SOCAR alman şirkətinin səhmlərini alır

SOCAR alman şirkətinin səhmlərini alır “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) Almaniyanın nəhəng “EWE AG” şirkətin törəməsi “EWE Turkey”in səhmlərini almaq üçün təklif verib.

Bu barədə STEAŞ-ın baş direktoru Zaur Qəhrəmanov deyib. O, bildirib ki, şirkətin Türkiyədəki investisiya zəncirini neft-kimya, emal və təbii qaz kimi şaxələndirdiklərini və bu zənciri başa çatdırmaq üçün “EWE Turkey”in səhmlərini almaqla bağlı təklif verilib: “Təbii qazın topdansatışı bizim Türkiyədəki investisiya zəncirimizi tamamlayacaq sahələrdən biri olacaq. “EWE Turkey”in illik 1 milyard kubmetrlik təbii qazın topdansatışını həyata keçirmək tutumu var, lakin bu həcm bizim üçün kafi deyil.

Bizim “Petkim” və “Star” neft emalı zavodunda təxminən 3,5-4 milyard kubmetrlik istehlakımız olacaq. Bu da Türkiyənin ümumi qaz istehlakının 7-8 faizinə bərabərdir. Ona görə də hazırkı prioritetimiz təbii qazın paylanmasını öz işlərimizə inteqrasiya etmək, 2019-cu ildə isə bu inteqrasiyası reallaşdırmaqdır.

Yanacağın topdansatışı üzrə də şirkət almaq planımız var, lakin bu, hazırkı prioritetimiz deyil. Satışda olan şirkətlər var, ancaq bizə 150-200 yanacaqdoldurma məntəqəsi olan şirkət kifayət etmir. Buna görə də biz böyük şirkət alacağıq və hələ ki vaxtımız var. “Star” neft emalı zavodu 2019-cu ildə tam gücü ilə işləyəcək. Hesab edirəm ki, biz də 2020-ci ildə yanacağın pərakəndə satışına daha çox diqqəti yönəldəcəyik”.
Geri qayıt