dollar probleminin arxasında nə durur? - Bankların yeni oyunu, yoxsa Azərbaycandakı iş adamları nağdsız valyuta əməliyyatlarında çətinlik ilə qarşılaşdıqlarını iddia edirlər.

Sahibkarların Marja-ya verdikləri məlumata görə, banklar şirkətlərin və fərdi sahibkarların xaricə köçürmə tapşırıqlarını "konvertasiya edə bilmədiklərindən" icra etmirlər.

"Biz idxal ilə məşğuluq. Adətən aldığımız malın dəyərini ödəyən zaman hesabımızdakı məbləğ həmən günün məzənnəsi ilə ABŞ dollarına konvertasiya edilir və sonra köçürmə həyata keçirilir. 2021-ci ilin ilk iş günündən banklar bizim konvertasiya (valyutaya dəyişdirilməsi) istəklərimizi təmin etmirlər. Bizə verilən məlumata görə, yaranmış vəziyyət bankların valyuta hərracından dollar ala bilməmələri ilə bağlıdır.

Bu absurddur, Mərkəzi Bankın məlumatına görə, bu gün valyuta hərracında banklara 70,6 milyon dollar satılıb. Həmçinin "qara bazar"dan istənilən qədər 1.72 manatdan dollar tapmaq mümkündür. Xarici tərəfdaşlarımıza yaranmış vəziyyəti izah etməkdə çətinlik çəkirik. Digər tanış sahibkarlar da eyni vəziyyətlə üzləşiblər".

Qeyd edək ki, ölkəmizdə xeyli müddətdir ki, valyuta qıtlığının yarandığı bildirilir. Bildirilir ki, son 3-4 ay ərzində bu qıtlıq xüsusi ilə ciddi xarakter alıb. Doğrudur, Mərkəzi Bank mütəmadi olaraq valyuta hərracının keçirilməsi ilə bağlı xəbərlər yayır və hərracda satılan dolların həcmi ilə bağlı ictimaiyyətə məlumatlar verir. Amma son aylarda sahibkarların dollar əlçatanlığı olmaması səbəbindən əziyyət çəkdiyi qeyd olunur. Bu da “qara bazarın” daha da aktivləşməsinə şərait yaradır.

Yeni il başlanandan yaranmış durumun səbəbi nədir? Pul köçürmələrində yaşanan durum idxalda problemlərə gətirib çıxara bilərmi?

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında bildirib ki, bu cür durumun yaranmasının bir neçə səbəbi ola bilər:

“İlk səbəb banklarda valyuta çatışmazlığının yaranması ola bilər ki, bunun da günahı Mərkəzi Bankın üzərinə düşür. Bankın sədri ötən ilin sonunda parlamentdə çıxışına devalvasiya qorxusunun olmadığını bildirirdi. Əgər qorxu yoxdursa, onda niyə dollar satılmır. Yeri gəlmişkən, mən də devalvasiyanın olacağına inanmıram, amma bankın əməli bank rəhbərinin sözünü təkzib edir”.

Ekspert deyir ki, bu durum bankların özü tərəfindən də yaradıla bilər: “Ola bilər ki, banklar sadəcə “oyun oynayırlar”.

Doğrudur, Mərkəzi Bankın sədri devolvasiyanın olmayacağını deyib, amma 2015-ci ildən sonra Elman Rüstəmova etibar edənlərin sayı azalıb. Onun sözlərini bəziləri əksinə qəbul edir. Digər tərəfdən isə benzin və dizelin bahalaşması da nədənsə devalvasiya gözləntilərini artırıb, halbuki bu məsələnin devolvasiya ilə əlaqəsi yoxdur. “Qara bazar” sahiblərinin də vəziyyəti qəsdən bu istiqamətə yönəltməsi mümkündür ki, hər kəs “qara bazardan” daha yüksək qiymətlərlə dollar alsın. “Qara bazar” iştirakçılarının da banklarla əlaqəsinin olması ilə bağlı böyük ehtimal var. Bankların bilərkən belə bir panika yaratması mümkündür”.

Əkrəm Həsənov deyir ki, burada üçüncü səbəbin də olması mümkündür:

“Ola bilər ki, banklara qeyri- rəsmi göstəriş verilib ki, xaricə köçürmələrlə bağlı əvvəlcə Maliyə Monitorinq Xidmətinə müraciət olunsun. Maliyyə Monitorinq Xidməti çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşməsi ilə mübarizə aparan qurumdur. İstənilən vətəndaş və ya hüquqi şəxs bankda pul köçürmək istədiyi zaman həmin əməliyyat şübhəli bilinirsə, bank dərhal Maliyyə Monitorinq Mərkəzinə məlumat verir. Belə olduqda Mərkəz 2 gün müddətində banka cavab verir. Problem yoxdursa, pul köçürülməsi təmin edilir, hansısa problem aşkarlanan zaman əlavə 2 gün də araşdırılma davam etdirilir. Amma müştəriyə bu haqda məlumat verilmir. Müxtəlif bəhanə gətirilə bilər, amma bu zaman həmin şirkətin fəaliyyəti araşdırılır. Bu artıq Maliyyə Monitorinq Xidməti tərəfindən deyil, hüquq mühafizə orqanları tərəfindən aparılır. Ölkədən valyuta axının qarşısının alınması üçün banklara göstəriş verilə bilər ki, xaricə iri ödənişlər olan zaman onlar məlumat versinlər”.

Hüquqşünas deyir ki, bu durum idxalla bağlı problemlər yarada bilər: “Ola bilər ki, hansısa şirkətlər ölkədən valyuta çıxarmaq üçün xaricə köçürmə etsinlər, biz bunun şahidi olmuşuq, amma yəqin ki, böyük bir qism xaricdən mal almaq üçün bunu edir. Pul vaxtında köçürülməyəcəksə, mal da gətirilməyəcək. Hamıya da məlumdur ki, Azərbaycanda supermarketlədə satılan malların böyük əksəriyyəti xaricdən gətirilir. Belə bir durumun yaranması qıtlıq yarada bilər. Ümid edirəm ki, aidiyyəti qurumlar bu işlə məşğul olacaq və problemin bu həddə çatmasına imkan verməyəcək”.
Geri qayıt