AMEA-nın Ədəbiyyat Muzeyində 221 min manatlıq tenderi kimlər udub? - FOTOFAKT

AMEA-nın Ədəbiyyat Muzeyində 221 min manatlıq tenderi kimlər udub? - FOTOFAKT Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi tərəfindən keçirilən tender müsabiqələrinin (kotirovka sorğusu) qalibləri məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqələrinin qalibi olan şirkətlər müsabiqə elanından 10-15 gün əvvəl dövlət qeydiyyatına alınıb…
1. Ədəbiyyatı Muzeyi 40 000 manat dəyərində “Mebel avadanlıqları” almaq üçün 30.07.2020-ci il tarixində elan verib. Sənəd qəbulu 05.08.2020-ci il tarixində başa çatıb. Müsabiqənin qalibi olan “Group Service-2020” MMC isə 21.07.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Tarixlərdən də göründüyü kimi şirkət elandan cəmi 9 gün əvvəl qeydiyyatdan keçib.
2. Ədəbiyyatı Muzeyi 48 000 manat dəyərində “İstehlakyönlü müxtəlif xidmətləri” almaq üçün 29.07.2020-ci il tarixində elan verib. Sənəd qəbulu 04.08.2020-ci il tarixində başa çatıb. Müsabiqənin qalibi olan “Qverty” MMC isə 24.07.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Tarixlərdən də göründüyü kimi şirkət elandan cəmi 5 gün əvvəl qeydiyyatdan keçib. Bu 5 günün də 2-si (25-26 iyul) şənbə və bazar günlərinə təsadüf edib.
3. Ədəbiyyatı Muzeyi 48 000 manat dəyərində “Mətbəə xərcləri” üçün 23.07.2020-ci il tarixində elan verib. Sənəd qəbulu 29.07.2020-ci il tarixində başa çatıb. Müsabiqənin qalibi olan “Kreplink” MMC isə 06.07.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Tarixlərdən də göründüyü kimi şirkət elandan cəmi 17 gün əvvəl qeydiyyatdan keçib.
4. Ədəbiyyatı Muzeyi 45 300 manat dəyərində “Ekspozisiya zallarının elmi-bədii tərtibatı” üçün 23.07.2020-ci il tarixində elan verib. Sənəd qəbulu 29.07.2020-ci il tarixində başa çatıb. Müsabiqənin qalibi olan “Ferro-20” MMC isə 16.07.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Tarixlərdən də göründüyü kimi şirkət elandan cəmi 7 gün əvvəl qeydiyyatdan keçib.
5. Tender müsabiqələrində qalib olan ən “təcrübəli” şirkət 04.11.2019-cu il tarixində dövlət qeydiyyatına alınan “Zinger İnşaat” MMC olub. Ədəbiyyatı Muzeyi 40 000 manat dəyərində “Maşın və avadanlıqlar” almaq üçün 30.07.2020-ci il tarixində elan verib. Sənəd qəbulu 05.08.2020-ci il tarixində başa çatıb. Müsabiqənin qalibi isə 8 ay əvvəl dövlət qeydiyyatına alınan “Zinger İnşaat” MMC olub.
Tenderlə bağlı maraqlı məqamlardan biri də odur ki, müsabiqənin qalibi olan “Group Service-2020” MMC, “Qverty” MMC və “Ferro-20” MMC eyni hüquqi ünvanda – Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, ev 173-də yerləşirlər. Eyni zamanda “Qverty” MMC və “Ferro-20” MMC-nin qanuni təmsilçisi eyni şəxsdir – Ramazanov Fərid Rasim oğlu.
Onu da qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi tərəfindən ötən il keçirilən tender müsabiqələrində də oxşar mənzərə qeydə alınıb.
Xatırladaq ki, "Dövlət Satınalmaları Haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Məsələ ilə bağlı Ədəbiyyat Muzeyindən yeniavaz.com-a verilən açıqlmada bildirilir ki, qaliblər seçilərkən onların təcrübəsinə deyil, təqdim etdikləri qiymətlərə baxılıb. Bildirilir ki, müsabiqədə iştirak edən şirkətlər arasında ən aşağı qiymət təklifini qalib seçilən şirkətlər təqdim edib.
Məlumat üçün bildirək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru sabiq millət vəkili, AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor Rafael Hüseynovdur.
AMEA-nın Ədəbiyyat Muzeyində 221 min manatlıq tenderi kimlər udub? - FOTOFAKT
Geri qayıt