Tarif Şurasının qiymət artımı: - “İnflyasiya artacaq, devalvasiya...”

Tarif Şurasının qiymət artımı: - “İnflyasiya artacaq, devalvasiya...” Ötən gün axşam saatlarında Tarif (qiymət) Şurası yeni qərar verib.

Belə ki, Dövlət Neft Şirkətinin (SOCAR) Şuraya müraciəti müzakirə edilərək Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılmasına qərar verilib. Yeni qərardan sonra Aİ-92 markalı benzinin qiyməti 1(bir) manat, dizel yanacağının qiyməti isə 0.80 manat müəyyənləşdirilib.

SOCAR-ın müraciətində Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılması həmin məhsulların keyfiyyətin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması, neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsi ilə əsaslandırılıb.

Qeyd edilib ki, 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılması nəzərdə tutulur.

Benzin və dizel yanacağının bahalaşması inflyasiya ilə bağlı müzakirələr yaradıb. Bu, xüsusilə də kənd təsərrüfatı sahəsində həm istehsal xərcində, həm də satış qiymətlərində artıma səbəb ola bilər. Tarif Şurasının yeni qərarı devalvasiyanın olacağı ilə bağlı söyləntiləri də artırıb. Qeyd edək ki, bir müddət əvvəl devalvasiyanın olacağı ilə bağlı söhbətlər getsə də, sonda Mərkəzi Bank rəhbəri Elman Rüstəmov bunu təkzib etdi və devalvasiyanın olmayacağını dedi.

Maraqlıdır, Tarif Şurasının son qərarı inflyasiya səviyyəsinə necə təsir edəcək? Bunun manata olan təsiri necə olacaq?

İqtisadçı-alim Fuad İbrahimov Cebhe.info-ya açıqlamasında inflyasiya səviyyəsinin artacağını deyib:

“Dizel yanacağının qiymətinin 33 faiz artması şübhəsiz ki, qiymətəmələgəlmə prosesinə təsir edəcək. Burada ən çox narahatedici məqam kənd təsərrüfatı sektorudur. Çünki bu sektorda əsas texnika və digər yardımçı işlər məhz dizel yanacağı ilə işləyir. Bu baxımdan açıqlama verilib ki, bəzi subsidiyaların məbləğinə yenidən baxılacaq, amma hər bir halda daşınmalarda bu bahalaşma özünü göstərəcək. Bu da təbii ki, inflyasiya səviyyəsinin artmasına səbəb olacaq”.

F.İbrahimov devalvasiya məsələsinə də toxunub və manatın yaxın zamanlarda sabit qalacağını bildirib:

“Yanacaq vasitələrində qiymət artımının devalvasiyaya isə birbaşa təsiri yoxdur. Bizim valyuta ehtiyatlarımız kifayət qədərdir və son dərəcədə təhlükəli fon yaranmayıb. Ehtiyat fondunda da kortəbii xərclənmələr yoxdur və azalma müşahidə olunmur. Bu baxımdan müəyyən dövr üçün manatın məzənnəsinə hələlik heç bir təhlükə yoxdur”.
Geri qayıt