İlin 11 ayı: iqtisadiyyatda nələr dəyişdi - ekspert şərhi

İlin 11 ayı: iqtisadiyyatda nələr dəyişdi - ekspert şərhi Natiq Cəfərli: “Bu il ən çox yadda qalan supernazirliyin yaranması və struktur dəyişikliyi oldu”
2019-cu ilin 11 ayı geridə qaldı. Ötən 11 ay ərzində Azərbaycanın milli valyutası olan manatın məzənnəsində dəyişiklik nəzərə çarpmadı. ABŞ-ın Federal Ehtiyatlar Sistemi dolların uçot dərəcəsində dəyişiklik etsə də, qonşu dövlətlərin valyutaları devalvasiyaya uğrasa da, Azərbaycan manatının dollara nisbətdə məzənnəsi 1.70 AZN olaraq qalmaqdadır.

Ümumi Daxili Məhsulda da statistik məlumatlara görə artım oldu. Belə ki, 2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycanda ÜDM 2,1% artıb. 2019-cu ilin 10 ayı ərzində neft-qaz sektorunda ÜDM-in artımı 0,2%, qeyri-neft sektorunda 3,5% təşkil edib.

Bu dövrdə ÜDM-nin əhalinin hər nəfərinə düşən həcmi 6 min 609,6 manat təşkil edib.

Statistik məlumatlara əsasən, hesabat dövründə tikinti istisna olmaqla (azalma 6,2%) bütün sahələrdə artım qeydə alınıb.

Azərbaycan hökuməti 2019-cu ildə ÜDM-nin 3,2 % artacağını proqnozlaşdırır. 2018-ci ildə Azərbaycanda ÜDM 1,4% artıb.

“Yeni Müsavat”a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, bu il sosial sahədə verilmiş qərarlarla yadda qaldı: “Ən çox da supernazirlik olan İqtisadiyyat Nazirliyinin yaranması və struktur dəyişikliyi ilə bu ilə yadda qalacaq. Eyni zamanda bu il manat da sabit oldu. Artıq 2 ildir ki, manatın məzənnəsində dəyişiklik olmur. Bu, inzibati qərarla olsa da, iqtisadiyyatda müəyyən sabitliyin yaranmasına səbəb olub. Mərkəzi Bankın faiz dərəcəsini aşağı çəkməsi də bu ilin payına düşdü. Düzdür, bu, hələ ki, iqtisadi proseslərə birbaşa təsir etmir. Yenə də kredit faizləri yüksək olaraq qalır. Burada başqa struktur problemləri də mövcuddur. Bütün bunları nəzərə alaraq söyləmək olar ki, əslində 2019-cu il iqtisadiyyatın dinamikliyi ilə yadda qaldı. Çünki Ümumi Daxili Məhsul devalvasiyadan öncəki illərlə müqayisədə kifayət qədər aşağı rəqəmlərlə artır. Ancaq maliyyə, məzənnə sabitliyinin yaranmasını danmaq olmaz. Bundan əlavə, yeni dövlət qurumları, nazirlik yaradıldı. İqtisadiyyatda belə bir yanaşma mövcuddur ki, təkcə iqtisadi addımlarla iqtisadi proseslərdə ciddi dönüş yaratmaq mümkün olmur. Paralel olaraq idarəetmənin özünün də dəyişməsi vacibdir ki, iqtisadiyyatda atılan addımların müəyyən effektini görmək olsun. Bu il ilk dəfə olaraq iqtisadi sferada atılan addımların idarəetmədə də paralel olaraq bəzi addımlarla izlənməsinin şahidi olduq. Bunun effekt verib-verməyəcəyini gələn il aydın görəcəyik. Çünki idarəetmənin strukturunun dəyişdirilməsi 2019-cu ilin sonlarına təsadüf etdi. Ona görə də dəyişikliklərin bu il hansısa təsirlərə səbəb olduğunu söyləmək mümkün deyil. Bu baxımdan hesab edirəm ki, 2020-ci il daha maraqlı olacaq. 2019-cu ildə struktur dəyişikliyi ilə bağlı atılan addımların növbəti ildə özünü necə büruzə verəcəyinin şahidi olacağıq.

Ekspert bildirib ki, bu il kəmərlərin işə düşməsi ilə də yadda qaldı: “Cənub Qaz Dəhlizi layihəsi kifayət qədər ciddi layihədir. Həm Avropa birliyinin, həm Azərbaycanın, hətta region ölkələrinin maraqlarını özündə ehtiva edir. Yəni Layihə beynəlxalq miqyaslıdır. Layihənin əsas investoru da Azərbaycandır. Həm ”Şahdəniz-2" layihəsinin işlənməsi, TANAP və TAP layihələrinin çəkilməsində Azərbaycan əsas investor dövlətdir. Bura da kifayət qədər böyük investisiyalar yatırılıb. Təqribən artıq 24-25 milyard dollara yaxın investisiyalar yatırılıb, gələn il isə TAP layihəsinin tamamlanmasına yenidən 1.5-2 milyarda yaxın vəsait xərclənəcək. Bu layihə də tamamlandıqdan sonra Azərbaycan qazının Avropa bazarlarına çıxışına start veriləcək. Beynəlxalq layihənin işə düşməsi də təbii ki, Azərbaycan iqtisadiyyatına pozitiv təsir göstərəcək amildir. Ancaq uzun müddət təbii ki, belə bir böyük həcmdə gəlir gətirəcəyini də söyləmək mümkün deyil. Çünki layihənin həyata keçirilməsi üçün böyük həcmdə kreditlər alınıb. İlkin gəlirlər də bu kreditlərin qaytarılması üçün istifadə olunacaq".

Natiq Cəfərli 2019-cu ildə ÜDM-dəki artımlar barəsində də danışıb: “Burada iki məsələ mövcuddur. Birinci məsələ odur ki, həm gömrük, həm də vergi sistemində müəyyən mənada ”ağarma" baş verib. Yəni əvvəl gizlədilən dövriyyə bu il üzə çıxıb. Ona görə də hazırda Ümumi Daxili Məhsulda göstərilən artım, sadəcə olaraq olanın rəsmiləşdirilməsi kimidir. Yəni bu, var idi və əvvəlki illərdə hesabatlıqdan kənarda qalmışdı. İndi isə gömrük və vergidə aparılan sərtləşmə, gizlədilən resursların üzə çıxmasına səbəb olub. Bu da ÜDM-də artıma səbəb olub. Bu il artım təqribən 3 faiz olub. Lakin bu rəqəmi çox da böyük saymaq olmaz".

“Yeni Müsavat”
Geri qayıt