Yoxsulluğun ləğvinə ayrılan milyonlar: Necə xərclənəcək? - GƏLİŞMƏ

Yoxsulluğun ləğvinə ayrılan milyonlar: Necə xərclənəcək? - GƏLİŞMƏ Dünya İqtisadi Forumunun (DİF) hesabatına görə, 2019-cu il üçün Azərbaycanda işsizlik səviyyəsi 5 faizdir.

DİF-nin Azərbaycanda işsizliyin 5 faiz olması barədə məlumatı Prezident İlham Əliyevin ilin əvvəlində Nazirlər Kabinetinin ilin yekunlarına dair iclasında dediklərilə üst-üstə düşür. İşsizlik səviyyəsini daha da aşağı endirmək üçün Azərbaycan hökuməti Dünya Bankı ilə növbəti layihəyə başlayacaq.

Belə ki, Dünya Bankı (DB) ilə Azərbaycan hökuməti arasında məşğulluğun dəstəklənməsi layihəsinin həyata keçirilməsi üçün 100 milyon dollar məbləğində kreditin ayrılmasına dair danışıqlar son mərhələdədir.

Məlumat üçün bildirək ki, DB məşğulluğun dəstəklənməsi layihəsinin reallaşdırılmasına 100 milyon dollar ayırmağı planlaşdırır. DB-nin Direktorlar Şurası bu layihə üçün kreditin ayrılmasını 2020-ci ilin birinci rübündə təsdiqləyəcəyi planlaşdırılır. Layihə Azərbaycan əhalisinin iş axtaran həssas qrupları: gənclər, qadınlar, məcburi köçkünlər, əlillər və təhsil səviyyəsi aşağı olan insanlar arasında məşğulluqla bağlı vəziyyətin yaxşılaşdırılmasına yönəldilib. Maraqlıdır, bu vəsait məşğulluq proqramını həyata keçirən qurumların fəaliyyətindəki problemlərin aradan qaldırılmasına necə yardım edəcək?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, bu da öncədə ayrılan vəsaitlər kimi, dövlət qurumları arasında bölüşdürülüb sadəcə formal layihənin həyata keçirilməsinə sərf olunacaqsa, ciddi bir effekti olmayacaq:

“Dəfələrlə açıqlamalarımız olub ki, məşğulluqla bağlı xüsusi dövlət proqramı qəbul olunmalıdır. Bununla bağlı müəyyən işlər görülüb, amma bugünə qədər konkret zaman və hədəflər açıqlanmayıb. Hədəflərə çatmaq üçün də addımların yol xəritəsi olmalıdır. Ayrılan 100 milyon dollar isə kifayət qədər böyük məbləğdir. Bu məbləğ kiçik və orta sahibkarlığın inkişafına, əsasən də regionlarda “hom hotel”lərin yaradılması, müəyyən aqrar layihələrin təşkilinə sərf olunsa, təbii ki, effekt verə bilər. Amma çox təəssüf ki, bugünə qədər bu tipli layihələrin həyata keçirilməsindən sonra hökumət tərəfindən ortalığa bir hesabat qoyulmayıb ki, ayrılan vəait hesabına nə qədər iş yeri yaradılıb, nə qədər əlavə dəyər olub, nə qədər məhsul istehsal olunub, bu layihənin payı ixracatda nə qədər olub, daxili bazarda bu tipli layihələrin həyata keçirilməsi ilə nə qədər vəsait əldə olunub.

Hökumətin bu məsələ ilə bağlı detallı hesabatı yoxdur. Ona görə də düşünürəm ki, bu çox vacib layihədir. Ciddi şəkildə düşünlülməli və vəsaiti məşğulluğun inkişafına, yeni iş yerlərinin yaradılmasına sərf etmək mümkündür. Sadəcə olaraq, buna doğru-dürüst yanaşmağa ehtiyac var. Bu məsələ elmi şəkildə, yol xəritəsi, addımları, zamanlaması, hədəfləri bəlli olan bir layihə kimi getməlidir. Dünya Bankı da ən azından bunu nəzərə almalıdır. Çünki Azərbaycan hökumətindən danışıqlar zamanı vəsaitin hər qəpiyinin hara xərclənəcəyi göstərilməlidir. Yoxsa bu da bundan öncəki layihələr kimi qapalı qalacaqsa, bunun da ciddi effekt verəcəyi sual doğurur”.

N.Cəfərli qeyd edib ki, özünüməşğulluğun əsas sahələrindən biri də turizmdir: “Azərbaycan turizmi inkişaf etdirmək istəyirsə, bu məsələyə də baxa bilər. Bundan öncə səhv bir yanaşma oldu ki, əvvəldən elitar turizm anlayışını ortaya qoydular. 4-5 ulduzlu hotellərin tikilməsi və istifadəyə verilməsi önə çəkildi, prioritet elan olundu. Bu isə müasir turist profilinə uyğun deyil. Müasir turist daha ucuz, səliqəli evlərdə və ya hostellərdə qalmağa üstünlük verir. Bakıda barmaqla sayılacaq qədər hostellər, “Home hotel”lər var. Amma təkcə Tbilisidə 700-dən çox hostelin, “Home hotel”in olduğu ilə bağlı statistik məlumat var. Özünüməşğulluğun belə bir vacib sahəsinin inkişaf etdirilməsi üçün Bakıda kifayət qədər şərait var. “Home hotel”lərin açılması bir ailərinin gəlir əldə etməsinə çıxış imkanı vermək üçün çox maraqlı və effektli üsuldur. Dünyanın bir çox turizmi inkişaf etdirən ölkələrində bu özünü doğruldan bir yanaşmadır. Bakı şəhərində də bu yolla müəyyən iş yerlərinin yaradılması üçün potensial var”.
Geri qayıt