Tenderlərdə daha bir şirkətə müəmmalı yaşıl işıq…

Tenderlərdə daha bir şirkətə müəmmalı yaşıl işıq… Dövlət satınalmalarında daha bir şirkətə “yaşıl işıq” yandırılıb.

Qaynarinfo xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azerbaijan International Telecom (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni data mərkəzinin tikintisi ilə bağlı keçirdiyi tenderin qalibi “Nor Construction” MMC olub.

“AzInTelecom” data mərkəzinin dizel generatorların yanacaq təminatı məqsədilə tikinti quraşdırma işlərinin görülməsi üçün şirkətə 216 min 214 manat ödəyəcək. Şirkətin görəcəyi işlərlə bağlı detallı məlumat elanda göstərilməyib.

Şirkətlə bağlı apardığımız araşdırma zamanı məlum oldu ki, sözügedən MMC 2015-ci ildə yaradılmasına baxmayaraq, ancaq cari ildən tenderləri qazanmağa başlayıb. Şirkətin daha əvvəl hansı işlər görməsi ilə bağlı internet resurslarında heç bir məlumata rast gəlinmir
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarda “Nor Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 15.05.2015-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu M.F.Axundov ev 4, dalan 1, qanuni təmsilçisinin isə Əliyev Əbilfərz Cəfər oğlu olduğu qeyd edilib.

Qeyd edək ki, şirkət bu ilin may ayının 8 və 18-də Qaradağ rayon İcra Hakimiyyətinin keçirdiyi 2 tenderi də qazanıb. İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyi “Nor Construction”la abadlıq işlərinin yerinə yetirilməsi üzrə 711025.82 manat, mənzil fondunun əsaslı təmiri üzrə 157180.13 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Amma bu müqavilələrdə abadlıq işlərinin aparılacağı ünvan dəqiq göstərilməyib.
Geri qayıt