İqtisadiyyatın və Qarabağın bərpasında yeni maliyyə mənbəyi - GƏLİŞMƏ

İqtisadiyyatın və Qarabağın bərpasında yeni maliyyə mənbəyi - GƏLİŞMƏ Pandemiyanın dünya iqtisadiyyatında, o cümlədən Azərbaycan iqtisadiyyatında yaratdığı problemlərin həlli, dondurulmuş iqtisadiyyatın bərpası üçün çox böyük həcmdə investisiyaya ehtiyac var. Artıq dünyanın müxtəlif ölkələrində iqtisadiyyata maliyyə vəsaitlərinin cəlb edilməsi üçün axtarışlar aparılır, danışıqlar gedir və koronavirusla bağlı vaksinasiyanın kütləviləşməsindən, bu problemin həllini tapmasından sonra iqtisadiyyatın sürətli bərpa mərhələsi başlayacaq.

Azərbaycan üçün isə bu dövr iki aspektdən əhəmiyyət kəsb edir. Birincisi, postpandemiya dövründə iqtisadi itkilərin bərpası, real sektorun dirçəldilməsi, ikincisi isə Vətən savaşından sonra azad edilən ərazilərin bərpası və iqtisadiyyata qazandırılması. Bu iki istiqamətin hər biri kifayət qədər ciddi maliyyə vəsaiti tələb edir ki, hazırda hökumətin əlində Neft Fondu vəsaitlərindən başqa önəmli bir mənbə yoxdur.

Lakin ekspertlər hesab edir ki, Azərbaycanda əsas mənbələrdən biri də maliyyə və əmlak amnistiyası ilə bağlı qanunun qəbul edilməsi və nəticədə çirkli pulların, qeyri-leqal vəsaitlərin iqtisadiyyata qazandırılmasıdır. Məlum olduğu kimi, Azərbaycanda kifayət qədər vəsaiti olan insanlar olsa da, onlar hazırda müxtəlif yollarla real sektorda təmsil olunsa da, ölkəmizdə rəsmi milyonçu yoxdur. Digər tərəfdən, xarici valyuta axını da davam edir və qeyri-leqal vəsaitlər müxtəlif yollarla ölkədən çıxarılıb qonşu ölkələrin iqtisadiyyatına yatırılır. Halbuki maliyyə amnistiyası haqqında qanun qəbul edilərsə və bunu təmin edəcək məhkəmə-hüquq sistemi formalaşarsa, o vəsaitlər ölkə iqtisadiyyatına ikinci həyat qazandıra bilər. Azərbaycan iqtisadiyyatı uzun illər bu vəsaitlərin kənarda qalmasından, xarici ölkələrə yönəldilməsindən əziyyət çəkib. İndi isə artıq ondn faydalanmanın zamanıdır və yuxarıda qeyd etdiyimiz kimi iki istiqamətdən bərpa prosesinin gündəmdə olması bunu qaçılmaz edir.

İqtisadçı ekspert Rəşad Həsənov mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, bu məsələdə ölkədə hüququn aliliyinin təmin edilməsi və məhkəmə-hüquq sistemi islahatları da əhəmiyyət kəsb edir: “Artıq bu məsələnin mənfi tərəflərini yaşamışıq, Azərbaycanda ədalətsiz gəlir bölgüsü mühiti formalaşıb, vəsaitlər bir qrup oliqarxın əlində cəmləşib, bunlar artıq baş verib. Biz bundan sonra prosesin qarşısını almaq və eyni zamanda Azərbaycan iqtisadiyyatının ən ciddi gəlirlər əldə etdiyi ötən 15 il ərzində toplanmış vəsaitlərin ölkədən qaçırılmasının qarşısını almaq üçün maliyyə amnistiyasını etməliyik. Burada məni narahat edən əsas məqam odur ki, dövlət tərəfindən açıqlanan maliyyə amnistiyasına həmin oliqarxlarda, külli miqdarda vəsaitləri əlində toplamış şəxslərdə inam olacaqmı? Hüququn aliliyi burada çox vacib məsələdir. Dünya təcrübəsi, o cümlədən Rusiya təcrübəsi var. Bugünlərdə artıq Rusiyada neçənci dəfədir ki, maliyyə amnistiyası açıqlanır. Bu təcrübələr onu deməyə əsas verir ki, maliyyə amnistiyası hüququn aliliyinin təmin olunduğu, məhkəmə-hüquq sisteminin ədalətli işlədiyi ölkələrdə işləyir. Bu baxımdan Azərbaycanda maliyyə amnistiyasının iqtisadiyyata göstərəcəyi müsbət təsirlərlə bağlı müəyyən narahatlıqlarım var. Maliyyə amnistiyasının təsirləri gözlənilən qədər olmaya, mövcud potensialından daha az ola bilər. İstənilən halda bu bir iqtisadi alətdir və dünyada geniş şəkildə istifadə olunur, Azərbaycanda da istifadə olunmalıdır. Bu alət həm də təkcə iqtisadiyyata maliyyə vəsaitlərinin qoyulmasını, həmin vəsaitlərin Azərbaycanda saxlanılmasını deyil, həm də o vəsaitlərin leqallaşması və daha sonrakı fəaliyyəti çərçivəsində gizli iqtisadiyyatın həcminin azalmasına, dolayısı ilə fiskal gəlirlərin artmasına gətirib çıxaracaq. Həmin vəsaitlərdən dövlət büdcəsinə ödənilən gəlirlər arta bilər. Əgər hansısa oliqarx öz vəsaitini leqallaşdırırsa, daha sonra həmin vəsaitlərin investisiya qoyuluşu , biznesə yönəldilməsi nəticəsində müvafiq olaraq fiskal öhdəliklərini yerinə yetirməlidir. Bu da Azərbaycanda büdcə gəlirlərinin həcminin artmasına və neft sektorundan asılılığın azalmasına gətirib çıxara, postpandemiya dövründə iqtisadiyyatın bərpası və Dağlıq Qarabağın yenidən qurulması üçün lazım olan yüksək həcmdə vəsaitlərin bir qisminin kompensasiya edilməsinə müsbət təsir edə bilər”.

İqtisadçının sözlərinə görə, müəyyən şübhələr də qalmaqdadır ki, mövcud şərtlər daxilində qəbul ediləcək amnistiya qərarına bizim dünənə qədər cinayətkar qrup hesab etdiyimiz oliqarxlar necə yanaşacaq: “Çünki onlar prosesi daha dərindən bilirlər, bu işin içində olublar, bu problemləri yaradan insanlardır. Onlar çox yaxşı bilirlər ki, qurduqları mühit, institutlaşma nə qədər eybəcərdir və özlərinin də boğazına dolana bilər. Gözlənildiyi qədər effekt verməyəcəyi ehtimal edilsə də, bu addım atılmalıdır.

Könüllü amnistiyalar zamanı hökumətlər çalışır ki, müəyyən güzəştlər tətbiq etməklə prosesi təşviq etsinlər. Azərbaycanda da bənzər bir yanaşma ortaya qoyulmuşdu. 2018-ci ildə əmlakın leqallaşdırılması ilə bağlı 1 il müddətin tanınması, bundan əvvəlki dövrlər üçün vergi hesablanmaması nəzərdə tutulurdu. Məsələn, siz əmlakınızı leqallaşdırmaq istəyirsinizsə, gedib sənədləri təqdim edirsiniz və məlum olur ki, sizin əmlak 10 ildir mövcuddur, dəyəri 1 milyondur və siz onu 100 min göstərmisiniz. Ötən 10 il ərzində vergi öhdəliklərinizi 10 dəfə az yerinə yetirmisiniz. Əsas sual məhz burada ortaya çıxır. Mexanizm ötən dövr üçün vergi güzəşti tətbiq etsə, bu zaman meyllilik daha yüksək olacaq. Yox əgər əvvəlki dövrdəki vergi öhdəliklərinin yerinə yetirilməsi də tələb edilsə, bu prosesə heç kim maraq göstərməyəcək. O baxımdan dünya təcrübəsinin öyrənilməsi və müvafiq təşfiqlərin tətbiq edilməsi müəyyən qədər bizim gözlədiyimiz riskləri azalda bilər".

R.Həsənov qeyd etdi ki, Azərbaycanda xaricə maliyyə axını hazırda ciddi problemdir: “Xüsusən də qeyri-neft sektoruna vəsaitlərin yatırılması xarici ölkələrin iqtisadiyyatına yatırım cəhdləri ilə müqayisədə 3-4 dəfə azdır. Buna səbəb isə mövcud idarəetmə sistemi, biznesə yanaşma, yerli icra hakimiyyəti orqanlarının idarəetməsindəki problemlər, mülkiyyət hüququnun təmin edilməsi ilə bağlı, müstəqil məhkəmə sisteminin olmaması, qərarların qəbulun kənardan təsir imkanları, istənilən şəxsin hüquqi və ya qeyri-hüquqi yolla sıradan çıxarılması, bu halların yayılması, bir presedentə çevrilməsi, qorxulu riskə çevrilməsi faktı var ki, bunun nəticəsində ölkədən vəsait axınının bu qədər acınacaqlı səviyyədə çox olduğunu müşahidə edirik”.

İqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, müstəqillik dövründə dövlət vəsaitini oğurlayan şəxslərə bunu geri qaytaracaqları halda amnistiya vermək olar, ancaq söhbət həmin kapitala amnistiya verməkdən getmir: “Maliyyə amnistiyası məsələsi müstəqilliyimizin ilk günlərindən gündəmə gəlmiş və bu günə qədər mütəmadi olaraq müxtəlif səviyyələrdə müzakirə mövzusuna çevrilmiş bir məsələdir. İlk öncə gəlin görək maliyyə amnistiyası deyəndə biz nə başa düşürük? Hansı maliyyə vəsaitlərinə amnistiya verməkdən söhbət gedir?

Amnistiya elə bir normativ-hüquq aktıdır ki, o, hüquq pozuntuları törətmiş şəxslərə fərdi qaydada deyil, hamılıqla şamil edilir və həmin şəxslər, onlara qarşı tətbiq olunmuş və ya oluna biləcək cəzalardan ya tam, ya da qismən azad olunurlar. Beləliklə, maliyyə amnistiyası və ya kapital amnistiyası dedikdə ayrı-ayrı vətəndaşların qanunsuz yolla əldə etdikləri kapitalın leqallaşdırılması və bu kapitalı qanunsuz yolla əldə etmiş tərəflərin əfv edilməsi başa düşülür. Əslində məsələnin sadə izahı budur ki, biz dövlətdən bu və ya digər şəkildə oğurlanmış pullardan söhbət gedir. Müstəqilliyimizin ilk illərində mən də sovetlər dövründə ayrı-ayrı vətəndaşlarımızın qanunsuz yollarla əldə etdikləri kapitalın leqallaşdırılmasının tərəfdarı olmuşam. Bu, mümkün idi və o dövrdə olduqca zəruri idi. Çünki biz bir sistemin üzərindən qara xətt çəkib, yeni bir dövrə - müstəqillik dövrünə qədəm qoymuşduq. Keçmiş quruluşun hesabatını o dövrdə qanunsuz yollarla kapital əldə etmiş insanlardan soruşmağa elə bir əsasımız da yox idi. Ancaq müstəqillik dövründə bu məsələyə münasibət kökündən dəyişməlidi. Əgər biz bu gün müstəqillik dövründə qanunsuz əldə edilmiş kapital sahiblərinə amnistiya versək, bu çox xoşagəlməz bir nümunə olacaq. Məntiq sadədir. Demək, oğurlamaq olar, çünki dövlət bunu nə vaxtsa bağışlaya bilir. Ona görə ayrı - ayrı keçmiş və indiki məmurların əlində olan kapitala amnistiya vermək yox, onları, sadəcə olaraq, bu vəsaitləri geri qaytarmağa çağırmaq lazımdır. Dövlətdən kimin nə vaxt, nə qədər oğurladığını müəyyənləşdirməyin isə çox gözəl üsulları var. Yetər ki, bunu etmək qərarı verilsin. Bu halda kapitala deyil, dövlətdən oğurladıqları vəsaitləri könüllü geri qaytaranlara amnistiyanın verilməsinin tərəfdarıyam".
Geri qayıt