Paytaxt mağzalarında bahalaşma rüzgarı - Hara gedirik?

Paytaxt mağzalarında bahalaşma rüzgarı - Hara gedirik? Azərbaycanda son bir neçə gündə müxtəlif ərzaq mallarında bahalaşma müşahidə olunur. Ərzaq məhsullarında qiymətlərin qalxması əhali arasında narazılıqla qarşılanıb. Redaksiyamıza son günlər bununla bağlı çoxsaylı şikayətlər gəlir. Bu şikayətlərdə əsasən çay, yağ, toyuq və yuyucu tozlarının qiymətlərinin artdığı bildirilir. Ekspertlər may ayından etibarən ərzaq məhsullarında növbəti bahalaşmanın olacağını da istisna etmirlər. Əslində qiymət artımının olacağı ilə bağlı proqnozlar hələ prezident seçkilərindən öncə də verilirdi. Belə hesab edilir ki, həmin proqnozlar özünün doğrultdu.

Cebhe.info əməkdaşı paytaxt mağazalarına baş çəkərək hazırki vəziyyətlə maraqlanıb, qiymət artımının səbəblərini öyrənməyə çalışıb.

Üz tutduğumuz market sahibləri adlarını və çalışdıqları obyektlərinin adlarının mətbuatda hallanmasını istəməsələr də bahalaşmanın olduğunu istisna etməyiblər. Onların sözlərinə görə, bütün məhsulların qiymətində ən azı 12-15 qəpik artım var. Belə ki, ən çox bahalaşma “Azərsun holdinq”-in istehsal etdiyi məhsullarda özünü göstərir. Bu firmanın məhsulları 15-25 qəpik bahalaşıb. Bahalaşma əsasən kərə və duru yağ, eləcə də çay məhsullarında baş verib. Market sahibləri yaxın günlərdə daha bir bahalaşmanın olacağını da bildirdilər. Bahalaşmaya hər hansı bir səbəb göstərməsələr də, onlara verilən məlumatın bu qədərinə malik olduğunu deyiblər. Müşahidələrimiz zamanı eyni məhsulun ayrı-ayrı marketlərdə fərqli qiymətlərlə təklif olunduğunu da gördük. Ən maraqlısı isə odur ki, qiymətlər arasında fərq nəzərəçarpacaq dərəcədə hiss olunur. Məsələn, 4 ayrı-ayrı marketdə 1 litrlik “Final” qarğıdalı yağı 3.72, 3.80, 4.00 və 4.20-yə satılır. Digər məhsullar da bu şəkildə bazara çıxarılır. Onu da qeyd edək ki, un, düyü, yumurta, makaron, şəkərin qiymətlərində hər hansı dəyişiklik baş verməyib.

Hazırki vaxta görə meyvə və tərəvəzin qiymətləri isə qismən bahadır.
Geri qayıt