Azərbaycanın bank sektorunda nələr baş verir? - Problemli kreditlər yenə artır...

Azərbaycanın bank sektorunda nələr baş verir? - Problemli kreditlər yenə artır... Prezidentin bank sektoruna ayırdığı yardım da bankların işinə yaramır...
Bank üzrə mütəxəssis: “Problemli kreditlərin əksəriyyət hissəsi sunidir. Yəni həmin kreditləri bank sahiblərinin özləri yaradıblar”.

“Təbii ki, problemli kreditlərin artmasında həm Mərkəzi Bankın, həm Palatanın günahı var. Çünki Mərkəzi Bank vaxtında bu problemlərə müdaxilə etməyib, Palata da vaxtında öz işinii düzgün qura bilməyib”.

Azərbaycan Mərkəzi Bankı iqtisadiyyata kredit qoyuluşları ilə bağlı göstəriciləri açıqlayıb. Məlum olub ki, iyul ayında ölkə banklarının kredit portfeli təqribən 200 milyon manat artaraq 13 milyard 681,4 milyon manata çatıb. Bu, o deməkdir ki, İlin əvvəlindən kredit portfeli 660 milyon manat artıb.

Ancaq məsələ ondadır ki, ümumilikdə kredit portfelinin həcminin artmasına paralel olaraq, problemli kreditlərin məbləği də artıb. AMB-nin göstəricilərinə əsasən, iyulun sonuna problemli kreditlərin məbləği 1 milyard 487,4 milyon manat təşkil edib. Bununla yanaşı, problemli kreditlərin ümumi kredit portfelindəki payı təxminən 11% təşkil edir.

Xatırladaq ki, bu il fevralın 28-də ölkə başçısı problemli kreditlər məsələsinin həllilə bağlı fərman imzalayıb. Həmin fərman vətəndaşların banklardakı 10.000 ABŞ dollarınadək problemli kreditlərinin qapanması üçün dövlət büdcəsindən 700 milyon manatdan artıq vəsait ayrılmasını nəzərdə tuturdu.

Həmçinin, banklara 682 milyon manat məbləğinədək dövlət zəmanəti ilə güzəştli kredit verilməsi, bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılan kreditin hesabına onların müraciəti əsasında 215 milyon ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızlar verilməsi nəzərdə tutulurdu.

İndi məlum olur ki, bütün bu tədbirlər, ayrılan vəsaitlər bank sektoruna ümumilikdə müsbət təsir göstərsə də, banklar yenə problemli kreditlər bataqlığına sürüklənməkdədirlər. Məsələ ondadır ki, 2018-ci ilin yekunlarına görə, bankların kredit portfeli 13 mlrd. manat təşkil edib və bunun 12,2 faizi problemli kreditlər olub. Yuxarıda qeyd edildiyi kimi, hazırda isə bu göstərici 11 faizdir. Deməli, büdcədən ayrılan 1 milyard manata yaxın vəsait, banklara göstərilən dəstək və güzəştlər problemli kreditlər göstəricisinə cəmi 1 faiz təsir edib.

Məlum fərmandan öncə problemli kreditlərin ümumi həcmi təqribən 1.8 milyard manat idi. Büdcədən ayrılan külli miqdarda vəsaitə və dəstəyə baxmayaraq, iyulun sonuna olan göstəriciyə görə, banklardakı problemli kreditlərin həcmi yenidən artaraq, 1.5 milyard manata yaxınlaşdığını görünür. Və göründüyü kimi, bu proses getdikcə də sürətlənir. Bu gedişlə çox yaxın gələcəkdə problemli kreditlərin həcmi yenidən 2 milyard manata yaxınlaşacaq və bu həddi də keçəcək.

İyun ayının əvvəlində isə Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı məlumatda qeyd olunub ki, Prezidenti 28 fevral 2019-cu il tarixli Fərmanının icrası uğurla başa çatdırılıb və Maliyyə Nazirliyi tərəfindən ayrılan 600,1 milyon manat məbləğində vəsaitin 288,8 milyon manatı 562 min nəfər fiziki şəxsin ödəniş müddəti keçmiş kreditlərinə yönəldilib.

PİA.az bank sektorunda yaranmış yeni təhlükəli vəziyyəti bank üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənovla müzakirə edib.

Əkrəm Həsənov: “İndi problemli kreditlərin həcmi və miqyası tam çılpaqlığı ilə üzə çıxmaqdadır”.

PİA.az Azərbaycanda bank sektronun son vəziyyəti ilə bağlı Əkrəm Həsənovla olan müsahibəni oxucularının diqqətinə təqdim edir.

- Əkrəm müəllim, yayılan məlumatlara görə Azərbaycanda problemli kreditlər yenidən böhran həddə çatır. Ümumiyyətlə Azərbaycan bank sektorunda nə baş verir? Problemli kreditlərin həlli üçün dövlətin banklara ödədiyi bir milyard niyə bu problemi həll edə bilmədi?

- Yayılan xəbərlərə bağlı onu deyə bilərəm ki, əslində problemli kreditlər artmayıb. Yəni problem yaşanan kreditlər bir neçə il müddətində verilən kreditlər deyil. Həqiqət odur ki, bankla problemli kreditlərin həcmini və miqyasını gizlədirdi və bu miqyası qismən açıqlayırdılar. indi isə banklar yavaş-yavaş problemli kreditlərin əsl həcmini və miqyasını etiraf etməyə məcbur olurlar.

Beynəlxalq Reytinq Agentlikləri də dəfələrlə deyib ki, Azərbaycanda son illərdə banklar problemli kreditlərin həcmini gizlədirdilər və olduğu kimi demirdilər. Təbii ki, illər keçir, məhkəmə prosesləri artır, borclar da qaytarılmır. Buna görə də banklar problemli kreditlərin real həcmini etiraf etmək məcburiyyətində qalıblar. Azərbayacanda problemli kreditlərin həcmi artıb deyiləndə bunu etiraf kimi qəbul etmək lazımdır.

- Azərbaycanda hələ də demək olar ki, dünyada ən yüksək bank faizi mövcuddur və özəl bankların iqtisadiyyatın kreditləşməsində payları çox azdır. Özəl banklar daha çox alış-veriş kreditləri verirlər. Bu durumda prezidentin bank sektorunun sağlamlaşdırılması üçün yeni vəsaitlərin ayrılmasını təmin etmək naminə bank sərmayədarları özləri problemli kreditlərin sayını artıra bilərlərmi? Belə bir sui-istifadə halına ehtimal verirsiniz?

- Azərbaycanda kredit faizlərinin yüksək olması daha çox banklarla bağlı olmayan məsələdir. Əlbəttə, faiz məsələsində bankların da acgözlüyü var. Amma burada əsas problem məhkəmə-hüquq sitemi ilə bağlıdır ki, biznes sahəsində problemli kreditlərin qaytarılması banklara daha baha-başa gəlir. Yəni orada həm rəsmi, həm də qeyri-rəsmi xərclər var. Bütün problemlər də kompleks şəklində həll olunmalıdır.

Əkrəm Həsənov: “Harda rast gəlinsə ki, böyük məbləğdə kredit verilib, faizi azdır, girovu aşağıdır və yaxud yoxdur, nəhayət kredit uzun müddətə verilibsə, bu kredit bilə-bilə verilib ki, qayıtmasın”.

Prezidentin fərmanı da sırf istehlak kreditlərinə aid idi. Məlumdur ki, problemli kreditlərin əsas hissəsi istehlak kreditlərinə aid deyildi. Onu da qeyd edim ki, sayca vətəndaşların problemli krediti daha çox idi, amma məbləğ baxımından sahibkarların, biznesmenlərin problemli kreditləri daha çox idi. Burada məbləğlər milyonlarla, on milyonlarla ölçülür. Ona görə də problemli kreditlərin əksəriyyət hissəsi sunidir. Yəni həmin kreditləri bank sahiblərinin özləri yaradıblar.

- Bank sektorunda yenidən böhran vəziyyətinin yaranmasına görə Mərkəzi Bankın və Maliyyə Palatasının məsuliyyəti barədə nə deyə bilərsiniz?

- Təbii ki, burada həm Mərkəzi Bankın, həm Palatanın günahı var. Çünki Mərkəzi Bank vaxtındam bu problemlərə müdaxilə etməyib, Palata da vaxtında bu işi düzgün qura bilməyib.

Dəfələrlə demişəm, bir daha qeyd edirəm ki, problemli kreditlərin əksəriyyəti bank sahiblərinin özlərinin öz şirkətlərinə, yaxınlarına və yaxud da rüşvət müqabilində verdiyi güzəştli kreditlərdir. Onları müəyyən etmək üçün Palata və hüquq mühafizə orqanları belə kreditləri aşkar etməlidir. Bunu aşkar etmək elə də çətin deyil. Yəni harda rast gəlinsə ki, böyük məbləğdə kredit verilib, faizi azdır, girovu aşağıdır və yaxud yoxdur, nəhayət kredit uzun müddətə verilibsə, bu kredit bilə-bilə verilib ki, qayıtmasın.
Bu gün Palata bir iş görmür ki, həmin kreditləri aşkarlasın və hüquq-mühafizə orqanlarının köməyi ilə bu kreditlərin qaytarılmasına nail olunsun. Buna görə də problem arta-arta gedir. Dəfələrlə demişdim ki, problemli kreditlərdə sadəcə olaraq durğunluqdur. Palata da problemli kreditləri ört-basdır etməyə çalışırdı. İndi isə problemli kreditlərin həcmi tam çılpaqlığı ilə üzə çıxmaqdadır.
Geri qayıt