Hüquqi şəxslərin kredit borcu: Problemi banklar şişirdir - TƏHLİL

Hüquqi şəxslərin kredit borcu: Problemi banklar şişirdir - TƏHLİL Məlum olduğu kimi, Azərbaycanda istehlak kreditləri bankların kredit portfelində böyük faizlə yer tutur.

Bankların biznes kreditlərinə maraq göstərməməsi ölkədə sahibkarlığın inkişafının qarşısını alan məqamlardan biridir, amma bu vəziyyətin yaranması da bir sıra amillərlə bağlıdır. "VTB Bank Azərbaycan"ın İdarə Heyətinin sədri Yevgeni Kirin bildirib ki, Azərbaycanda hüquqi şəxslərdən problemli borcların müsadirə olunması proseduru sadələşdirilməli və sürətlənməlidir:

“Biz məhkəmə sistemində aparılan islahatlara bel bağlayırıq. Hüquqi şəxslərin problemli kreditləri məsələsinin həllinə dair Prezident İlham Əliyevin fərmanı müsbət nəticələr verir, bunların xeyli azaldığını görürük. Lakin hüquqi şəxslər tərəfindən kreditlərin yubadılması hələ də yüksəkdir. Bu da məsələlərin çoxunun məhkəmələrdə olması ilə bağlıdır. Bəzi hallarda hüquqi şəxslərdən problemli borcların müsadirəsi 3-5 il vaxt aparır. Bu, çox uzun vaxtdır, nəticədə həm bankların, həm də bütövlükdə iqtisadiyyatın fəaliyyəti ləngiyir. Əslində qarşımızda dəyərini, qiymətini getdikcə itirən pullar var”, - deyən bank rəhbəri “Müflisləşmə haqqında” qanundakı hüquqi şəxslərə dair bölməni ayrıca qanun olaraq ayırmaq təklifini də irəli sürüb.

“Bəzi səhmdarların, rəhbərlərin saxta müflisləşmə əməllərinin qarşısını almaq üçün Azərbaycanda vasitələr əksikdir, halbuki bu kimi əməllərə hüquqi qiymət verilməlidir. Hazırkı vəziyyət belədir ki, borclu tərəf şirkətin aktivlərinin qalmadığını, yalnız borclarının olduğunu bəyan edir və bu qərarı kimin verdiyinə dair sual verən yoxdur. Biz kreditorlar üçün də məsələ müəmmalı qalır, bir sıra suallar meydana gəlir, lakin mövcud qanunlar çərçivəsində həmin suallara aydınlıq gətirmək olmur”, - Y.Kirin vurğulayıb.

Bu məsələnin aradan qaldırılması ilə ölkədə sahibkarlıq mühitinin də xeyli yaxşılaşa biləcəyini dilə gətirən bank rəhbəri dünya reytinqlərində öncül mövqelərdə olan ölkələrin hamısında sözügedən mexanizmin çoxdan oturuşduğunu qeyd edib: “Belə bir mexanizm zəruridir, Azərbaycanda da məhkəmə islahatı və sonrakı işlər çərçivəsində bu məsələnin həllini tapacağına inanırıq”.

Hüquqi şəxslərin problemli kreditlərinin yaranma səbəbləri hansılardır? Borcların geri alınmasının asanlaşdırılması üçün hansı tədbirlərə ehtiyac var? Bunun üçün qanunvericilik təkmilləşdirilməsinə ehtiyac var, yoxsa problemin həlli məhkəmə islahatlarından keçir?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, hüquqi şəxslərin borcları ilə bağlı məsələnin bir neçə aspekti var: “İlk növbədə qanunvericiliyin təkmiləşdirilməsinə, sadələşdirilməsinə ehtiyac var. Amma bu bank kreditləri üzrə hüquqi şəxslərə qarşı çevrilməməlidir, sadəcə məhkəmə proseslərinin daha ədalətli olması təmin olunmalıdır. Çünki bəzən hüquqi şəxslərin də banklara qarşı iddiaları olur ki, bu cür problemlərlə bağlı da uzunmüddətli məhkəmə prosesləri mövcuddur. “VTB Bank Azərbaycan" Rusiya bankıdır. Rusiyada bank kreditləri üzrə hüquqi şəxslərlə fiziki şəxslərə ayrıca münasibət varmı?-Xeyr”.

Qanunvericilikdə təkmilləşdirməni vacib sayan hüquqşünas qeyd edir ki, amma təkcə bu problemin həlli üçün kifayət deyil:“Əsas problem hakimlərimizin savadının, dürüstlüyünün aşağı səviyyədə olması ilə bağlıdır. Qanunun necə dəyişməsindən asılı olmayaraq, hakimlərin indiki kimi fəaliyyət göstərdiyi təqdirdə problemlər olacaq. Ona görə də bütövlükdə məhkəmə hüquq islahatları hakimlərin səviyyəsinin artması istiqmətində aparılmalıdır, Dürüstlüyün təmin olunması üçün isə onların maddi təminatının gücləndirilməsi və bununla yanaşı korupsiyaya görə məsuliyyətlərinin sərtləşdirilməsi vacibdir”.

Əkrəm Həsənov deyir ki, bank kreditləri ilə bağlı problem yalnız hüquqi şəxslərlə bağlı deyil, həm də fiziki şəxslərlə bağlı yaranır: “Hüquqi şəxslərin də, fiziki şəxslərin də problemləri eyni səbəblərdən yaranır. Bu problemlər devalvasiya, gəlirliliyin aşağı olması, banklar tərəfindən kredit borcunun şişirdilməsi ilə bağlı yaranır. Bütün problemli kreditlərə xas olan məsələlər eyni formada hüquqi şəxslərin kreditlərində də var. Digər tərəfdən bəzən hüquqi şəxslərlə bağlı bu cür problemlər o zaman yaranır ki, bank təminatsız kreditlər verdiyinə görə, həmin borcu geri ala bilmir. Bu halda, problem məhkəmə sistemi ilə bağlı yox, həmin bankların daxili idarəetməsi ilə bağlı yaranır”.

Ekspertə görə, Azərbaycanda ümumi kredit portfelində biznes kreditlərinin faizinin aşağı olması da məhz hüquqi şəxslərin problemli kreditləri ilə bağlıdır.
Geri qayıt