Müəmmalı tender qalibləri – Heç kimin tanımadığı şirkətlərə “yaşıl işıq” yandıranlar

Müəmmalı tender qalibləri – Heç kimin tanımadığı şirkətlərə “yaşıl işıq” yandıranlar "Bu halın geniş yayılmasının kökündə cəzasızlıq mühiti dayanır”.

Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycanda yeni yaranan və təcrübəsi olmayan bu və ya digər şirkətlərin qısa zamanda hansısa tenderdə qalib gəlməsi hallarının geniş yayılmasının nədən qaynaqlandığına aydınlıq gətirərkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov deyib:

"Əslində, qanuna dəyişiklikdən daha çox ona əməl etmək lazımdır. Qanunvericilikdə konkret olaraq qeyd olunur ki, dövlət satınalmaları zamanı prosesə cəlb olunan şirkət və qaliblər müvafiq fəaliyyət istiqamətində təcrübəyə malik olmalıdırlar. Yəni, təcrübəsi olmayan şirkətlərin bu kimi satınalmalarda iştirakı məhdudlaşdırılmalıdır. Ola bilər ki, ölkəyə yeni gələn xidmətlərlə bağlı forsmajor vəziyyətdə, başqa variantlar olmadığı təqdirdə, yeni yaranan şirkətlər tenderlərin qalibi ola bilər. Amma digər hallarda qanunvericiliyin tələblərinə əməl edilməlidir”.

Ekspert qeyd etdi ki, cəzasızlıq mühiti bu istiqamətdə qanunvericiliyin mütəmadi olaraq pozulmasına şərait yaradır:

"Yeni yaranan şirkətlərin dərhal bu və ya digər tenderlərin qalibi olması kimi hadisələrin ölkəmizdə hələ də geniş vüsət almaqda davam etməsinin kökündə cəzasızlıqmühiti dayanır. Çünki dövlət satınalmalarında böyük leqal dövriyyə, sistemli şəkildə bir-birilə asılılıq var. Üst qurumlar da hansısa formada satınalmalardan bəhrələnir. Ona görə də burada hər kəs bir-birinə göz yumur”.

Həmsöhbətimiz Hesablama Palatasını da fəaliyyətsizlikdə suçladı:

"Analizlər göstərir ki, nəzarətedici qurum olan Hesablama Palatası zəif qurumdur. Onun fəaliyyətini daha çox rəy və fikir bildirmək şəklində görürük. Başqa konkret addımlar atılmır. Uzun müddət ərzində yaşanan cəzasızlıq prezumpliyası son nəticədə tenderlərin həyata keçirilməsində ciddi qanunsuzluqların baş verməsinə gətirib çıxarır”.
Geri qayıt