Fazil Məmmədovun "AtaBank"ı "son nəfəsdə"...

Fazil Məmmədovun "AtaBank"ı  "son nəfəsdə"... Fazil Məmmədovun bankı kritik həddə...
Son zamanlar AtaBankın müştəriləri olan sahibkarların, əmanətçilərin və digər fiziki şəxslərin bankın fəaliyyəti ilə bağlı haqlı narazılıqları ciddi şəkildə artıb. Sahibkarlar hesabları üzrə əməliyyatlarını vaxtında apara bilmədiklərindən, əmanətçilər isə əmanətlərini vaxtında ala bilmədiklərindən əziyyət çəkirlər.

“Yeni Sabah” xəbər verir ki, buna səbəb bankda ciddi şəkildə likvidlik probleminin yaranması olub. AtaBankla bağlı ciddi problemlərlə üz-üzə qalan insanlar Mərkəzi Banka, Prezident Aparatına və digər orqanlara şikayət ərizələri ünvanlamaqda davam edirlər.

Vətəndaşların müraciətlərinə əsasən, ölkə mediasında bu bankın milli iqtisadiyyata, bank sisteminə artıq bir təhlükə olduğu barədə dəfələrlə məlumatlar verilsə də, bank hər dəfə bu məlumatları təkzib edib. Nəticədə isə bankın maliyyə vəziyyəti kritik həddə çatıb, barəsində isə ciddi narazılıqlar yaranıb. O zaman ölkənin bank sisteminə nəzarətə məsul qurum olan Maliyyə Bazarlarına Nəzarət Palatası AtaBanka öz likvidliyini bərpa etməsi üçün həddindən artıq şans verdi, bu banka qarşı heç bir sərt tənzimləmə metodu tətbiq etmədi. Buna səbəb isə, həmin vaxt bankın sahibi, keçmiş Vergilər Naziri Fazil Məmmədovun banka əlavə kapital yerləşdirəcəyinə dair öhdəlik götürməsi bildirilirdi. Lakin sonda bu öhdəlik yerinə yetirilmədi...

Hazırda isə Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilmiş, bank nəzarəti səlahiyyətləri yenidən Mərkəzi Banka qaytarılmışdır. Görünən odur ki, Mərkəzi Bank Palatanın səhvini təkrarlamayacaqdır. Çünki, yanvarın 13-də 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Bankın sədri Elman Rüstəmova tapşırıq verərək bildirdi ki, “bank sisteminə çox güclü nəzarət olmalıdır”.

Bu tapşırığa və ümumi nəzarət səlahiyyətinə əsaslanaraq artıq Mərkəzi Bank AtaBankla bağlı yaranmış vəziyyətə dair hərəkətə keçib.

Bu barədə Mərkəzi Bank mediaya açıqlama verərək bildirib ki, “Ölkə prezidentinin fərmanı ilə Azərbaycan Mərkəzi Bankı (AMB) vahid maliyyə nəzarəti və tənzimləmə qurumuna çevrildikdən sonra "AtaBank" ASC-də ilkin araşdırmalar aparılıb. Araşdırmalar nəticəsində “AtaBank”ın ciddi maliyyə dayanıqlığı və likvidlik problemləri ilə üzləşdiyi məlum olub. Bununla belə, bütün banklarda olduğu kimi "Atabank"da da əhalinin qorunan əmanətləri tam sığortalanıb. Hazırda AMB Bankda yaranmış vəziyyətlə bağlı kompleks təhlillər aparır və onların nəticəsi əsasında müvafiq təkliflər hazırlanacaq.

Beləliklə, AtaBankda ciddi likvidlik probleminin olması və bu qurumun öz öhdəliklərini yerinə yetirə bilməməsi rəsmən elan olundu, halbuki bu mövqe əvvəllər heç vaxt bildirilmirdi. Görünür ki, AtaBankda yaranmış gərgin vəziyyət və çoxsaylı vətəndaş narazılıları bu mənzərəni gizlətməyi mümkünsüz edib.

Qayıdaq Mərkəzi Bankın açıqlamasına: araşdırılacaq və təkliflər veriləcək.. Buradan bankın taleyi ilə bağlı iki istiqamət müəyyənləşdirilə bilər. Birincisi, Mərkəzi Bank AtaBanka öz fəaliyyətini bərpa etmək üçün əlavə maliyyə resursu verə bilər, ikincisi, likvidliyin bərpasının mümkünsüzlüyünə görə bank lisenziyasını geri ala bilər.

Mərkəzi Bankın AtaBanka əlavə resurs verəcəyi ehtimalları azdır, belə ki, bankın son hesabatına görə AtaBankın Mərkəzi Bank qarşısında hələ 13,5 milyon manat icra edilməməmiş öhdəliyi vardır. Ümumilikdə bu bankın 390 milyona yaxın öhdəliyi vardır. Ciddi likvidlik problemi səbəbindən bank çoxşaxəli fəaliyyət göstərə və gəlir əldə edə bilmir. Belə olan halda AtaBanka əlavə kreditin ayrılması real görünmür. Eyni zamanda resursla təmin olunsa da, artıq bu bankda yaranmış vəziyyəti idarə edəcək, onu böhrandan çıxaracaq peşəkar kadrlar artıq yoxdur.

Belə olan halda yeni səlahiyyətlər əldə etmiş Mərkəzi Bankın ilk işi olaraq AtaBank və bu bankla oxşar durumda olan digər bankların neytirallaşdıraraq, sistemdən kənarlaşdırması, beləliklə sistemin “xəstə banklar”dan təmizlənməsi daha məqsədəuyğun görünür.
Geri qayıt