Müştərilər qəhətə çəkilir: Banklar faizləri endirir? - GƏLİŞMƏ

Müştərilər qəhətə çəkilir: Banklar faizləri endirir? - GƏLİŞMƏ Azərbaycanda fəaliyyət göstərən bankların istehlak və biznes kreditləri üzrə təqdim etdikləri faiz dərəcələrinin aşağı salınması gözlənilir.

Cari ilin yanvarın 31-dən etibarən Mərkəzi Bank tərəfindən faiz dəhlizinin aşağı həddi 5.5 faiz, yuxarı həddi 9 faiz, uçot faiz dərəcəsi 7.25 faiz səviyyəsində müəyyən edilib. Cari ildə Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 0.25 faiz bəndi endirərək 7.5 faizdən 7,25 faizə endirilməsi haqda qərar qəbul edib.

Məlumat üçün bildirək ki, uçot dərəcəsi ölkədəki cari iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq təyin edilir. Əgər inflyasiya səviyyəsi yüksəlirsə, Mərkəzi Bank uçot dərəcəsini yüksəldir və əksinə, inflyasiya səviyyəsi endikcə, uçot dərəcəsi də endirilir. Normalda uçot dərəcəsi aşağı olduqda kreditlər əlçatan xarakter alır. Kreditlər üzrə faiz dərəcələri enir və insanlar kredit əldə etməyə maraq göstərir. Müşahidələr göstərir ki, indiyə qədər uçot dərəcəsi ilə bağlı dəyişikliklərin konkret hansısa nəticələri olmayıb. Ümumiyyətlə, Azərbaycanda uçot dərəcəsi ilə kredit faizləri arasında bir uyğunsuzluq var.

Reallıq ondan ibarətdir ki, banklar Mərkəzi Bankın bu yöndə atdığı addımları saya salmır. Əslində, uçot dərəcəsi düşdükcə, kredit faizləri də aşağı düşməlidir. Ancaq Azərbaycanda bu, özünü çox zəif formada göstərir.

“İstehlak kreditləri daha çox xarici istehsalçılara xidmət edir

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə bildirib ki, Prezident yanında mütəmadi keçirilən müşavirələrdə bank faizlərinin yüksək olması tənqid olunur:

“Bank faizləri tənqid olunduqca, guya banklar da hər hansı bir adekvat addımların atılması ilə bağlı qərarlar verməyə çalışırlar ki, tapşırıqları yerinə yetirən kimi görünsünlər. Bu, özlüyündə ciddi suallar doğurur. Çünki Azərbaycanda əksər banklar formal da olsa, özəldir. Özəl bankların faiz siyasətinə dövlət qarışmır. Kredit faizlərin aşağı və ya yuxarı olmasına əsasən iki faktor təsir göstərir. Birinci, depozit faizləri, ikinci, Mərkəzi Bankın uçot dərəcəsi. Son aylar depozit faizləri düşüb. Mərkəzi Bank son iki toplantısında uçot dərəcəsini 0.25 faiz aşağı salıb. Ən azından buna adekvat olaraq kredit faizlərinin də aşağı düşməsi gözlənilir. Doğrudur, kəskin endirimlərin olmasını düşünmürəm, amma müəyyən enmə ehtimalı var. Problem ondadır ki, Azərbaycanda kreditlər, əsasən, istehlak kreditləri şəklində verilir. Son 1 ilə nəzər salsaq, istehlak kreditlərinin kommersiya kreditlərini dəfələrlə üstələdiyini müşahidə etmək olar. Bu da ölkədə iqtisadi çarxların dönməsinə maneçilik törədir. Çünki kommersiya, istehsal kreditləri olanda yeni iş yerləri açılır və bu yöndə olan problemlər həll olunur. Amma biznes kreditlərindən daha çox istehlak kreditləri verəndə bu daha çox xarici istehsalçılara xidmət edən bir sahəyə çevrilir. Buna görə də tək kreditlərin aşağı faiz dərəcəsinin olması kifayət etmir, həm də biznes, investisiya mühiti yaxşılaşdırılmalıdır. Ciddi təşviq proqramları olmalıdır ki, həm kredit faizləri aşağı düşsün, həm də real sektora qoyulan kreditlərin həcmi artsın”.

Analitik hesab edir ki, kredit faizləri aşağı düşərsə, kommersiya kreditlərinə müəyyən dərəcədə pozitiv təsirləri ola bilər:

“Amma biznes kreditlərinin artmamasının tək səbəbi yüksək kredit faizləri deyil. Burada kreditin müddəti ilə də bağlı problem də var. Azərbaycanda biznes kreditləri çox qısamüddətli verilir. Normalda bu kreditlər 5-7 il arası müddətdə verilməlidir. Bu problem də həll olunmalıdır. Bundan əlavə, investisiya mühiti yaxşılaşdırılmalıdır. Yəni iş adamları özləri can atmalıdır investisiya kreditlərinə. Çox təəssüf ki, hələ iş adamları müəyyən təhlükələrə, o cümlədən istehsalla məşğul olmanın ağırlığına görə, daha çox istehlak kreditlərinə üstünlük verirlər”.
Geri qayıt