"ATA BANK”ın ƏMANƏTÇİLƏRİ ÇIXILMAZ VƏZİYYƏTƏ SALINIB – Fond və Mərkəzi Bank vətəndaşlardan nə istəyir?

"ATA BANK”ın ƏMANƏTÇİLƏRİ ÇIXILMAZ VƏZİYYƏTƏ SALINIB – Fond və Mərkəzi Bank vətəndaşlardan nə istəyir? Biz 2019-cu ilin iyun ayında “Ata Bank”-ın Heydər Əliyev prospektində yerləşən filialına 30 min manatdan aşağı, illik 15 faizlə, sığortalı əmanət yerləşdirdik. Həmin ilin noyabr ayında sözügedən filial ləğv edildi və qanunvericiliyə uyğun olaraq, orada olan bütün kreditlər, əmanətlər və s. xidmətlər bankın başqa filialına yönəldildi. “Ata Bank” bağlandıqdan sonra əmanətimizi geri almaq üçün müəyyən edilmiş qaydada Əmanətlərin Sığortalanması Fonduna müraciət etdik. Amma oradan aldığımız cavabdan heyrətə gəldik”. Bu sözləri “AzPolitika.info”-ya müraciətində əmanətçi Jalə Qəmbərova bildirib.

Şikayətçinin sözlərinə görə, Fond bildirib ki, ötən ilin noyabr ayında bank onların əmanətləri ləğv edərək təkrar yerləşdirib: “Guya bizim xəbərimiz olmadan illik 15 faizlə yerləşdirdiyimiz əmanəti ləğv edib təkrar 12 faizlə yerləşdiriblər. Bu zaman isə Fondun tələblərinə görə, yalnız illik 10 faizlə yerləşdirilən əmanətlər qorunub. Beləliklə, bizim əmanətimiz 12 faizlə olduğuna görə, sığortalanmayıb və Fond tərəfindən kompensasiya edilə bilməz”.

J. Qəmbərova deyir ki, Fondun iddiası tamamilə gülüncdür: “Biz “Ata Bank”-dan yerləşdirdiyimiz əmanət və onun hesablanan faizləri ilə bağlı çıxarış alıb Fonda təqdim etdik. Orada nə noyabr ayında əmanətin ləğv olunub təkrar yerləşdirilməsindən, nə də başqa əməliyyatdan söhbət getmir. Bankın arayışına baxmayaraq ay yarımdır, bu ağır pandemiya günlərdində qapılarda sürünürük. Fond nə şikayətimizə baxır, nə də qanunsuz iddialarından geri çəkilir”. Onun sözlərinə görə, yüzlərlə müştəri onlarla eyni vəziyyətə salınıb.

Şikayətçi “Ata Bank”-da əmanətləri olan başqa bir qrup vətəndaşın Mərkəzi Bank tərəfindən arzuolunmaz duruma salındığını da bildirdi: “2019-cu ilin iyul ayının 23-dən sonra “Ata Bank”-a əmanət yerləşdirən vətəndaşlara kompensasiya ödənilmir. Mərkəzi Bank əsas gətirib ki, həmin tarixdə “Ata Bank” rəhbərliyinə məktubla müraciət edərək əmanət qəbulunun dayandırılmasını tələb edib.
Amma bank buna əhəmiyyət verməyərək əmanət qəbul edib. Vətəndaş harada xəbər tuta bilər ki, Mərkəzi Bankın “Ata Bank”-a belə bir məktubu olub? İndi əmanətçilərin nə günahı var ki, bu məktubdan xəbərsiz olaraq banka əmanət yerləşdiriblər? Belə gülünc, qanunsuz iddianı əsas gətirib əmanətləri qaytarmaq imtina etmək olarmı? Mərkəzi Bank yüzlərlə əmanətçini belə absurd iddialarla çıxılmaz vəziyyətə salıb. Bunlara təcili son qoyulmalıdır”.

Jalə Qəmbərəova ölkə rəhbərliyinə müraciət edərək əmanətlərin qaytarılması prosesində baş verən qanunsuzluqların dayandırılması, vətəndaşlara qarşı törədilən qanunsuzluqların aradan qaldırılması barədə göstəriş verməsini xahiş edib.
Geri qayıt