Maliyyə bazarında ciddi problemlər var — Mərkəzi Bank isə inadkarcasına susur

Maliyyə bazarında ciddi problemlər var — Mərkəzi Bank isə inadkarcasına susur Koronovirus pandemiyasının iqtisadiyyata vurduğu ziyanın maksimum dərəcədə tez aradan qaldırmaq üçün Rusiya Mərkəzi Bank əsas faiz dərəcəsini illik 4.5% -ə endirib. Halbuki bu ilin yanvarında bu göstərici 6,5 faiz idi...
Bunu rusiyalı ekspetlər ölkə tarixində kreditorlara edilən ən böyük güzəşt kimi qiymətləndirirlər. Bu məsələdə ən mühüm və əhəmiyyətli məqam isə odur ki, kiçik və orta sahibkarlığı dəstəkləmək üçün tənzimləyici kreditlər üzrə faiz dərəcəsi illik 2,5% -ə qədər endirilib. Çünki COVİD-19 ən çox kiçik və orta sahibkarlığa zərər vurub. Əhalinin məşğulluğu və əhatə dairəsinin genişliyi baxımdan bu sahənin inkişafı isə hökümət üçün prioritetdir. Rusiya Mərkəzi Bankının sədri Elvira Nabullina onu da bidirib ki, milli valyutaya münasibətdə siyasət dəyişməyəcək.

Mərkəzi Bank bu sahədə yenə də “üzən məzənnə” siyasətini davam etdirəcək. Açığı belə məlumatları oxuyanda hər dəfə “Bəyin oğurlanması” filmindəki məşhur sual yadıma düşür.”

Bəs o … bizdə niyə yoxdur”… Bir müddət əvvəl Türkiyə höküməti də buna bənzər bir addım atmışdı. Və mən bu addımın postpandemiya dövründə qardaş ölkəyə gətirəcəyi böyük dividentlər barədə ətraflı yazmışdım. Təbii ki, belə zəruri addımları Azərbaycan Maliyyə Nazirliyi və Mərkəzi Bank üçün örnək və nümunə kimi təşviq də eləmişdim. İndi isə qibtə ediləcək daha bir addım Rusiyadan gəldi. Çox təəssüf ki, bizim Mərkəzi Bank postpandemiya dövründə atacağı addımlar haqqında inadkarcasına susur. Susmaq isə heç də yaxşı əlamət deyil.

Deməli, Mərkəzi Bankın pandemiyanın Azərbaycan iqtisadiyyatına vurduğu ziyanın aradan qaldıııması üçün heç bir planı yoxdur. Olsa idi səsi çoxdan çıxardı. Mövzu ilə bağlı fikirlərini bizimlə paylaşan iqtisadçı–ekspert Əkrəm Həsənov bildirdi ki, “Mərkəzi Bank iyunun 19-da ucod dərəcəsini 7 faizədək aşağı endirib. Bu isə o deməkdir ki, Mərkəzi Bank banklara 7 faizlə kredit təklif edir.

Banklar isə bu təklif qarşısında tərəddüd keçirir. Çünki Mərkəzi Bankın təklif etdiyi kreditin şərtləri banklar üçün sərfəli deyil. Mərkəzi Bank deyir ki, kreditlər yalnız biznes sahələrinə verilməlidir. Aşağı faizlə və uzun müddətə kredit verməkdə isə banklar o qədər də maraqlı deyil. Ona görə də yaxın vaxtlarda Azərbaycanda Rusiya və yaxud Türkiyə variantının tətbiqi real görünmir”.

İqtisadçı-ekspert onu da əlavə etdi ki, “Mərkəzi Bank özünü bu gün Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı nümayəndəsi kimi aparır. Bankların sağlamlaşdırılması istiqamətində qəti addımlar atmaqdansa, müşahidəçi rolunda çıxış edir”.

Pandemiya dövründə Mərkəzi Bankın daha çox 4 bankın lisenziyasını ləğv etməsi buna əyani sübutdur. Ümumilikdə isə Mərkəzi Bankın bu ilin 6 ayında sərgilədiyi mövqe daha çox bədbinlik gətirir. Belə ki, Mərkəzi Bankın yaydığı son hesabatından aydın olur ki, 2020-ci ilin birinci rübündə Azərbaycanın tədiyyə balansında 1 milyard 343 milyon 500 min dollar məbləğində kəsir yaranıb. Halbuki 2019-ci ilin müvafiq dövründə tədiyyə balansında 2 milyard 19 milyon dollar profisit formalaşmışdı.

Məlumat üçün bidirək ki, tədiyyə balansında kəsirin yaranması ixracın azalması, idxalın isə artması ilə bağlıdır. Yəni ölkədən çıxan valyuta ölkəyə daxil olan valyutanı üstələyir. Çox təəssüf ki, birinci rübdə yaranmış kəsir, neft qiymətlərilə deyil, ölkədən müxtəlif yollarla valyutanın xaricə axıdılması ilə bağlıdır.

Belə ki, 2020-ci ilin ilk 3 ayı üzrə cari əməliyyatlar hesabının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 2.5 dəfə azalsa da, yenə 646.3 milyon dollar təşkil edib. Sadə dildə desək, bu, o deməkdir ki, ölkənin satdığı və aldığı mal və xidmətlərdən 650 milyon dollara yaxın müsbət saldosu olub. Lakin digər istiqamətlər üzrə ölkəni tərk edən valyuta həmin 650 milyonu “yeyib” və əlavə olaraq da 1.4 milyarda yaxın mənfi saldo yaradıb. Qeyd edək ki, məhz ölkənin tədiyyə balansında yaranan kəsir milli valyutaya – manata təzyiqləri xeyli artırır. Bu isə devalvasiya təhlükəsini daha da yaxınlaşdırmış olur.

Bu gün Mərkəzi Bank yürütdüyü sərt-pul kredit siyasətindən əl çəkməlidir. Türkiyə, Rusiya və bəyənmədiyimiz Gürcüstan belə artıq neçə illərdir ki, bu sahədə liberal siyasət yeridir. Manatin məzənnəsinin süni şəkildə saxlanılmasına vaxtilə (2014-2015-ci illərdə) Mərkəzi Bank 10 milyard manatdan artıq vəsaiti havaya sovurmuşdu.

Hazırda isə bu məqsədlə Dövlət Neft Fondunun vəsaiti günbə-gün əriyir. Bu isə dayanmış qatarın hərəkətdə olma imitasiyasından başqa bir şey deyil. Vaxt keçir, maliyyə bazarında ciddi problemlər yaranır, Mərkəzi Bank isə inadkarcasına susur.

Surxay Atakişiyev (Konkret.az)
Geri qayıt