Əmlak sığortası: ildə nə qədər ödəyəcəyik? – Faydaları...

Əmlak sığortası: ildə nə qədər ödəyəcəyik? – Faydaları... Gələn il yanvarın birindən etibarən daşınmaz əmlakını icbari sığorta etməyən şəxslərə cərimələr tətbiq olunacaq. Maraqlıdır, daşınmaz əmlakın sığorta haqqı nə qədərdir və hansı evlər sığortalanmalıdır?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib ki, daşınmaz əmlakını bu ilin yanvarına qədər sığorta etməyənlər sığorta haqqı qədər cərimələnəcək:

“Artıq hər kəs daşınmaz əmlakını sığortalamalıdır. Lakin bu sığorta sənədi olan evlərə aiddir və sənədi olmayan evlərin sığortalanması hazırki vəziyyətdə mümkün deyil. Çünki 1-2 il vaxt lazımdır ki, çıxarışları olmayan evlər sənədləşdirilsin.

Bakı şəhərində yaşayış evləri və mənzillərin sığorta məbləği 25 min manat, sığorta haqqı isə 50 manat (illik), Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində sığorta məbləği 20 min manat, sığorta haqqı isə 40 manat və digər rayonlarda sığorta məbləği 15 min manat, sığorta haqqı isə 30 manatdır. Hesab edirəm ki, bu məbləğ hər hansı hadisə zamanı mənzillərə dəyən ziyanın aradan qaldırılması üçün hazırki dövrdə kifayətdir”.

Ekspert onu da bildirib ki, son zamanlar fors-major hadisələr tez-tez baş verdiyi üçün daşınmaz əmlakın icbari sığortası zərurəti ortaya çıxıb:

“Əgər daşınmaz əmlak sahibinin diqqətsizliyi və ya digər səbəbdən evlərə ziyan dəyirdisə, bu zaman onlar icra strukturlarına üz tuturdular. Artıq vətəndaşlar bilməlidirlər ki, özəl daşınmaz əmlaklarına dəyən ziyan da onlara aiddir. Necə ki, bu məsələ artıq avtomobil bazarında formalaşıb. Eləcə də mənzil bazarında bu ənənəni formalaşdırmalıyıq. Artıq vətəndaşların evlərinə hər hansı səbəbdən dəyən ziyanı müqavilə imzaladıqları sığorta şirkətləri qarşılayacaq”.

Əmlak eksperti Elnur Fərzəliyev isə bildirib ki, daşınmaz əmlakın icbari siğorta etdirilməsi vətəndaşların öz xeyrinədir:

“Dünya praktikasında hər hansı hadisə baş verərsə, mənzillərə dəyən ziyan sığorta şirkətləri tərəfindən ödənilir. Azərbaycanda isə bu yük dövlətin üzərinə düşür. Məsələn, bu il Şamaxıda və digər bölgələrimizdə zəlzələdə dağılan evlərin sığortası yox idi və həmin evlərə dəymiş ziyanın aradan qaldırılmasına dövlət kömək etdi. Bu səbəbdən daşınmaz əmlakın sığortalanması olduqca vacibdir. Sığorta olarsa, dəyən ziyanın dərəcəsindən asılı olaraq, sığorta şirkətləri tərəfindən o qarşılanır. Yəni bundan sonra paytaxtda sənədləri olan və sığortalanan istənilən mənzildə hər hansı bir hadisə baş verərsə, sığorta şirkətləri dəyən ziyanın təxminən 25 min manata qədərini qarşılayacaq. Bölgələrdə isə bu, daha az – 15 min manata qədərdir. Bu gün Naxçıvanda bütün mənzillər sığortalanıb. Digər ərazilərdə isə daşınmaz əmlakın icbari sığortasının tam tətbiq edilməsinə mənzillərin çıxarışının olmaması mane olur. Çıxarışı olmayan mənzillər mülkiyyət kimi tanınmır və mülkiyyət hüququ olmadığına görə şirkətlər onu sığortalamır. Əslində isə bu, bütün mənzillərə şamil olunmalıdır.

Bununla yanaşı sığorta üçün müraciət edən vətəndaşlar etibarlı şirkətlərə müraciət etməlidir ki, sabah yaranacaq hansısa problem zamanı sığorta şirkətləri dəyən ziyanı aradan qaldırmağa köməklik göstərməkdən boyun qaçırmasın”.
Geri qayıt