Dollar bahalaşır: AMB-nin sentyabradək qərarı… - TƏHLİL

Dollar bahalaşır: AMB-nin sentyabradək qərarı… - TƏHLİL Son günlər ABŞ dolları dünya bazarında aparıcı valyutalara, o cümlədən avroya nisbətən möhkəmlənməkdədir.

Bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert bildirib ki, bir müddət öncə 1 avro almaq üçün 1.24 ABŞ pulu ödəmək lazım idisə, indi Avropanın vahid valyutasının məzənnəsi 1.20-dən də aşağı düşüb:

“ABŞ-da elan edilən iqtisadi göstəricilər fonunda Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsi ilə bağlı əvvəlki artım qərarları, eləcə də Avropa Mərkəzi Bankının uçot dərəcəsini dəyişməz saxlaması və sentyabradək aylıq 30 milyard avroluq qiymətli kağızlar alması (Quantitative easing-QE) prosesinin davam etməsi də qlobal valyuta bazarına təsirsiz ötüşmür. Avropa Mərkəzi Bank pul siyasəti faizini 0%, depozit faizini mənfi 0.40%-də, marginal borcvermə faizini isə 0.25%-də saxlayıb. Brüsseldən və Vaşinqtondan yeni xüsusi bəyanatlar gəlməyəcəyi halda qlobal bazarda yaxın günlərdə stabilləşmə əldə ediləcəyi gözlənilir”.

İqtisadçının sözlərinə görə, dolların möhkəmlənməsi neftin dünya bazar qiymətinə də təsirsiz ötüşmür:

“Hələlik neftin qiymətində kəskin azalmalar müşahidə edilməsə də, “qara qızıl”ın mövqeyi müəyyən qədər yumşalıb. Bununla belə, dolların möhkəm kursunu qoruyub saxlayacağı və Yaxın Şərqdə siyasi stabilliyin əldə ediləcəyi halda neftin qiymətlərində azalmaların olacağı gözlənilir. Qlobal bazardakı mövcud tələb və təklif tarazlığı fonunda neftin qiymətinin yenidən azalması ehtimalı yüksəkdir. Neftin qiymətini hələlik daha çox siyasi səbəblər və xüsusən də Suriya və İran ətrafında baş verənlər yüksək saxlayır”.
Geri qayıt