Banklarda əmanətçilərə yaradılan süni əngəllər... - TƏHLİL

Banklarda əmanətçilərə yaradılan süni əngəllər... - TƏHLİL Bu ilin əvvəlində bağlanmış 4 bankın əmanətçilərinin üzləşdiyi problemlər həll olunmamış qalır. Müxtəlif bəhanələrlə əmanətləri qaytarılmayan müştərilər məhkəmələrə üz tutub. Problemin həlli isə aylar və hətta illər çəkə bilər.

Musavat.com xəbər verir ki, bağlanan “AtaBank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “AmrahBank” ASC-nin əmanətçilərinin bir çoxu hələ də əmanətlərini geri ala bilmir. İndi əmanətçilərə yaradılan problemlərdən biri də xarici valyuta ilə qoyulan əmanətlərin günün kursuna uyğun olaraq qaytarılmamasıdır.

İqtisadı ekspert Əkrəm Həsənov Musavat.com-a deyib ki, bu tamamilə qanunsuzdur. Əgər vətəndaşın əmanəti bankda dollarladırsa, elə dollarla, avrodursa avro ilə qaytarılmaldır. Əkrəm Həsənov bu problemlə bağlı olan qanun normasının absurd olduğunu da bildirib: “Əgər vətəndaşın bankdakı əmanəti bir neçə valyuta ilədirsə, onun əmanəti milli valyutaya çevrilərək qaytarılır. Hətta vətəndaşın əmanəti dollar və avro ilə, yəni iki valyuta ilədirsə, onun əmanəti manatla geri qaytarılır. Bu qanun normasının özü absurd, gülünc və mənasızdır. Nə qədər məntiqsiz olsa da Əmanətlərin Sığortalanması Fonduna sərf edir deyə bu qanun normasının dəyişməsi, Konstitusiya Məhkəməsi tərəfindən şərh verilməsi məsələsini heç kim qaldırmır. Hər bir halda qanun qanundur. Amma buna baxmayaraq vətəndaşın bankda həm manatla, həm avro ilə və ya digər valyuta ilə əmanəti varsa, əmanət qaytarılarkən avro və dollar günün məzənnəsinə uyğun olaraq manata çevrilməlidir.

Necə olur ki, vətəndaşın banka olan borcu xarici valyuta ilə olanda manatla ödəniş alan zaman günün məzənnəsi ilə hesablayırlar, amma əmanəti qaytaranda günün məzənnəsi ilə qaytarmırlar? Əmanət qaytarılan zaman Fonda Mərkəzi Bankın xarici valyuta ilə bağlı müəyyən etdiyi günün məzənnəsi ilə hesablayaraq qaytarmalıdır".

Xatırladaq ki, Konstitusiya Məhkəməsi bağlanan bankların əmanətçilərinin üzləşdiyi problemlə bağlı qərar çıxarıb. Qərar bağlanan 3 bankda əmanətçilərin 2 növ problemini həll edir. Əkrəm Həsənov bildirib ki, birinci problem “Atabank”, “AGbank” və “NBC Bank”la bağlıdır:

“İddia edilir ki, guya həmin banklar bank nəzarəti (əvvəllər Maliyyə Bazarlarına Nəzarət Palatası, indi isə Mərkəzi Bank) orqanının qadağasına baxmayaraq vətəndaşlardan əmanət qəbul ediblər. Buna görə də Əmanətlərin Sığortalanması Fondu həmin əmanətləri qanunsuz hesab edərək onları kompensasiya etməkdən imtina etmişdi. Konstitusiya Məhkəməsi isə qərarında göstərdi ki, qadağaya baxmayaraq qəbul edilmiş əmanətlər qorunan əmanətlərdir və Fond onları kompensasiya etməlidir. Çünki bank nəzarəti orqanı tətbiq etdiyi qadağanın icrasına da nəzarət etməli idi, amma etməyib. Üstəlik, bank nəzarəti orqanı bir iş günü ərzində sözügedən qadağa barədə mətbuatda elan verməli idi ki, əhali müvafiq bankın əmanət qəbul edə bilmədiyi haqda məlumatlı olsun. Amma bu da edilməyib”.

Ekspert deyir ki, ikinci məsələ “Atabank”la bağlı olub: “Deməli, bu bank ötən il bir filialını bağlamışdı və oradakı əmanətləri digər filialına ötürmüşdü (miqrasiya). Öz elektron sistemində də əmanətlərin qəbul tarixi kimi vətəndaşlarla bağlanan əmanət müqavilələrinin tarixini deyil, miqrasiya tarixini göstərmişdi. Əmanətlərin Sığortalanması Fondu da miqrasiya tarixində sığortalanma faizinin aşağı olduğunu əsas gətirərək həmin əmanətləri kompensasiya etməkdən imtina etmişdi. Halbuki, özü də etiraf edirdi ki, problem sadəcə texniki səhvdədir. Konstitusiya Məhkəməsinin də mövqeyi belə oldu ki, əmanətin qəbulu tarixi təbii ki, əmanət müqaviləsinin bağlanması və vəsaitin banka daxil olduğu gündür, bankın daxili sistemindəki tarix deyil. Əslində, bu məsələ o qədər ayındır ki, ümumiyyətlə, Konstitusiya Məhkəməsinə çıxmalı deyildi. Bir sözlə, məhkəmə bu əmanətlərin də kompensasiya edilməsinə qərar verdi. Göründüyü kimi, məhkəmənin qərar verdiyi hər iki hal hətta qeyri-hüquqşünasa da aydındır. Əlbəttə ki, bu əmanətlər qorunandır. Amma bağlanan 4 bank üzrə əmanətçilərin digər problemləri də var. Yəni Fond başqa bəhanələrlə də əmanətləri qaytarmır”.
Geri qayıt