Tətil günlərində valyutanı necə dəyişək? - Palatadan açıqlama

Tətil günlərində valyutanı necə dəyişək? - Palatadan açıqlama Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) istehlakçıların Novruz bayramı ərəfəsində və bayram günlərində bank xidmətlərinə rahat çıxışının təmin edilməsi üçün tədbirlər həyata keçirəcək.

Qurumun mətbuat xidmətindən daxil olan xəbərə görə, Palatanın tövsiyyəsi ilə Novruz bayramı ilə əlaqədar olacaq 9 qeyri-iş günlərində 30-a yaxın bankın 100-dən çox filial və şöbəsi gücləndirilmiş iş rejimində çalışacaq.

Novruz bayrami ilə əlaqədar olaraq, ölkəmizə əhəmiyyətli turist axının olacağını nəzərə alaraq onların valyuta mübadiləsi əməliyyatlarını rahat həyata keçirə bilmələri üçün Palata paytaxtda və əsas turizm bölgələrində yerləşən bankların filial və şöbələrinə gücləndirilmiş iş rejimində çalışmağı tövsiyə edib. Belə ki, 7 bankın Bakı və Qəbələdə yerləşən 16 filial və şöbəsi 24/7 rejimində fəaliyyət göstərəcək.

Bundan əlavə, bankların Sumqayıt, Xırdalan, Gəncə, Lənkəran, Astara, Şəki, Xaçmaz və Naxçıvan şəhərlərində yerləşən filial və şöbələri müştərilərə xidmət göstərəcək. Bəzi turizm və ticarət obyektlərində valyuta mübadiləsi avtomatları quraşdırılıb.

Həmçinin, xüsusi broşur dərc edilərək Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə turizm şirkətlərinə və mehmanxalara paylanılacaq.

O cümlədən, bayram günlərində Maliyyə Bazarlarına Nəzarət Palatasının işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək.

18-26 mart tarixlərində çalışacaq bank filial və şöbələrinin siyahısı və ünvanları ilə www.fimsa.az saytında tanış olmaq olar.
Geri qayıt