Yeni vergi növü narazılıqlara səbəb olub: - Bu, ikiqat vergiyə cəlb olunma deməkdir

Yeni vergi növü narazılıqlara səbəb olub: - Bu, ikiqat vergiyə cəlb olunma deməkdir "Apardığımız təhlillər göstərir ki, Azərbaycanda vergi dərəcələrinin optimallaşdırılmasına ehtiyac var və optimal vergi dərəcələrinin tətbiqi olduqca vacibdir. Bu konteksdən kiçik və orta sahibkarlığa tətbiq edilən vergi dərəcələrinin optimallaşdırılması mühümdür".

Bunu Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib. O, bu dövriyyənin artırılmasını təklif edib: "Kiçik sahibkarlıq sadələşdirilmiş vergi subyektləridir və söhbət dövriyyəsi illik 200 min manatadək olan, Bakıda 4, rayonlarda isə 2 faiz vergi ödəyən sahibkarlardan gedir. Və mövcud dövriyyə uzun müddətdir saxlanılır. Hətta devalvasiyalara baxmayaraq, manat ifadəsində olan bu dövriyyədə dəyişiklik olmayıb".

"Dövriyyənin artırılmasına ehtiyac var ki, daha çox kiçik müəssisəni sadələşdirilmiş vergi subyekti halına gətirmək mümkün olsun. Ona görə də sadələşdirilmiş vergi dövriyyəsinin 200 min manatdan illik 400 min manata çatdırılması həyata keçirilməlidir. Nəticə etibarı ilə bu, daha çox sahibkarların sadələşdirilmiş vergidən istifadə etməsinə imkan verəcək", — ekspert deyib.

Onun fikrincə, sadələşdirilmiş vergi subyektləri kiçik vergi ödəyiciləridir: "Ona görə də Bakıda onlar üçün vergi dərəcələri, rayonlarda olduğu kimi 2 faiz müəyyənləşdirilməlidir. Bu, böyük vergi dərəcəsi kimi görünməyə bilər. Amma nəzərə almaq lazımdır ki, 2017-ci ildən başlayaraq 1 faiz nağdlaşdırma vergisi var və nəticədə bu, 4 faiz deyil, 5 faizdir".

İqtisadçının qənaətincə, nağdlaşdırma vergisini də aradan qaldırmağa ehtiyac var: "Çünki bu, verginin fəlsəfəsinə ziddir. Sadələşdirilmiş vergi subyektləri 4 faiz vergi ödədikdən sonra xalis gəlirlərinə görə yenidən 1 faiz vergi ödəyirlər. Həm Vergi Məcəlləsi, həm də bütövlükdə vergi fəlsəfəsi xalis gəlirə yenidən verginin tətbiq edilməsini qadağan edir. Bu, ikiqat vergiyə cəlb olunma deməkdir. Çox təəssüf ki, Azərbaycanda bu, 2017-ci ildən tətbiq edilir".

Ekspert düşünür ki, məhz buna görə də 1 faizlik nağdlaşdırma vergisinin və ya faizinin ləğv edilməsinə ehtiyac var: "Sadələşdirilmiş vergi subyektləri hər hansı faiz ödəmədən öz vəsaitlərini nağdlaşdırma imkanlarına malik olmalıdırlar. Bu, kiçik sahibkarların fəaliyyətinin genişləndirilməsi, daha az vergi ödəməsi və vergi yükünün azaldılması baxımından vacibdir".

"Sadələşdirilmiş vergi dövriyyəsinin 2 dəfə artırılması, nağdlaşdırma ilə bağlı verginin ləğvi, eyni zamanda sadələşdirilmiş vergi dərəcələrinin azaldılmasına ehtiyac var. Bunlar Vergi Məcəlləsində öz əksini taparsa, nəticə etibarı ilə kiçik və orta sahibkarların vergi yükünün azaldılması və onların daha az vergi ödəməklə fəaliyyətinin genişləndirilməsinə nail olmaq mümkün olar", — V.Bayramov deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov də Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, son illərdə Azərbaycanın vergi inzibatçılığı və vergi siyasətində problemlər olduğuna görə bu sahədə çox ciddi islahatlara ehtiyac var. Onun sözlərinə görə, burada söhbət bir tərəfdən vergi yükünün azaldılmasından gedir.

"Digər tərəfdən isə vergi yükünün strukturunda ciddi dəyişikliyə nail olmaz lazımdır. Çox təəssüf olsun ki, Azərbaycanda vergi yükünün strukturunda problemlər var. Yəni hüquqi şəxslərin, biznesin vergi yükü tədricən azaldılmalı və vergidə ciddi diferensiasiyaya nail olmaq lazımdır. Yəni proqressiv vergi siyasəti həyata keçirilməlidir", — professor əlavə edib.

E.Məmmədovun fikrincə, bu məsələdə dünya praktikasından istifadə olunmalıdır: "Söhbət ondan gedir ki, yüksək gəlirləri olan fiziki şəxslərə tətbiq olunan gəlir vergisinin göstəricisi, rəqəmləri xeyli dərəcədə artırılmalıdır. Burada deyilə bilər ki, bu addım gəlirlərin gizlədilməsinə, ikili mühasibatlığın aparılmasına səbəb ola bilər. Amma bununla mübarizədə dünya təcrübəsində çox effektiv üsullar var. Bunun hesabına kiçik və orta sahibkarlıqda vergi yükünün azaldılmasına nail ola bilərik".

"Bunların tətbiqi ilə vergi yükünün strukturunda ciddi dəyişikliyə, vergi yükünün hüquqi şəxslərdən daha çox fiziki şəxslərə tərəf yönəlməsinə və real sektorun, biznesin inkişafına nail ola bilərik", — o bildirib.

Professor hesab edir ki, bununla yanaşı, vergilərin növləri ilə bağlı da ciddi dəyişikliyə getmək lazımdır: "Tədricən əlavə dəyər vergisi (ƏDV) kimi iqtisadi fəallığın inkişafına mane olan vergi mexanizmlərindən uzaqlaşmalıyıq. Və daha mütərəqqi vergi siyasətinin həyata keçirilməsinə nail olmalıyıq. Çünki ƏDV-nin strukturuna və mahiyyətinə baxsaq, bu vergi növü işgüzar fəallığın inkişaf etdirilməsinə ciddi şəkildə mane olur".

"Digər tərəfdən ƏDV elə bir vergi növüdür ki, onun içərisində inflyasiya öz əksini tapır. Yəni ƏDV-nin tətbiqi inflyasiya gözləntilərinin və real inflyasiyanın da artmasına birbaşa xidmət edir. Ona görə də daha mütərəqqi vergi siyasətinin həyata keçirilməsi ən zəruri məsələlərdən biridir", — professor vurğulayıb.
Geri qayıt