Virus Mərkəzi Bankı rəhmə gətirdi - yeni qərarla 6 min işə xitam verilə bilər

Virus Mərkəzi Bankı rəhmə gətirdi - yeni qərarla 6 min işə xitam verilə bilər Mərkəzi Bankın İdarə Heyətinin 20.02.2020-ci il tarixli qərarı ilə "Azərbaycan rezidentlərinin xarici valyutada, habelə qeyri‐rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"na dəyişikliklər təsdiq olunub.

Mərkəzi Bankdan Sputnik Azərbaycan-a verilən məlumata görə, dəyişikliklərə əsasən, qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti mövcud 270 gündən ən geci 2 il müddətinə qədər uzadılıb. Eyni zamanda idxal olunmayan mal və xidmətlərin dəyəri 10 min ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılıb.

İqtisadçı-ekspert Vüqar Bayramov ölkəmizdə valyuta rejiminin liberallaşdırılmasını Sputnik Azərbaycan-a şərh edib.

Ekspert deyib ki, dəyişiklik daha çox ticarətdə valyuta rejiminin liberallaşdırılmasına xidmət edir: "Bu, xüsusən də Azərbaycanın tədiyyə balansındakı müsbət profisit fonunda valyuta rejimini liberallaşdırmağa xidmət edir. Bəzi hallarda sahibkarlar idxal etdikləri məhsullar ilə bağlı öncədən ödəniş edirlər. Çünki xarici şirkətə qabaqcadan ödəniş etməlidirlər ki, məhsulları alıb ölkəyə gətirə bilsinlər. Ödəniş bank vasitəsilə həyata keçirilir. Sahibkarlar məhsulların ölkəyə daxil olması ilə bağlı gömrük bəyannaməsini və ya xidmətin göstərilməsini təsdiq edən sənədi ödəniş etdiyi banka təqdim etməlidirlər. Qanunvericiliyə əsasən, sahibkarlar bunu 270 gün ərzində təqdim etməli idi. Bu müddətdən gec olarsa, sahibkara qarşı cərimələr tətbiq olunurdu".

O bildirib ki, bəzi hallarda ödəniş edilir, amma məhsulun ölkəyə idxalı ilə bağlı fərqli səbəblərdən (nəqliyyatın yubanması və s.) müəyyən çətinliklər ola bilir: "Xüsusən son dövrlər koronavirusun yayılması fonunda idxalda yubanmalar var. Nəticədə Mərkəzi Bank həmin müddəti 2 ilədək artırdı. Əvvəlki dövrdə sahibkar ən gec 270 gün ərzində məhsulun ölkəyə daxil olması ilə bağlı sənədi banka təqdim etməli idi. Artıq bu müddət 2 ilədək artırılıb. Yəni qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsinin 2 ildən gec olmamaq şərtilə istənilən zaman banka təqdim edilməsi mümkün olacaq. Bu da bəzi hallarda sahibkarlardan asılı olmayan səbəblərdən məhsulun idxalında yubanmalar varsa, onlara tətbiq edilən cərimənin praktiki olaraq aradan qaldırılması anlamına gəlir. Ona görə də bu, sahibkarlar üçün vacib idi".

Ekspert qeyd edib ki, bütün hallarda sahibkar məhsulu idxal etmək üçün qabaqcadan bank vasitəsilə xarici şirkətə ödəniş edir: "Amma sahibkardan asılı olmayan fərqli səbəblərdən (hava şəraiti, nəqliyyat və s.) malın ölkəyə daxil olması yubana bilirdi. Amma bank da sahibkardan tələb edirdi ki, 270 gün ərzində malın ölkəyə daxil olması barədə hesabat ver.

Əgər mal yubanırdısa, sahibkara qarşı cərimələr tətbiq olunurdu. Sonradan da onun idxalı ilə bağlı problemlər yaranırdı. Artıq bu maneə aradan qalxır. Məsələn, sahibkar Rusiyadan taxta materiallar alırsa, bunun ölkəyə daxil olması ilə bağlı sənədi 270 gün ərzində deyil, 2 il ərzində banka təqdim edəcək. Nəticədə əgər fərqli səbəblərdən malın ölkəyə daxil olması 270 gündən sonra olacaqsa, bu, sahibkar üçün problem yaratmayacaq. Çünki müddət 2 ilə qədər uzadılıb. Bu addım kapitalın ölkədən axınına gətirib çıxarmayacaq, əksinə idxal ilə məşğul olan sahibkarların fəaliyyəti asanlaşacaq".
O bildirib ki, digər bir məqam, idxal olunmayan mal və xidmətlərin dəyərinin on min dollar ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbinin aradan qaldırılmasıdır: "Əvvəlki dövrlərdə idxal olunmayan mal və xidmətlər ilə bağlı hətta 10 min dollaradək ödəniş olduqda valyuta nəzarəti orqanına hesabatın və ya məlumatın verilməsinə ehtiyac var idi. Nəzərə alsaq ki, Azərbaycan qanunvericiliyində də 10 min dollaradək olan valyutanı nağd şəkildə ölkədən hər hansı bir sənəd olmadan çıxarmaq mümkündür. Yəni 10 min dollaradək olan valyutanın ölkədən çıxarılması ilə bağlı hər hansı bir sənəd tələb olunmur, eyni zamanda bəyannamənin təqdim olunmasına da ehtiyac yoxdur. Oxşar praktika artıq idxal olunmayan mal və xidmətlərin dəyəri üçün tətbiq olunacaq. Əgər idxal olunmayan mal və xidmətlərin dəyəri 10 min dollardan çox deyilsə, sahibkar hesabat və ya məlumat verməyəcək".

"Dəyişiklikdə hər iki məqam sahibkarların fəaliyyəti üçün vacib idi və bu, xüsusən də valyuta rejiminin asanlaşması və liberallaşmasına xidmət edən qərardır. Biz Mərkəzi Bankın valyuta rejiminin liberallaşdırılması ilə bağlı fəaliyyətini davam etdirməsini təklif edirik. Mərkəzi Bank çalışmalıdır ki, valyuta bazarının liberallaşdırılması ilə bağlı islahatlar davam etdirilsin", - deyə o əlavə edib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının baş katib əvəzi Kristina Məmmədova mətbuata açıqlamasında deyib ki, bu qərar biznesin inkişafı naminə daha bir uğurdur: "Xaricə ödənilmiş avans ödənişləri müqabilində alınan mallar əvvəllər 180 gün ərzində idxal edilməli idi. Bu qaydalar sahibkarların idxal əməliyyatlarında ciddi çətinliklər yaratmışdı. Azərbaycan Sahibkarlar Konfederasiyasının təklifi ilə 180 gün 270 günə qaldırıldı, lakin ölkədə sahibkarlığın inkişafına göstərilən diqqət və qayğı, eləcə də müasir texnologiyaların tətbiqi ilə bağlı çağırışlar idxalın 270 günə reallaşdırılması ilə bağlı çətinliklər yaradırdı. Bu qaydaların pozulmasından irəli gələn 12 min iş vardı və həmin işlərdən 6 minə qədərinə hazırda məhkəmədə baxılır".

O bildirib ki, Mərkəzi Bankın sədri Elman Rüstəmovun və Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin birgə təşəbbüsləri nəticəsində 10 yanvar 2020-ci ildə Mərkəzi Bankda sahibkarlar, bank rəhbərləri və Mərkəzi Bank aparatının birgə iştirakı ilə geniş iclas keçirilib: "İclasın nəticəsində işçi qrup yaradılıb. İşçi qrupun gərgin əməyinin nəticəsində məhz bugünkü müsbət nəticələr əldə olunub. Bizim üçün çox sevindirici haldır ki, bu məsələ müsbət həll olundu. Bu o deməkdir ki, artıq 6 minə yaxın məhkəmə işinə xitam veriləcək".

Qeyd edək ki, Mərkəzi Bankın məlumatına əsasən, qərar son illər ölkənin tədiyyə balansı göstəricilərində müşahidə edilən yaxşılaşma prosesləri, gömrük nəzarətinin, bütövlükdə valyuta nəzarətinin gücləndirilməsi istiqamətində aparılan islahatların müsbət nəticələri nəzərə alınmaqla qəbul edilib. Belə ki, hazırda tədiyyə balansının cari əməliyyatlar hesabının profisitinin ümumi daxili məhsula nisbəti ikirəqəmli ədədlərlə ölçülür. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft ixracının təşviqi istiqamətində görülmüş işlər profisitli tədiyyə balansının formalaşmasında həlledici rol oynayıb. Cari əməliyyatlar hesabı ilə yanaşı, son illər kapitalın və maliyyənin hərəkəti hesabında da əhəmiyyətli yaxşılaşma qeydə alınıb.

Valyuta rejiminin liberallaşdırılması həm də ölkədə sahibkarlıq üçün fəaliyyət mühitinin daha da yaxşılaşdırılmasına dəstək olacaq. Məlum olduğu kimi, cari ilin əvvəlində Mərkəzi Bankın İdarə Heyətinin yanında Sahibkarlarla Əməkdaşlıq Şurası təsis edilib. Bu Şurada qaldırılan prioritet məsələlərdən biri də ölkədə mövcud valyuta rejimi çərçivəsində idxal əməliyyatlarının tənzimlənməsinin liberallaşdırılması ilə bağlı olub.

Dəyişikliklər Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsindən sonra qüvvəyə minəcək.
Geri qayıt