"Kompensasiya ödənişini almaq üçün 50 manat pul istəyiblər..." - GİLEY

"Kompensasiya ödənişini almaq üçün 50 manat pul istəyiblər..." - GİLEY “MuğanBank”ın kompensasiyaların ödənilməsi prosesindəki fəaliyyətindən narazılıq edən müştərilərin dediklərinə inansaq, belə nəticə çıxır ki, bank hətta ölkə başçısının sərəncamını da məhz özü istədiyi, özünə sərf edən formada həyata keçirir.

Əslində, sözügedən sərəncamda və Maliyyə Bazarlarına Nəzarət Palatasının hesablamalarında, eləcə də rəsmi Fimsa.az saytında vətəndaşlara hesablanan kompensasiya, güzəşt məbləği və qalıq borca aid hər şey açıq-aydın göstərilsə də, bankın müştəriləri bildirirlər ki, “Muğanbank”da onlara kompensasiya ödənişində əngəllər yaradılır.

@yenilik.az -a müraciət edən “Muğanbank”ın müştərisi Hüseynov Dəyanət İnqilab oğlu bildirir ki, Prezidentin sərəncamından sonra ona 301 AZN kompensasiya hesablandığı halda, “Muğanbank” Sumqayıt filialında ona kompensasiya ödənişini almaq üçün 50 AZN pul istəyiblər. Səbəbilə maraqlandıqda deyilib ki, Bankın baş ofisində Əhməd müəllimlikdir onunla danışın.

Yenilik.az əməkdaşı Əhməd adlı şəxslə danışdıqda bildirilib ki, oıa bilər müştərinin borcu var, halbuki Fimsa.az saytında bütün borclar çıxılmaqla 301 AZN ödəniş olunacağı göstərilib. Sumqayıt filialının müdiri şikayətçini qəbul etməyib və bildirilib ki, ancaq Baş ofisə getsə orda məsələ həll olunacaq.

Bu gün səhər Baş ofisə gedən şikayətçini yenə də o otaqdan bu otağa göndərə-göndərə axırda bankın rəhbərinin adına bir ərizə yazdırıb deyiblər ki, 1 həftəyə ərizəyə cavab veriləcək. Halbuki Prezidentin sərəncamı var və həmin sərəncam şərtsiz icra olunmalıdır.

Vətəndaşın şikayətini araşdırmaq üçün dəfələrlə banka zəng etsək də nə 933 Qaynar xəttinə, nə də 012 564 35 11 nömrəsinə cavab verən olmadı. “Muğanbank”dan məsələ ilə bağlı mövqe bildirən olarsa dərc edərik.

Lakin bu “MuğanBank”dan ilk şikayət deyil. Bu günlərdə Bankın Şəmkir filialından da oxşar bir şikayət gündəmi zəbt etmişdi. “Muğanbank”ın Şəmkir filialından müştərilərə kompensasiya ödənişi zamanı problemlər yaradılaraq pul tələb edildiyi iddia edilirdi. Bu barədə “Qafqazinfo”ya şikayət edilib.

Vətəndaş Qəhrəmanov Rövşən bildirib ki, 2015- ci ildə “Muğanbank”ın Şəmkir filialından Hüseynova Validə Əli qızının adına dollar krediti götürüb: “Kredit bağlanıb. Bizə 913 manat kompensasiya düşür. Bank bizdən 240 manat pul istəyir. Deyir ki, bu pulu gətirməsəniz, kartınızı ala bilməyəcəksiniz. İşçilər deyirlər ki, bizə guya güzəşt edilib. Hansı sənədlə güzəşt edilib? Bunu sübutla ortaya qoyan yoxdur. Halbuki biz artıqlamasıyla kreditimizi bağlamışıq. Bu cür problemi tək bizə yox, müştərilərin çoxuna yaşadırlar”.

Digər müştəri Hacıyeva Yavər Seymur qızı isə qeyd edib ki, o da 2015- ci ildə 2000 dollar kredit götürüb: “Krediti ödəyib bitirmişik. Hazırda bizə 1600 manat kompensasiya düşür. Bizdən də 516 manat pul tələb edirlər”.

“Qafqazinfo” məsələ ilə bağlı “Muğanbank”la əlaqə saxlayıb. Bankdan bildirilib ki, heç kimdən rüşvət istənilə bilməz. Adları çəkilən şəxslər və digərləri bankın filial müdirinə yaxınlaşa bilərlər. Kompensasiya hesablanmış müştərilər kartlarını ala bilərlər.
Geri qayıt