“Palatanın fəaliyyəti Azərbaycana heç bir xeyir vermir”

“Palatanın fəaliyyəti Azərbaycana heç bir xeyir vermir” Millət vəkili Vahid Əhmədov Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətini kəskin tənqid edib

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında V. Əhmədov deyib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bank sektorunda mövcud olan problemlərin öhdəsindən gələ bilmir.

"Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı, lakin bank sistemindəki problemlər həllini tapmadı. Biabırçılıqdır! Hətta vəziyyət əvvəlkindən də pisdir. Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyəti Azərbaycana heç bir xeyir vermir. Azərbaycan Mərkəzi Bankı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası arasında müəyyən mübahisəli məsələlər var. Əziyyətini isə vətəndaşlar çəkir. Biz bank sisteminin sağlamlaşdıra bilmirik. Əgər biz Strateji Yol Xəritəsində nəzərdə tutulmuş tədbirləri həyata keçirmək istəyiriksə, mütləq bank sistemini sağlamlaşdırmaq lazımdır", – deyə V. Əhmədov vurğulayıb.

Millət vəkili problemdən çıxış yolu kimi Azərbaycanda maliyyə nəzarəti ilə bağlı qanunun qəbul edilməsini təklif edib:

"Mən, hər dəfə bu məsələləri qaldıranda deyirlər ki, sənədlər hazırdır, göndərmişik beynəlxalq təşkilatlara, onlar baxır. Görünür, bu qanunun qəbulu kimlərəsə sərf etmir".
Geri qayıt