BÖHRAN: Azərbaycanda maaş azalır... - "Artması üçün illər tələb olunacaq"

BÖHRAN: Azərbaycanda maaş azalır... - "Artması üçün illər tələb olunacaq" Pandemiya şəraitində əməkhaqlarının olduğu kimi saxlanmasına çalışılsa da, bu mümkün olmayıb.

Eləcə də qeyri-leqal sahələrdə çalışanların sayı ilə müqayisədə az olsa da, leqal sahələrdə çalışanlar arasında da işini itirənlər olub.

2020-ci ilin yanvar-iyun ayları üzrə göstəriciyə görə, 4 aydır ki, ölkə iqtisadiyyatında muzdla işləyənlərin maaşında azalma müşahidə olunur.

FED.az xəbər verib ki, iyul ayında həm işçilərin sayı, həm də maaşı may və iyun aylarından azdır. İlin əvvəli ilə müqayisədə isə işçi sayı 2,4%, maaş 0,5% artıb.

Məlum olduğu kimi, karantin qaydaları nisbətən yumşaldılıb, bir sıra məhdudiyyətlər aradan qaldırılıb, qapalı sahələr açılıb. Bu əməkhaqları və işçi sayının azalması tendensiyasının qarşısını ala bilərmi?

İqtisadçı Akif Nəsirli Cebhe.info-ya açıqlamasında bildirib ki, bu tendensiyanın aradan qalxması üçün xeyli müddət lazımdır:

“Bunun aradan qalxması üçün bütün sahələr açılmalıdır. Açılan sahələrin də tam həcmdə işə düşməsi mümkün olmayıb. Kafe-retoranlar açılsa da, orada oturmaq üçün vətəndaşın cibində pul olmalıdır.

Restoranlarda stolların boş olduğu müşahidə olunur. Əhalinin gəlirləri kəskin şəkildə azalıb. Ölkədə bütün sahələr açılmalıdır. Həmin sahələr öz iş rejimini mart ayındakı səviyyəyə qaldırmalıdır ki, biz əməkhaqqı və işçi sayının sabitləşməsindən danışa bilək. Hazırkı şəraitdə əməkhaqlarının artmasını gözləmək mümkün deyil. Qarşıdakı bir neçə ayda da yəqin ki, bu mümkün olmayacaq”.

İqtisadçı deyir ki, açılan və qarşıdakı həftələrdə açılacaq sahələrə dövlətin dəstək proqramı olmalıdır:

“Belə bir proqram olmasa, iqtisadiyyatın reablitasiya prosesi çox uzun çəkəcək. Bu, bəlkə də bir neçə il çəkəcək. Çünki Azərbaycanda sahibkarlıq fəaliyyəti üçün mühit də əlverişli deyil, ölkə iqtisadiyyatının bir sıra ənənəvi problemləri var ki, onlar bu gün də davam edir”.
Geri qayıt