Növbəti ildə dövlət büdcəsindən hansı istiqamətə daha çox vəsait ayrılıb? - GƏLİŞMƏ

Növbəti ildə dövlət büdcəsindən hansı istiqamətə daha çox vəsait ayrılıb? - GƏLİŞMƏ Xəbər verdiyimiz kimi, 2020-ci il dövlət büdcəsi təsdiq olunub. Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanunu imzalayıb. Qanuna əsasən, Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat, xərcləri 26 milyard 894,7 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 23 milyard 336,95 milyon manat, yerli gəlirləri 797 milyon 550 min manat, mərkəzləşdirilmiş xərcləri 26 milyard 44 milyon 596 min manat, yerli xərcləri 850 milyon 104 min manat) məbləğində təsdiq edilib. Bəs görəsən, bu il büdcədə hansı istiqamətlərdə xərclər artırılıb? 2020-ci ilin büdcəsini sosialyönümlü adlandırmaq olarmı?

“Yeni Müsavat”a açıqlamasında 2020-ci ilin dövlət büdcəsini dəyərləndirən iqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov bildirdi ki, növbəti ilin baş maliyyə sənədi ilə nəzərdə tutulan büdcə göstəriciləri müstəqillik illərimizin ən böyük büdcə göstəriciləridir: “Büdcə iqtisadiyyatın güzgüsüdür. Bu güzgü eyni zamanda ölkədə vətəndaşların növbəti ildə sosial durumuna dövlət qayğısını özündə əks etdirir. Gələn il dövlət büdcəsinin gəlirləri 24134,5 milyon manat proqnozlaşdırılır ki, bu da Ümumi Daxili Məhsulun 29,0 faizi həcmində olmaqla, 2019-cu ilin proqnozu ilə müqayisədə 966,5 milyon manat və yaxud 4,2 faiz çoxdur. Bütövlükdə cari illə müqayisədə 2020-ci ilin dövlət büdcəsinin gəlirlərinin 4,2% artımı proqnozlaşdırılır. Lakin 2016-cı ilin iqtisadi və maliyyə böhranından sonrakı bir neçə il ərzində büdcə göstəricilərində real olaraq baş vermiş artımların ölçüləri bundan on dəfələrlə çoxdur. Belə ki, 2020-ci ilin dövlət büdcəsinin gəlirləri 2017-ci ilin dövlət büdcəsinin faktiki gəlirlərindən 7 milyard 618 milyon manat və ya 46,1 faiz, xərcləri isə müvafiq olaraq 9 milyard 319 milyon manat və ya 53,0 faiz çox olacaq”.

F.Yusifovun sözlərinə görə, iki il ərzində dövlət büdcəsinin gəlir və xərclərində belə böyük artımların baş verməsinə dair bir nümunəni başqa yerdə tapmaq mümkün deyil: “Büdcədə neftin qiyməti 2019-cu illə müqayisədə 8,3% az (bir barel üçün 55 dollar) proqnozlaşdırıldığı halda, gəlirlərdə nəzərdə tutulan artım demək olar ki, bütövlükdə qeyri-neft sektoru hesabına təmin ediləcək. Növbəti il üçün proqnozlaşdırılmış dövlət büdcəsinin gəlirlərinin tərkibində neft sektorunun payı 13530,0 mln. manat və ya 56,1%, qeyri-neft sektorunun payı isə 10604,5 mln. manat və ya 43,9% təşkil edəcək. 2020-ci ildə dövlət büdcəsinə qeyri-neft sektorundan daxilolmaların ÜDM-də xüsusi çəkisi 12,7%-ə bərabər olmaqla, onun artım tempi 2018-ci ilə nisbətən 1,3 faiz, 2019-cu ilə nisbətən isə 0,7 faiz təşkil edir”.

İqtisadçı alim eyni zamanda onu da vurğuladı ki, növbəti il üçün dövlət büdcəsinin qeyri-neft sektorundan gəlirlərinin qeyri-neft ÜDM-də xüsusi çəkisi 19,4% səviyyəsində proqnozlaşdırılır: “Bu göstərici də 2018-ci ilin eyni göstəricisi ilə bir səviyyədə olsa da 2019-cu illə müqayisədə 0,4 faiz artıq olacaqdır. 2020-ci ilin büdcəsində 2019-cu illə müqayisədə iqtisadiyyatla bağlı xərclərin xüsusi çəkisinin azalması, sosialyönlü xərclərin isə əsaslı şəkildə artırılması proqnozlaşdırılmışdır. Növbəti ildə dövlət investisiya proqramına daxil olan layihələr üzrə əsaslı vəsait qoyuluşuna ümumilikdə 4909,0 mln. manat (ondan 3958,0 mln. manat daxili, 951,0 mln. manat isə xarici kreditlər hesabına olmaqla) vəsaitin ayrılması nəzərdə tutulmuşdur ki, bu da cari ilin müvafiq göstəricisindən 32,0% azdır. Bu məsələdə yeni bir taktikanın ortaya qoyulduğu aydın görünür. Dövlət növbəti ildə iqtisadiyyata daha çox xarici investisiyaların cəlb edilməsini proqnozlaşdırır və bu məqsədlə olduqca ciddi addımların atılacağı gözlənilir. Heç şübhəsiz 2020-ci ilin büdcəsində əks olunmuş sosial tədbirlərin bütün digər xərclərdən əsaslı şəkildə üstün artması dövlətimizin sosial mahiyyətinin altından növbəti möhürün vurulması deməkdir”.

Növbəti ilin büdcəsində sosial xərclərin artım templəri necə proqnozlaşdırılıb? Bu artımlar vətəndaşlarımızın həyat tərzinin yaxşılaşdırılması üçün nə qədər yetərli olacaq? Bu sıradan olan suallar ailə büdcəsi Dövlət büdcəsi hesabına bütövlükdə və qismən formalaşan hər kəsi düşündürür.

Bu sualları cavablandıran F.Yusifov bildirdi ki, büdcədə sosial təminat xərclərinin əsalı şəkildə artmasını şərtləndirən əsas səbəblər bu il ərzində Prezidentin imzaladığı iki böyük sosial zərfin reallaşdırılması ilə bağlıdır: “Digər tərəfdən, dövlət bu istiqamətdə tədbirləri növbəti ildə də davam etdirməyi proqnozlaşdırır. Bir sözlə, 2019-cu ilin mart və sentyabr aylarında əməkhaqlarının, pensiyaların, sosial müavinətlərin və təqaüdlərin artımını nəzərdə tutan tədbirlər 2020-ci ilin büdcəsində sosial təyinatlı xərclərin əsaslı şəkildə artması ilə nəticələndi. Bu sıradan olan tədbirlər içərisində minimum əmək haqqının təxminən 2 dəfə artırılaraq - 130 manatdan 250 manata, eləcə də minimum pensiyaların 72,0 faiz artırılaraq - 116 manatdan 200 manata çatdırılması xüsusi qeyd olunmalıdır. Bütün bunlar nəzərə alınmaqla 2020-ci il üçün dövlət büdcəsinin sosialyönümlü xərcləri 10373,7 milyon manat məbləğində proqnozlaşdırılmışdır ki, bu da 2019-cu illə müqayisədə 2605,8 milyon manat və ya 33,5 faiz çoxdur. 2020-ci ildə sosialyönlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 38,5 faiz təşkil edəcəkdir ki, bu da 2019-cu illə müqayisədə 7,7 faiz çoxdur. Bütövlükdə isə son 5 ildə - yəni 2016-cı illə müqayisədə 2020-ci ildə dövlət büdcəsində sosialyönlü xərclər 1.7 dəfə artıb. Bu, dövlətimizin bir sosial dövlət olduğunu göstərən aşkar bir göstəricidir”.
“Yeni Müsavat”
Geri qayıt