Heydər Əsədovun taxıl müəmması - İTTİHAM VAR

Heydər Əsədovun taxıl müəmması - İTTİHAM VAR “Azərbaycanın artıq yaxın gələcəkdə taxıla olan tələbatını tam həcmdə daxili istehsal hesabına ödəyəcəyi gözlənilir”. Bu sözləri hələ iki il əvvəl kənd təsərrüfatı nazirinin I müavini Bəhram Əliyev demişdi. Nazir müavinin sözlərinə inansaq, “Hazırda Azərbaycanda taxıla olan illik tələbat 3 mln. ton təşkil edir.

Ötən il isə ölkədə taxıl istehsalı 2,8 mln tona bərabər olub... Tələbatı tam ödəmək üçün 200-300 min ton idxalın payına düşür ki, bu da artıq ölkəyə gətirilib”. Və bu ilin aprelin 12-də isə Kənd Təsərrüfatı Nazirliyində 4-cü Donor Əlaqələndirmə Görüşü keçirilib. Nazir müavini Seyfəddin Talıbovun sədrliyi ilə keçirilən görüşdə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyinin qarşısına qoyulmuş hədəf və məqsədlərə diqqət yetirilib. Onun sözlərinə görə, Dünyanın hər yerində kənd təsərrüfatı riskli sahə hesab edilir və o, Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin olduğunu diqqətə çatdırıb, əlavə edib ki, dövlət xətti ilə aqrar sektora ciddi maliyyə dəstəyi verilir. “Təkcə son 10 ildə Azərbaycanda banklar kənd təsərrüfatı sektorunun kreditləşməsini 5 dəfə, Sahibkarlığa Kömək Milli Fondu isə 18,1 dəfə artırıb”.
Fikir verirsinizmi, ölkəmizdə aqrar sahəyə nə qədər əzizləmə var, başqa sözlə, dövlət fermerlərin başına maddi dəstəyi ilə kifayət qədər sığal çəkir, amma nəticə yoxdur-taxılı, bir çox məhsulları yenə də kənardan alırıq. Bəs buna səbəb nədir? Əgər kənd Təsərrüfatı Nazirliyi Dövlət büdcəsindən alınan yüz milyonlarla manat pulu həm özünün idarəetmə aparatının saxlanılmasına, həm də fermerlərin maraqlandırılmasına sərf edir və ortada tutarlı bir nəticə görünmürsə, daha bu nazirlik kimə lazımdır?
Heç uzaq tarix də deyil: təxminən bir il əvvəl Kənd Təsərrüfatı Nazirliyində “Respublikada istehsal olunan ərzaqlıq buğdanın tədarükü, saxlanması, emalı və istifadəsi ilə bağlı mövcud problemlər və həlli yolları” mövzusunda aidiyyəti dövlət orqanlarının, Dövlət Taxıl Fondunun, alimlərin, ekspertlərin, iri taxıl istehsalçılarının, tədarükçülərin, dəyirmanların, çörəkbişirmə və makaron istehsalı müəssisələrinin nümayəndələrinin iştirakı ilə təntənəli müşavirə keçirildi... Bu dəfə isə nazir müavini İlham Quliyev Prezident İlham Əliyevin aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan söhbət açıb, ölkədə aparılan islahatlardan danışıb, kənd təsərrüfatının qarşısında duran əsas vəzifənin ölkəni ərzaq məhsulları ilə təmin etməkdən, taxılçılığın ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təminatında əsas strateji sahə olduğunu diqqətə çatdırıb, bunu dəfələrlə vurğulayıb... Nazir müavinin dediklərindən sitat: “...Aqrar sahənin, xüsusilə taxılçılığın inkişafı üçün görülmüş tədbirlər sayəsində 2015-ci ildə bu sahədə əldə edilən nailiyyətlərin növbəti illərdə də daha da inkişaf etdirilməsi... , məhsuldarlığın artırılması və yaxın gələcəkdə keyfiyyətli taxıl məhsullarına olan tələbatın daxili istehsal hesabına tam ödənilməsinin təmin ediləcəyi proqnozlaşdırılır”.

Bir-birini təkzib edən vədlər və taxılçılıqdakı əyintilər...

Yəqin yuxarıda iki nazir müavinin çıxışlarına və taxılçılığın inkişafı ilə bağlı verdikləri vədlərə diqqət kəsildiniz. Amma Azərbaycan əhalisinə taxıl vədi yox, gerçək məhsuldarlıq və yerli taxıl, qısası, çörək lazımdır. Axı niyə ölkə rəhbərliyi nazir Heydər Əsədovun əvəzinə taxıl dərdi çəkməli, hər il nefti xaricə satıb taxıl almalıdır? Bunun bir sonu olmalıdırmı?

Nazir Əsədov niyə fermerin əlini sıxmır, bəs o, kimin naziridir?

Yeri gəlmişkən: srağagün nazir Heydər Əsədov fermerlərə yeni texnikanın açarlarını təqdim edirdi, bunun üçün bütün TV-lər səfərbər olunmuşdu. Nazir açarları təqdim etdiyi fermerlərin birinin də əlini sıxmadı. Niyə? Nazirin əlini sıxmadığı fermer həmin nazirə taxıl istehsal edərmi? Prezident İlham Əliyev bölgələrə səfər edəndə ictimaiyyət nümayəndələri ilə, yaxud hansısa müəssisə kollektivi ilə görüşəndə bir-bir onların əlini sıxır, təmas qurur, gerçəkdən xalqın prezidenti olduğunu canlı sübut edir... Nazir Əsədov isə bununla onu sübut etmir ki, o, fermerin, mexanizatorun naziri deyil?!

Bu qədər artım, məhsuldarlıq varsa, niyə inşil xaricdən 1,3 milyon ton, bu il də elə o qədər taxıl alırıq?

Bəli, Heydər Əsədov fermerlərin naziri deyil ki, bu qədər maliyyə yardımları, güzəştli-havayı texnika və gübrə paylanmasının əvəzində ortaya məhsuldar iş qoyulmur. Təsəvvür edirsinizmi, Prezident İlham Əliyevin fərmanı ilə 2015-ci il “Kənd təsərrüfatı ili” elan edilmişdi. Bəli, Prezident etimad göstərir, ilimizi kənd təsərrüfatına həsr etməyi qarşıya vəzifə kimi qoyur, dövlət büdcəsindən, Prezidentin Ehtiyat Fondundan bu sahəyə yüz milyonlarla manat halal vəsait səfərbər olunur, amma nazirin gördüyü işin nəticəsinə baxanda adam dilxor olur. Budur, rəsmi rəqəmlərə və rəsmilərin çıxışlarına istinad etsək, bəlli olur ki, guya “Kənd təsərrüfatı ilin”də “... aqrar islahatların həyata keçirilməsi üçün kompleks tədbirlər görülmüşdür və...”. Və budur: “...2015-ci ildə 2999,0 min tona taxıl istehsal olunmuşdur ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 25,8 faiz çoxdur...”.
Belə çıxır ki, 2014-cü ildə vur-tut 2 milyon 159.280 ton taxıl tədarük olunub. Çox təəssüflər olsun ki, nazir Heydər Əsədovun rəsmiyyətdə söylədiyi “...aqrar islahatların həyata keçirilməsi üçün kompleks tədbirlər görülmüşdür və...”sinin ardınca, 2015-ci ildə respublikaya 296 milyon 831,8 min ABŞ dolları dəyərində 1,3 milyon ton buğda idxal olunmuşdur.
İndi necə başa düşək: nazir bir tərəfdən deyir ki, ölkənin taxıla olan tələbatı təxminən 3 milyon tondur, ilbəil artım var, o biri tərəfdən isə 2 milyon 999 min ton taxıl istehsal edilib, hələ bir xaricdən 1 miyon 300 min ton da idxal edirik... Bəs təlabatımızdan artıq 1,2 milyon ton taxılı neyləyirik???

Heydər Əsədovun taxıl istehsalında “Bermud üçbucağı”
Apardığımız təhlil göstərir ki, rəsmiyyətin etirafına görə, ümumiyyətlə, Azərbaycanda əhalinin ərzaq buğdasına olan tələbatı 1,7 milyon tondur. Özümüz 3 milyon ton taxıl istehsal ediriksə, bəs bu qədər taxıl niyə təlabatımızı ödəmir? Ortada nə sirr var? Bəlkə ortada sirrli “pripiska”var?
Adının çəkilməsini istəməyən sahə mütəxəssisi isə bildirir ki, əvvəla, taxılçılıq ölkənin kənd təsərrüfatında çalışan məmurlar üçün yaxşıca korrupsiya mənbəyidir: “Əvvəla, sual yaranır, niyə ölkə əhalisinin ərzaq buğdasına olan 1,7 milyon ton tələbatı hər il istehsal olunan 3 milyon ton taxılla ödənilmir? Cavab belədir: ya 3 milyon ton məsələsi yalandır, ya da... Həmin taxıl yeməyə yaramır... Məsələn, mən özüm maraqlanmışam, yüz milyonlarla manat xərc çəkilib istehsal olunan taxılımız iri tədarükçülər tərəfindən alınmır, ona görə də həmin qiymətli, maya dəyəri yüksək taxıl heyvan üçün yemə çevrilir, sonradan isə xaricdən taxıl alırıq... Mətbuatda da yazılır ki, yerlərdə icra hakimiyyətləri ilə bələdiyyələr və fermerlər birləşib hər hektara verilən subsidiyanı basıb yeyirlər, faktiki saxta rəqəmlər ortaya çıxır, sonra isə bəhanə edirlər ki, hava quraqlıq oldu. Texnika çatışmadı və s”.
Bəli, yaxşı xatırlayırıq ki, kənd təsərrüfatı naziri Heydər Əsədov Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında yenidən vəd vermişdi ki, cari ildə (2016) 3 milyon ton taxıl istehsal olunacaq! Bu hələ harasıdır, nazir ölkənin taxıla olan təlabatının məhz yerli istehsalla təmin olunacağını bildirmişdi.
Bəs sonra nə oldu? Elə ötən il Azərbaycan xaricdən 1,3 milyon ton ərzaq buğdası aldı, tələbatımız isə 1,7 milyon tondur. Və nazirdən bu günə kimi kimsə soruşmur ki, bəs niyə verdiyiniz vədə əməl edilmədi? Hanı o 3 milyon ton? Əgər keyfiyyəti aşağı idisə, bəs hanı sənin institutlarının başbilənləri, rayonlardakı “aqroprom”direktorları? Hansı ki, təkcə Abşeron rayon kənd təsərrüfatı idarəsinin yeni, qəttəzə inzibati binasına çəkilən xərcə yüz min tonlarla taxıl almaq olardı? Rayonlardakı eyni idarələrin inzibati binasına da oxşar xərc səpələnib.
Vallah, o binalara baxanda və ölkənin nefti satıb xaricdən taxıl almasını göz önünə gətirəndə adam nazir Heydər Əsədovun yerinə və vəzifəsinə təəssüf edir. Axı Prezident İlham Əliyev daha nə etməlidir ki, bu ölkənin Kənd təsərrüfatı Nazirliyi öz adına uyğun iş görsün, “pripiska”lardan tamamilə kənar-ərzaq təhlükəsizliyimizin bel sütunu olan keyfiyyətli taxıl istehsal olunsun! Görünür, keyfiyyətli məmur və nazir olmaq lazımdır ki, keyfiyyətli də taxıl istehsal etmək mümkün olsun...

Tezadlar
Geri qayıt